13 Mart 2022 00:43
3948
Mədəniyyət
A- A+

Şuşanın gözəlliyinə gözəllik gətirən flora və faunası

 

Şuşanın təbiəti, əsrarəngiz mənzərəsi, işğalçı Ermənistan silahlı birləşmələri tərəfindən 30 ilə yaxın müddətdə şəhərə və şəhərətrafı yaşıllıqlara, meşəliklərə nə qədər ziyan vursalar da, yenə də möhtəşəmliyi ilə insanları heyran edir. Şuşanın dağları, bu yerlərin gözəlliyinə rəng qatan flora və faunası həyat mənbəyidir.

Təbiətin yaşıl “ciyəri” adlandırılan bu meşələr, yaşıllıqlar quşların sığınacaq yeri, insanların mənalı istirahət guşəsi, qələm və fırça ustalarının ilham mənbəyidir. Ərazisinin 20 faizə qədəri meşə zolaqları ilə örtülən Şuşanın flora və faunası olduqca zəngindir. Sanki ana təbiət bu torpaqlardan heç nəyini əsirgəməyib, yeraltı sərvətləri tükənməz xəzinə olduğu kimi, yerüstü sərvətləri də canlı və zəngin təbiət muzeyidir.

Bu ərazidə ən yüksək zirvə 2725 metr hündürlüyündə olan Qarabağ dağ silsiləsinə aid Böyük Kirs dağıdır. Keçəldağ aşırımı da Şuşa rayonunun inzibati ərazisinə daxildir. Burada müxtəlif növ bitki və ağaclar, Turşsu və Şırlan kimi keyfiyyətli mineral su mənbələri var. Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir. Burada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16-19 dərəcə, illik yağıntı isə 700-800 mm olur. Rayon ərazisindən məşhur Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür.

Şuşanın şimal-şərqində Qarabağ dağ silsiləsinin yamacında yerləşən Çaxmaq meşəsi də bu diyarın nadir sərvətlərindəndir. Kirs, Şırlan, Armudlu, Əylis, Çınqıllı, Quşçular, Malıbəyli meşələri... Zarıslı və Xəlifəli çayları boyu uzanıb gedən, dağların ətəklərinə qədər geniş bir sahəni əhatə edən meşələr bu yerlərin əvəzsiz bəzəyi kimi göz oxşayır.

Şuşalı tədqiqatçı-jurnalist Vasif Quliyev bildirir ki, bitki örtüyünü bir-birindən fərqləndirən və torpaqları, əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəmən olan çətir-çətir Şuşa meşələrində təbii halda bitən söyüd, qarağac, gərməşov, dəmirağacı, gilas, qarellə, zirinc, saqqızağacı təşkil etsə də, orada tut, qoz, fındıq ağaclarına, nar, qarağat, böyürtkən, moruq kollarına da rast gəlmək olar. Bu meşələrdə dadlı meyvəsi olan alma, xüsusi qulluq tələb etməyən sulu və çox şirin armud tez boy atır. Bar gətirən əncir, zoğal, xoşagəlməz qoxusu olan yemişan, soyuğa davamlı qovaq, havanı zəhərli bakteriyalardan təmizləyən ardıc, qara rəngə çalan şam, ya küknar, süddən səkkiz dəfə qidalı, “gələcəyin çörəyi” adlandırılan qırmızımtıl fıstıq, gövdəsi düz və sarıya çalan çətirli bəzək ağacı göyrüş, palıd, vələs, çinar, qaraçöhrə, sərv, cökə, ağcaqayın, qarağat və digər ağaclarla zəngindir. Bu ərazidə meyvə ağaclarından başqa müalicə, qida əhəmiyyətli və vitaminlərlə zəngin göyəm, həmərsin, itburnu, qarağat, moruq və giləmeyvələr də geniş yayılıb. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160-1210 metr yüksəklikdə, yamacın şimal baxarındakı meşəlikdə bir-birindən təxminən 100 metrə qədər aralı yerləşən 30-a qədər şabalıd ağacları var. Həmin ağaclar palıd-vələs meşələrinin tərkibinə daxildir. Bu ərazidə müxtəlif kol cinsləri, fındıq, alça, göyəm, əzgil, itburnu, ağcaqayın, eyni zamanda Şərq fıstığı, Qafqaz vələsi, İberiya palıdı da bitir və üstünlük təşkil edir. Dağların ətəklərində Şuşa vələsi, Qafqaz qış səhləbi və xarıbülbülə rast gəlmək olar.

Bu baxımdan nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da qədim Şuşa qeyri-adi mənzərəsi, yaşıllıqları, səfalı bulaqları, istirahət guşələri, habelə flora və faunası ilə çox məşhurdur. Bunların içərisində orijinallığı ilə seçilən bir gül var. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarıbülbül adlanır. Qarabağın simvoluna çevrilən bu gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb. Bölgədə yetişən bu kimi bitki növlərindən 20-si Azərbaycan areallı endemik bitkilərdir. Bu endemik bitkilərin 7 növünə - Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəninə yalnız bu ərazidə rast gəlinir. Xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğala qədərki dövrlərdə Qarabağın rəmzi olan xarıbülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu.

Şuşa yaşıllığı, flora və faunasının zənginliyi, havasının təmizliyi, saflığı etibarılə kurort şəhəridir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, əfsanəvi Cıdır düzü yerli camaatın və oraya təşrif buyuranların ən sevimli yeri idi. Şuşanın 40 kilometrliyində - Laçın yolunun üstündə, yaşıllıqlar qoynunda yerləşən Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Sol tərəfindən Daşaltı çayı axan bu ərazilər yaşıllığı, flora və faunası ilə istirahətə və müalicəyə gələn insanlarda xoş duyğular yaradırdı. Landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edirdi. Bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycan Respublikasının Qırmızı kitablarına salınıb.

Görünən odur ki, təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə qırılıb aparılıb. Meşə ilə örtülü sahələrin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və məlumata görə, qiymətli meşələrin əksəriyyəti erməni vandalları tərəfindən məhv edilib. Şuşa da daxil olmaqla, işğaldan azad edilmiş Qarabağ ərazisində Qırmızı kitaba düşən 120-dək flora və fauna növündən məlumat yoxdur.

İşğaldan azad olunmuş ərazilərdə yaxın zamanlarda aidiyyəti qurumlar genişmiqyaslı monitorinqlər aparacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Milli Ordumuzun şücaəti sayəsində ötən ilin noyabrında işğaldan azad edilən bölgələrimizdə, o cümlədən qədim Şuşada sürətlə aparılan yenidənqurma, quruculuq və bərpa işləri sırasında Şuşanın yaşıllıqları, flora və faunası da gündəmdədir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video