Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
"Əsrin müqaviləsi" Azərbaycanın müasir müstəqillik tarixinin ən mühüm hadisələrindən biridir
Müasir Azərbaycan tarixinin ən önəmli hadisələrindən olan "Əsrin müqaviləsi"nin imzalanmasından otuz il ötür. 30 illik zaman kəsiyində Azərbaycanın əldə etdiyi tarixi uğurlar bu beynəlxalq müqavilənin əhəmiyyətini bir daha dəyərləndirməyi zəruri edir.
"Əsrin müqaviləsi"nə siyasi, geosiyasi və iqtisadi aspektdən yanaşmaq lazımdır. 1990-cı illərin əvvəlləri Azərbaycanın siyasi həyatı təlatümlər və təbəddülatlar dövrü idi. Xaos, anarxiya burulğanında boğulan respublikamız parçalanma, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız o zaman müdrik qərar qəbul edərək ölkəni bu təhlükədən xilas etmək üçün Liderə - Heydər Əliyevə üz tutdu. Xalq öz Xilaskarını təkidlə Naxçıvandan Bakıya dəvət etdi və demokratik yolla hakimiyyətə gətirdi.
Həmin dönəmdən etibarən Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənməyə başladı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaraq, ölkə qanunvericiliyində sərmayə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Bu məsələlərdə Ulu Öndər Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı. Ümummilli Lider Heydər Əliyevə olan inam və etimad "Əsrin müqaviləsi"nin bağlanmasında həlledici amilə çevrildi. Belə ki, keçmiş sovetlər birliyinin idarə edilməsində iştirakı zamanı şəxsi keyfiyyətləri ilə seçilməsi, qətiyyəti, işgüzarlığı, ən əsası isə söylədiyi hər sözünün ağası olması onu ən vacib keyfiyyəti kimi başqalarından fərqləndirmiş və dünyanın siyasi liderləri arasında yüksək nüfuz sahibinə çevirmişdi.
Məhz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi yeni epoxanın əsasını qoydu. Bu epoxanın adı Heydər Əliyev epoxası idi. Azərbaycanın siyasi həyatının yeni dövrü məhz müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsini diktə edirdi. Dünyanın super güclərinin təmsil olunduğu neft şirkətləri ilə danışıqlar da bu yeni dövrdə baş vermişdi.
Neft şirkətləri ilə danışıqlar 1994-cü ilin martında Bakıda başladı, sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi isə ABŞ-nin Hyuston şəhərində keçirildi. Hyustonda 1994-cü il iyulun 21-dən sentyabrın 4-dək 45 gün ərzində aparılan danışıqlarda kəskin dramatik məqamlar da az olmamışdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan nümayəndə heyəti qarşısında qoyduğu vəzifənin təmin olunması heç də asan məsələlər deyildi.
İlham Əliyev töhfəsi
Danışıqlarda iştirak etmiş korifey neft mütəxəssisi mərhum Xoşbəxt Yusifzadə bu barədə deyirdi: "Danışıqlar ağır gedirdi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik. Bir dəfə qarşı tərəf şərt qoydu ki, Azərbaycan Rusiya ilə danışıb Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsinizmi bu nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ Prezident Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Amerikada Hyuston danışıqları dayandırılsaydı, biz yeddi-səkkiz il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə Ulu Öndərimizə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu, orada çox faydalı görüşlər keçirib, məsələni yoluna qoydu.
Biz Hyustonda olanda Mehriban xanım da bizimlə idi. Bir yerdə nahar edirdik. Bizə məsləhət verirdi, bunu belə edin, bunu elə edin, buna belə baxın. Ən vacibi isə o idi ki, biz gedəndə arxamızca su atırdı ki, işimiz uğurlu olsun".
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" gerçəkləşdi. Müqavilənin imzalanmasında Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 13 böyük neft şirkəti - ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta iştirak etmişdir. Bununla da Azərbaycanın yeni neft strategiyası və doktrinasının əsası qoyuldu.
"Əsrin müqaviləsi"ni imzalayan dövlətlərdən 3-ü - Rusiya, ABŞ və Böyük Britaniya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri idi. Müharibə şəraitində olan bir dövlət üçün bu, çox vacib amil idi. Artıq bu müqavilədən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi regional deyil, qlobal bir məsələyə çevrildi. Qafqazın lider dövləti olan Azərbaycanın regionda həlledici söz sahibi olması, ümumqafqazın inkişaf perspektivlərinin məhz Azərbaycandan asılı olması müqavilənin regional və geosiyasi leytmotivinə çevrildi.
Enerji təhlükəsizliyi və geosiyasi sabitliyin təmin olunması "Əsrin müqaviləsi" kontekstində
Heydər Əliyev epoxası ilə başlayan və Ümummilli Lider tərəfindən "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" şüarı ilə həyata keçirilən iqtisadi siyasət yeni dövrün gerçəkliklərini özündə ehtiva edirdi. Bu iqtisadi siyasətin mərkəzində məhz neft amili dururdu. "Əsrin müqaviləsi"nin baş tutmamasında maraqlı olan qüvvələr həmin ərəfədə Azərbaycanda siyasi qətllər və terrorlar həyata keçirdilər. Lakin Heydər Əliyevi terror aktları ilə Azərbaycanın taleyüklü bu layihəsini həyata keçirməkdən çəkindirə bilmədilər. Bu müqavilənin Azərbaycanın gələcək iqtisadi strategiyasının müəyyən edilməsində nə qədər mühüm rol oynayacağını müəyyənləşdirən böyük siyasi xadim Heydər Əliyev bütün təhdidlərə sinə gərərək, öz prinsipial mövqeyindən geri çəkilmədi və layihəni gerçəkləşdirməyə nail oldu.
Dünya siyasi liderləri içərisində böyük nüfuzu olan Ümummilli Lider Heydər Əliyev vaxtilə SSRİ-ni idarə edən şəxslərdən biri kimi dünyanın siyasi mənzərəsini və gerçəkliklərini yaxşı dəyərləndirən siyasətçi idi. Heydər Əliyevin "Əsrin müqaviləsi" vasitəsilə əks qütblərdə dayanmış Qərb və Rusiya ilə münasibətlərdə "qızıl orta"nı müəyyənetmə bacarığı heyranlıqla qarşılanırdı. Təsadüfi deyil ki, Azərbaycanın ən böyük iqtisadi layihəsi olan "Əsrin müqaviləsi" bağlanarkən birinci növbədə Azərbaycanın milli maraqları ön planda olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin milli maraqlar kontekstində və xüsusilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi əsas amil olaraq təməl prinsipə çevrilmişdir.
Burada Türkiyə-Azərbaycan münasibətlərinə də xüsusi diqqət yetirmək lazımdır. 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Heydər Əliyevin Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutmuşdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdi. Göründüyü kimi, Qərblə Rusiya arasında "qızıl orta"nı müəyyənləşdirən Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə yönəlik jestləri milli maraqlar çərçivəsində prinsipial əhəmiyyət daşıyır.
Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu Avropa və Asiya arasında mühüm enerji tranzit ölkəsinə çevirdi. 2006-cı ildə BTC boru kəmərinin istifadəyə verilməsi Azərbaycan neftinin Qərb bazarlarına çatdırılmasını asanlaşdırdı. BTC Xəzər dənizindən neftin Türkiyənin Ceyhan limanına qədər nəql olunmasını təmin etdi, Azərbaycanı regional enerji təhlükəsizliyinin əsas aktoruna çevirdi. Bu boru xətti həm də Azərbaycanı karbohidrogen ehtiyatların ixracı baxımından müstəqil oyunçuya çevirdi.
Neft kapitalından "insan kapitalı"na
Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarından biri məhz neft siyasətinin uğur qazanmasına verdiyi töhfələrdir. Cənab İlham Əliyevin prezidentlik dönəmində isə həm uğurlu daxili və xarici siyasətin davam etdirilməsi, həm də ölkənin müdafiə potensialının artırılması nəticəsində ərazi bütövlüyümüz təmin olundu. Xarici siyasət kursunun düzgün müəyyən edilməsi, Qoşulmama Hərəkatına üzvlüyümüz, pandemiya və digər təbii fəlakətlər zamanı onlarla ölkəyə yardım etməyimiz, ən əsası isə düşmən üzərində qələbənin təmin edilməsi Prezident İlham Əliyevin tarixə qızıl hərflərlə yazdığı səhifələr, həmçinin düzgün neft strategiyasının gətirdiyi siyasi dividendlərdəndir.
"Əsrin müqaviləsi"nin gerçəkləşməsi plan üzrə nəzərdə tutulduğu müddətdə həyata keçməyə başladı. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil edildi. Görülən bütün tədbirlər qeyri-neft sektorunun inkişafına xidmət edirdi.
Azərbaycanın ən böyük kapitalı insan kapitalıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dilindən səsləndirilmiş bu fikir Azərbaycanın dövlət siyasətinin əsas prioritetini təşkil edir. Özünü sosial dövlət elan edən Azərbaycanda həyata keçirilən bütün layihələrin mərkəzində məhz insan amili durur. Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq. Təsadüfi deyil ki, Azərbaycanın dövlət büdcəsinin bir hissəsini neftdən əldə edilən gəlir təşkil edir. Lakin qeyri-neft sektorunun inkişafı dövlətimizin ən vacib iqtisadi prioritetlərindəndir. Neftdən əldə edilən gəlirin qeyri-neft sektorunun inkişafına yönəldilməsi iqtisadiyyatın dinamik inkişafını təmin etməkdədir. Bütün sahələrdə, ilk növbədə informasiya texnologiyaları, innovasiyalar olmaqla, neftdən əldə edilən gəlirlə sərmayə qoyuluşunun şahidi oluruq.
Bir istiqaməti xüsusilə qeyd etməliyik. Bu neft sahəsində çalışan kadrların hazırlanmasına sərmayə qoyuluşu ilə bağlıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında ölkəmizin təhlükəsizliyini təhdid edən hallar sırasında peşəkar insan ehtiyatlarının çatışmazlığı xüsusilə vurğulanmışdır. Konsepsiyaya görə peşəkar milli işçi qüvvəsinin və idarəetmə sektorunun inkişafı üçün zəruri olan bütün səviyyələrdə təlim və tədrisin təmin edilməsinə qadir olan mütərəqqi təhsil sistemi yaradılmalıdır. Əks halda bu, Azərbaycan Respublikasının inkişafına uzaq perspektivdə mənfi təsir göstərə bilər. Bu təhlükənin aradan qaldırılması istiqamətində görülən işlər arasında neft sənayesində milli kadrların hazırlanması da mühüm rol oynayır. Bu sahədə uzun illər fəaliyyət göstərən Azərbaycan Neft Akademiyasının rolunu danmaq olmaz. Lakin bu ali məktəblə bərabər, yeni yaradılmış Ali Neft Məktəbinin də yeni çağırışlara cavab verən müasir milli kadrların hazırlanmasında fəaliyyəti böyükdür.
Mükəmməl enerji siyasəti
Ümumillikdə, qeyri-neft sektorunun inkişafını aşağıdakı kateqoriyalara ayırmaq olar: neft kapitalının insan kapitalına çevrilməsi; təhsilin, mədəniyyətin və idmanın inkişafına yönəlik layihələr; infrastruktur və nəqliyyat daşımaları layihələri.
İqtisadi rentabelliyi və dayanıqlığı baxımından alternativ enerji mənbələri son dövrlər bizim regionda da aktuallıq qazanmaqdadır. Bu enerji növünün qaynaqlarının təbiət olması bu sahənin səciyyəvi xüsusiyyətidir. Ümumiyyətlə, deyə bilərik ki, son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə "yaşıl iqtisadiyyat"ın inkişafında önəmli yer alıb. Xarici şirkətlərlə yeni layihələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. İşğaldan azad edilmiş regionlarımızın bərpasında alternativ enerji mənbələri ilə bağlı məşhur olan "ACWA Power" və "Masdar" şirkətləri ilə 500 milyon dollarlıq müqavilə bağlanması dövlətimizin bu sahənin inkişafında maraqlı olduğunun göstəricisidir. Müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək. Eyni zamanda yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlığını təmin edəcək. Bərpa-olunan enerji ölkəmizdə "yaşıl iqtisadiyyat"ın inkişafına töhfə verəcək. Bu sahənin inkişafını şərtləndirmək üçün Milli Məclisdə bir neçə yeni qanun da qəbul edilib. Ötən yaz sessiyasında "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun qəbul edilib. Heç şübhəsiz ki, bu sahənin inkişaf perspektivləri möhkəm təməllər üzərində qurulmalı və inkişaf etdirilməlidir.
Bəzi hallarda postneft dövrü ilə bağlı pessimist təhlillərlə rastlaşırıq. Hesab edirəm ki, postneft dövrü ilə bağlı ən ciddi şəkildə Azərbaycan dövləti, onun rəhbəri cənab İlham Əliyev düşünür. Qeyri-neft sektoruna qoyulan sərmayə, müxtəlif sahələrin inkişaf etdirilməsi bunun bariz nümunəsidir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, 2017-ci ildə "Əsrin müqaviləsi"nin iştirakçısı olan subyektlərlə yeni pay bölgüsü ilə bağlı müqavilə müddətinin 2050-ci ilə kimi uzadılması postneft dövrünün yaxın gələcəkdə aktual olmamasından xəbər verir. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti, onun uzaqgörən, müdrik Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın düşünülmüş siyasətləri sürətli iqtisadi inkişafa təminat verir. Odur ki, bu mövzuda narahat olmağa dəyməz.
Bu siyasətin nəticəsidir ki, Azərbaycan 4-cü sənaye inqilabının regional mərkəzinə çevrilmişdir. Bu isə Azərbaycanın möhkəm iqtisadi və siyasi təməllər üzərində olduğunu, Qafqazın lider dövləti kimi dünyanın qabaqcıl inkişaf etmiş ölkələri arasında ön sıralarda özünə yer tutacağını göstərir. Təsadüfi deyil ki, artıq "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı fabrik", "ağıllı avtomobil", "ağıllı telefon" kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb. Onu da qeyd edim ki, Azərbaycan gənclər ölkəsidir, yeniliyə açıq cəmiyyəti var. Hesab edirəm ki, hətta pessimist ekspertlərin proqnozları doğrulsa belə biz xalq, millət olaraq postneft dövrünə hazırıq.
Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycanın hərbi baxımdan dünyanın ən güclü dövlətləri sırasına çıxmasında məhz bu siyasətin düzgün qurulması həlledici rol oynadı. Vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən iqtisadi prioritetlərin düzgün müəyyənləşdirilməsi və cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi bizimlə müharibə vəziyyətində olan Ermənistanın iqtisadi blokadaya alınmasına gətirib çıxardı. Güclü iqtisadiyyatımız bizə müdafiə sənayemizin inkişaf etdirilməsinə şərait yaratdı. Bütün bunlar iki böyük Sərkərdənin - Ulu Öndər Heydər Əliyevin və və onun layiqli davamçısı İlham Əliyevin zəkasının Azərbaycan xalqına töhfəsi idi.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ölkəmizin enerji strategiyasının reallaşmasında mərkəzi rol oynayır. SOCAR yalnız neft və qaz hasilatı ilə məşğul olmaqla kifayətlənmir, həm də ölkənin neft-kimya sənayesini, təbii qazın idxalı və ixracını, habelə neft məhsullarının istehsalını idarə edir. Şirkət həmçinin xarici ölkələrdə də investisiyalar həyata keçirərək beynəlxalq miqyasda öz mövqeyini gücləndirir.
SOCAR təkcə daxili bazarda deyil, həm də beynəlxalq arenada aktiv iştirak edir. Şirkət Gürcüstan, Türkiyə, Ukrayna və digər ölkələrdə neft və qaz infrastrukturuna investisiyalar qoyur. Xüsusən də SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neftayırma zavodu layihəsi və PETKİM petrokimya şirkəti ilə əməkdaşlığı Azərbaycan-Türkiyə iqtisadi münasibətlərini yeni səviyyəyə çıxardı.
Azərbaycanın yalnız neft deyil, həm də qaz ehtiyatları strateji əhəmiyyət daşıyır. Xəzər dənizində yerləşən "Şahdəniz" yatağı dünyanın ən iri qaz yataqlarından biridir. "Şahdəniz" layihəsi çərçivəsində hasil edilən qaz hazırda "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya ixrac olunur.
Azərbaycan üçün neftin ixracı mühüm iqtisadi resursdur. Lakin hökumət iqtisadiyyatda neftdən asılılığın azaldılmasına xüsusi önəm verir. Bu, neftin qiymətindəki dəyişikliklərin ölkə iqtisadiyyatına mənfi təsir etməməsi üçün də vacibdir.
Gələcək perspektivlər və çağırışlar
Azərbaycanın enerji strategiyasının gələcəyi bir neçə əsas faktorla müəyyən olunacaq. Bunlardan biri iqlim dəyişiklikləri ilə bağlıdır. Dünyada iqlim dəyişikliyi ilə mübarizə tədbirləri gücləndikcə neft və qaz sənayesindən istifadənin kriteriyaları təkmilləşir. Azərbaycan da bu istiqamətdə addımlar ataraq, "yaşıl enerji"yə keçid layihələrinə start vermişdir. Bu, bərpaolunan enerji mənbələrinin inkişafını, xüsusən də külək və günəş enerjisindən istifadəni nəzərdə tutur.
Digər faktor beynəlxalq neft bazarları ilə bağlıdır. Neftin dünya bazarındakı qiymət dəyişiklikləri Azərbaycanın gəlirlərinə birbaşa təsir göstərir. Azərbaycanın neft strategiyası bu riskləri nəzərə alaraq, iqtisadi diversifikasiya və neft-qaz sektorundan əldə olunan gəlirlərin daha səmərəli istifadəsini təmin edir.
Digər faktor regional əməkdaşlıq və təhlükəsizlikdir. Azərbaycanın geosiyasi mövqeyi regional münaqişələrə həssasdır. Buna baxmayaraq, Azərbaycan enerji resurslarının nəqli üçün yeni yollar axtarmağa və regional əməkdaşlığı genişləndirməyə davam edir.
"Əsrin müqaviləsi"nin imzalanmasından keçən otuz il Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının nə qədər doğru olduğunu bir daha təsdiq edir. Bu uğurun ən vacib göstəricisi isə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin enerji siyasətini yeni dövrün çağırışlarına uyğun qətiyyətlə davam etdirməsidir.
Azərbaycan yeni çağırışlara açıq olan və dəstək verən bir ölkədir. "Yaşıl iqtisadiyyat"ın yeni elmi nəzəri və praktik təmayülləri də məhz ölkəmizdə inkişaf etməkdədir. Azərbaycanın strateji məqsədi isə neft və qazdan əldə edilən gəlirlərin qeyri-neft sektorunun və gələcək nəsillərin davamlı inkişafını təmin etməkdir.
Sadiq QURBANOV,
Milli Məclisin deputatı
Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir
Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər
Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib
Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
Norveç terror təhlükəsi səviyyəsini artırıb
Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib
BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər
Rusiyalı idmançı Barselonada həlak olub
Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil
İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb
Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib
Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur
Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4
Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
Kamikadze məhv edildi
“Nobel”in favorit namizədləri açıqlandı
Rusiyalı alpinistlərin cəsədləri tapıldı
Tramp Ukraynaya yardım edənləri sərt tənqid etdi
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!