14 Fevral 2025 08:00
2120
SİYASƏT
A- A+
SİYASƏTİN GÜCÜ, GÜCƏ SÖYKƏNƏN SİYASƏT

SİYASƏTİN GÜCÜ, GÜCƏ SÖYKƏNƏN SİYASƏT


Bəşəriyyət ibtidai dövründən qurtulub kamala dolandan sonra siyasətlə güc qoşa addımlayır.

Hətta "siyasət" sözü olmadan, diplomatiya xüsusi peşəyə və sahəyə çevrilməzdən qabaq da siyasət mövcud olub.

Başqa adla, başqa formada.

Çünki insanlar əksər hallarda bir-birlərinə qılınc çəkməzdən, zor tətbiq etməzdən əvvəl danışmağa, razılığa gəlməyə çalışıblar.

Ola bilsin ki, bu danışıqlar təzyiq, hədə formasında, bəlkə də aldatma, çəkindirmə şəklində baş verib.

Hədəf isə qan tökmədən, müharibə apararaq qırğına yol vermədən məqsədə çatmaq, istədiyinə dinc vasitələrlə yetişmək olub.

* Əsrlərdir ki, insanlar dərk ediblər ki, sözlə, danışıqlar yolu ilə nəyəsə nail olmaq mümkündür!

* Əsrlərdir ki, insanlar dərk ediblər ki, sözün arxasında güc dayananda o, daha təsirli və inandırıcı olur!

* Əsrlərdir ki, insanlar dərk ediblər ki, sözün və gücün birliyi səmərəli və uğurlu nəticəyə daha tez çatdırır!

Bu şərtlə ki, hər ikisi müdrik, uzaqgörən, möhkəm iradəli və qətiyyətli insan əlində olsun!

***

Siyasətdə, dövlətə rəhbərlikdə şəxsiyyət amili mühüm rol oynayır.

Bu, müxtəlif dövrlərdə, müxtəlif dövlətlərin simasında dəfələrlə sınaqdan çıxmış gerçəklikdir.

Azərbaycan xalqı isə buna şəxsi təcrübəsi, başına gələn və gətirilən bəlalar əsasında əmin oldu.

Əgər qırmızı imperiya süquta uğrayan zaman "Qarabağ problemi" meydana atılanda və alovlandırılanda Azərbaycana Heydər Əliyev kimi siyasət nəhəngi rəhbərlik etsəydi, nə başımıza bu müsibətlər gələr, nə torpaqlarımız işğala məruz qalar, nə də 30 illik vətən həsrəti ilə bu qədər zillət çəkərdik.

"Qarabağ problemi" Kreml tərəfindən Ermənistana kömək məqsədilə yaradılmışdı.

Onun yenidən meydana atılması SSRİ-nin birinci və sonuncu prezidenti, əli Azərbaycan xalqının qanına bulaşmış Qorbaçovun razılığı və dəstəyi əsasında baş tutmuşdu.

Ə.Vəzirov kimi Moskvaya qul sədaqəti göstərən, xalqın ən ağır günündə hərbi təyyarəyə minərək ağalarının yanına qaçan dövlət başçısı bu fəlakətin qarşısını ala bilərdimi?

Heç zaman!

Yaxud SSRİ-nin dağıldığı, insanların "partbilet"lərini kütləvi surətdə tulladıqları bir vaxtda qırmızı imperiyanın qorunub saxlanması üçün respublika ərazisində mərkəzin tapşırığı əsasında referendum keçirən A.Mütəllibov xalqı səfərbər edərək torpaqları işğaldan qoruya bilərdimi?

Heç zaman! 

Çünki Azərbaycan xalqı belə mövqe sahibini dəstəkləməzdi!

Yaxud guya "xalqın dəstəyi", əslində isə, parlament çevrilişi yolu ilə iqtidara gələn AXC-Müsavat cütlüyü küçələrdən yığdığı və dərhal da əlinə avtomat verərək əsgər paltarı geyindirdiyi gənclərlə Qarabağın müdafiəsini təmin edə bilərdimi?

Mümkün olan iş deyildi!

Xüsusən də ölkənin prezidenti Ə.Elçibəy Surət Hüseynovun dövlət çevrilişinə cəhdi zamanı ordunu və dövləti başlı-başına buraxaraq Kələkiyə qaçırsa, o zaman belə dövlət düşmən qarşısında tab gətirə bilərdimi?

Əsla!

Ulu Öndər Heydər Əliyev 1994-cü ilin oktyabr və 1995-ci ilin martında baş verən dövlət çevrilişinə cəhdlər zamanı əsl rəhbərin necə hərəkət etməli olduğunu şəxsi nümunəsi ilə ortaya qoydu!

Meydanlara axışan xalq sevimli rəhbərini dəstəkləməklə qardaş qanı axıdılmasına yol vermədi.

2003-cü ilin noyabrında cənab İlham Əliyev birinci dəfə Prezident seçiləndə xaricdən maliyyələşdirilən "5-ci kolon" üzvləri meydana girdilər, "cəbhəçi"lərin keçmiş ssenarisi ilə yenidən hakimiyyəti ələ keçirməyə cəhd göstərdilər.

O zaman şəxsi maraqlarını ümummilli maraqlardan üstün tutan "bəy"lər və onların züytutanları bilmirdilər ki, İlham Əliyev möhkəm iradəli şəxsiyyət, qətiyyətli rəhbər olmaqla yanaşı, həm də "dəmir yumruq" sahibidir!

Həmin "dəmir yumruq" 30 il ərzində işğal altında qalan torpaqları 44 gündə azad edərkən dövlət rəhbərliyində və siyasətdə şəxsiyyət amilinin əzəməti bir daha dərk olundu!

***

Adətən güclü dövlətlər zəif hesab etdikləri ölkələrlə oyun oynayırlar.

Bu oyunların məqsədi əsasən zəifi özünə tabe edib əlaltısına, forpostuna çevirməkdirsə, uzaq hədəfləri müxtəlif olur.

XIX əsrdə Rusiyanın İranla müharibədə qələbəsi nəticəsində çar Rusiyası Azərbaycan torpaqlarına sahib çıxandan sonra burada forpostu sayılan Ermənistan dövlətini yaratmağı hədəflədi.

Dünyanın hər yerindən qovulan erməniləri Azərbaycandan qoparılan ərazilərdə yerləşdirməyə başladı.

Azərbaycan 1918-ci ildə ilk müstəqil dövlətini - Xalq Cümhuriyyətini yaradanda isə ondan "xoşluqla" alınan İrəvan şəhərini yeni yaradılan dövlətə paytaxt etdilər.

Rusiyanın ermənilərə canı yanmırdı, öz maraqları, öz planları vardı:

* Cənubi Qafqazda Türkiyəyə qarşı plasdarm yaradaraq hərbi bazasını yerləşdirmək;

* Türk dövlətləri arasında əsrlər boyu mövcud olan quru yolla əlaqəni qırmaq və beləliklə, onların birliyinə xələl gətirmək.

* Əlaltı və alət millət sayılan ermənilər vasitəsilə bölgədə maraqlarını təmin etmək, istənilən məqamda isə sabitliyi pozmaq.

Buna da nail oldu.

Üstəlik, ictimai-iqtisadi formasiya dəyişəndən, çar Rusiyasını sovet Rusiyası əvəz edəndən sonra da bu siyasət yenə dövlət səviyyəsində davam etdirildi, 1948-1953-cü illərdə Stalinin qərarı ilə Ermənistan ərazisindəki azərbaycanlılar kütləvi şəkildə deportasiya olunaraq, yerlərinə xarici ölkələrdən ermənilər gətirilib məskunlaşdırıldı.

Azərbaycana qarşı belə xəyanətkar planlar təkcə "xristian təəssübkeşliyindən" qaynaqlanmırdı.

Məqsəd həm də bu üsulla təsir və təzyiq göstərərək daim Azərbaycanı itaətdə saxlamaq, neft-qaz ehtiyatlarına və digər təbii sərvətlərinə sahib çıxaraq sərəncam vermək idi!

Sovet dövründə repressiyalar, dövlət maşınından istifadə və digər zorakılıq vasitələri ilə bu niyyət baş tutsa da, yenidən dövlət müstəqilliyinə nail olan Azərbaycan kiminsə əlaltısına çevrilmək, təbii sərvətlərindən əl çəkmək niyyətində olmadığını qətiyyətlə bildirərək buna heç bir imkan vermədi!

Xüsusən tarixi şəxsiyyətlərə çevrilən Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlikləri dövründə!

***

Qurtuluş missiyası baş tutandan, Ulu Öndər Heydər Əliyev ölkəyə ikinci dəfə rəhbərliyə başlayandan sonra Azərbaycan bir dövlət kimi formalaşmağa, güclənməyə başladı.

Ulu Öndər Heydər Əliyev əbədiyyətə qovuşduqdan sonra onun müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən cənab İlham Əliyev bu prosesi daha da gücləndirdi, Azərbaycanı davamlı və sürətli inkişaf yoluna çıxararaq, yeni iqtisadi inkişaf modeli yaratdı.

Dövlətin yüksəlişinin və möhkəmlənməsinin ilkin şərti şəxsiyyət amili ilə bağlı olsa da, növbəti mərhələdə uzaqgörənlik, milli maraqlara sədaqət, xalqın qüvvəsinin və dövlətin imkanlarının səfərbərliyə alınaraq düzgün və müdrikliklə, məqsədyönlü şəkildə istiqamətləndirilməsi mühüm əhəmiyyət kəsb etdi.

***

Biz hamımız Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev müdrikliyindən güc alan, milli maraqlara əsaslanan siyasətini necə real gücə çevirməsinin şahidləriyik!

Bu siyasət üç istiqamətdə daim aydın görünüb:

* Dövlətin siyasi nüfuzunun və iqtisadi qüdrətinin artırılması;

* Xalqın sosial rifahı və həyat şəraitinin yüksəldilməsi;

* Güclü ordu yaradılaraq torpaqların işğaldan azad edilməsi.

Hər üç istiqamətdə gərgin və səmərəli iş aparılıb, çoxsaylı layihə reallaşdırılıb, yaxın və uzaq hədəflər məharətlə əlaqələndirilib:

* Kimlərinsə istəyinin əksinə və üstəlik, maliyyə mənbələrinin olmamasına baxmayaraq, Azərbaycanın transmilli layihələri uğurla gerçəkləşdirməsi ölkəmizə iqtisadi dividendlər gətirməklə yanaşı, beynəlxalq siyasi nüfuzunu da əhəmiyyətli dərəcədə artırdı.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərindən sonra Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin işə salınması, dünya okeanına birbaşa çıxışı olmayan Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevrilməsi ölkəmizin gərəklilik göstəricisi olaraq ona xeyli tərəfdaş və dostlar da qazandırıb.

Vədəsində genişləndirilərək və uzadılaraq Avropanın mavi yanacaqla təminində mühüm qollardan birinə çevrilən "Cənub qaz dəhlizi" Rusiyaya sanksiyaların tətbiq edildiyi bir vaxtda Avropanın karına gəldi.

Bu gün Azərbaycan on iki dövlətə təbii qaz ixrac edir.

Orta dəhliz həm də türk dövlətlərini bir-birinə daha da yaxınlaşdıran dəyərə, Mərkəzi Asiya ölkələri ilə Avropanı birləşdirən nəqliyyat kəmərinə çevrilib.

Cənab İlham Əliyev "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır" vədinə daim şərəflə əməl edib:

* Onun Azərbaycana rəhbərliyi dövründə regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı hazırlanaraq uğurla reallaşdırıldı.

* İşğal dövründə 116 yaşayış kompleksi salınaraq oraya 300 mindən çox məcburi köçkün köçürülməklə həyat şəraitləri xeyli yaxşılaşdırıldı.

* Regionlara fasiləsiz elektrik enerjisi verilişi təmin olundu, ölkə üzrə qazlaşdırma 95 faizi ötdü.

* Yol infrastrukturu təzələndi, yeni yollar çəkildi, körpülər və tunellər tikildi, kəndarası yollara asfalt döşəndi.

* Ölkədə sahibkarlığın inkişafına münbit şərait yaradıldı.

* Yoxsulluq 5 faizə endirildi.

* Xalqın rifahının yüksəldilməsinə xidmət edən dörd sosial paket hazırlanaraq gerçəkləşdirildi və s.

Həyata keçirilən çoxsaylı layihə, atılan uğurlu addımlar sayəsində tarixinin ən qüdrətli Azərbaycanı yaradıldı!

***

ATƏT-in Minsk qrupunun ermənipərəst mövqe tutması, sülh danışıqları imitasiyası yaratması, beləliklə, Ermənistanın və onun havadarlarının Azərbaycanı işğalla barışmağa cəhd etmələri aydın görünürdü.

İlham Əliyev bütün bu prosesləri müşahidə edərək incəliyinə qədər bilsə də, yenə sülh danışıqlarını davam etdirir, eyni zamanda Azərbaycanın öz prinsipial mövqeyindən bir addım da geri durmayacağını açıq şəkildə söyləyirdi:

* Biz bir qarış torpağımızı belə düşmənə güzəşt etməyəcəyik!

* Biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik!

* Lazım gəlsə, münaqişəni hərbi yolla həll edəcəyik!

Sözünün sahibi olan cənab İlham Əliyev yeni ordu quruculuğuna böyük diqqət yetirdi.

Hazırlıq sülh danışıqlarına fasilə vermədən, son dərəcə məxfi, hərtərəfli, bütün imkanları səfərbər etməklə aparılırdı.

Tək bircə dəfə - 2016-cı ilin dörd-günlük Aprel döyüşlərində Azərbaycanın yeni ordusunun necə olacağı aşkara çıxdı!

Lakin I Qarabağ müharibəsinin nəticələrindən və havadarlarının hərtərəfli köməyindən eyforiyaya qapılan Ermənistan bu "gizli" hazırlığın "açıq" nəticəsindən dərs almadı!

Əksinə, "yeni müharibə yeni ərazilərin işğalı olacaqdır" hədəsini səsləndirməklə "hədə taktikası"ndan əl çəkmədiyini nümayiş etdirirdi.

Azərbaycan isə sülh siyasətini hərbi vasitələrlə gücləndirməkdə davam edirdi:

* Hər il dövlət büdcəsindən orduya Ermənistanın dövlət büdcəsindən çox həcmdə vəsait ayrılırdı.

* Ordu ən yeni texnologiyalar əsasında hazırlanan silah və sursatlarla təmin edilirdi.

* Gələcəkdə hərbi əməliyyatların keçirilməsi şəraitinə uyğun ərazilərdə dayanmadan, ilin bütün fəsillərində təlimlər keçirilir, əsgər və zabitlərin hazırlıq səviyyəsi daim yüksəldilirdi.

* Dünyanın tanınmış hərbi məktəblərində ordumuz üçün zabit kadrları hazırlanırdı.

* Xüsusi təyinatlı qüvvələr təşkil olunur, daim onların peşəkarlıq səviyyələri yüksəldilirdi. 

* Ordumuz üçün yeni olan, türk qardaşlarımızın təcrübəsindən istifadə əsasında Komando qüvvələri hazırlanırdı.

Ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, dövlətin iqtisadi qüdrətinin artırılması dövlət başçısı cənab İlham Əliyevi sülh danışıqlarında daha dönməz və inamlı edirdi!

Artıq Ermənistanın sülh yolu ilə torpaqları işğaldan azad etməyəcəyi, yaxud qəbuledilməz şərtlərindən əl çəkməyəcəyi də bəlli idi.

***

Siyasətdə zərgər dəqiqliyi - bu ifadəni sözün tam mənasında cənab İlham Əliyevin siyasi fəaliyyətinə də aid etmək olar!

Ermənistanın özü və müdafiəçiləri gerçəklikdə dərk etməsələr də, artıq reallıqda iki düşmən dövlət arasındakı qüvvələr nisbəti əsaslı şəkildə dəyişmişdi.

Azərbaycanın beynəlxalq nüfuzu xeyli yüksəlmiş, dünya birliyində özünə layiqli yer tutmuş, Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilmiş, bütün parametrlər üzrə Ermənistanı qat-qat üstələmişdi.

Daha bir mühüm dəyişiklik də baş vermişdi:

Ermənistan rəhbərliyinə siyasətdə və dövlət idarəçiliyində diletant sayılan, bilavasitə meydandan, kütlə arasından "Soros uşağı" N.Paşinyan gəlmişdi.

Ermənilərin yeni rəhbərini Azərbaycan Prezidenti - dünyanın tanınmış ali təhsil ocaqlarından biri sayılan və peşəkar diplomatlar hazırlayan MDBMİ-nin qırmızı diplomla məzunu və həmin təhsil ocağının müəllimi, Heydər Əliyev məktəbinin "əyani şöbəsi"nin tələbəsi olmuş cənab İlham Əliyevlə müqayisə etmək belə günah sayılardı...

Lakin Paşinyan özü "öz bacarıqları" haqqında tamamilə başqa düşüncədə idi.

Yalan danışmaq, bir-birinə zidd bəyanatlar vermək, söz verib sonra arxasından qaçmaq, siyasət meydanında "erməni bicliyini" alətə çevirmək, ağlına və ağzına gələni məsuliyyətsizcəsinə bəyan etmək - bu idi onun fəaliyyət prinsipi.

Xankəndidə keçirilən tədbirdə sərxoş vəziyyətə düşərək öz mövqe və qənaətlərini açıq şəkildə dilə gətirərək "Qarabağ Ermənistandır və nöqtə" deməsi ilə, əslində, sülh danışıqlarına nöqtə qoymuş oldu.

Lakin Azərbaycan Prezidenti İlham Əliyev müdrik və uzaqgörən siyasətçi kimi tələsmədi.

Əvvəlcə Soçidə keçirilən Beynəlxalq Diskussiya Klubunda Ermənistanın baş nazirinin ağzından vuraraq, "Qarabağ Azərbaycandır və nida" söylədi!

Sonra Münhen Beynəlxalq Təhlükəsizlik Konfransında polemikaya girərək rəqibini gülünc vəziyyətə saldı.

Ən nəhayət, Ermənistanın həddini aşaraq Azərbaycanı neft boru kəmərlərini vuracağı ilə hədələməsinə və Tovuz bölgəsində hücum-təxribat əməllərinə cavab olaraq "Hücum!" əmrini verdi.

***

30 il ərazimizin 20 faizini işğalda saxlayan düşməni 44 gündə diz çökdürən, Ermənistan ordusunu qorxaqlar və fərarilər yığnağına çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyev yeni taktika və strategiya əsasında möhtəşəm qələbə qazansa da, yenə tələsmədi.

Hərbi əməliyyatlar dövründə üç cəbhədə çarpışan İlham Əliyev həm də Azərbaycanın bütün sahələrdə güclü və yenilməz olduğunu dünyaya nümayiş etdirdi!

Diplomatiya sahəsində: bütün telefon zənglərinə, xahiş, tələb, təhdid cəhdlərinə baxmayaraq, Azərbaycanı ədalətli mövqeyindən, milli maraqlarından bir addım belə geri çəkmədi!

İnformasiya müharibəsində: 30-dan çox KİV-in, o cümlədən telekanalların və informasiya agentliklərinin bir sıra hallarda qərəzli və məkrli suallarını belə təmkinlə cavablandıraraq feyk xəbər və məlumatları təkzib etdi, düşmənin müharibə qanunlarını pozduğunu, cəbhə xəttindən yüz kilometrlərlə uzaqda yerləşən yaşayış məntəqələrini ballistik raketlərlə vurduğunu, mülki əhalini qətlə yetirdiyini faktlarla göstərərək ermənipərəst jurnalistlərin və media subyektlərinin kamera və mikrofonlarını düşmənin şər və böhtanlarının ifşası tribunasına çevirdi!

Nəyi nə vaxt və necə etməyi hamıdan yaxşı bilən Müzəffər Ali Baş Komandan İlham Əliyev düşmənə kapitulyasiya aktı sayılan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı imzalatdırdıqdan sonra tam qələbəmizi təmin edəcək digər addımlarını da ardıcıllıqla atdı:

* 23 aprel 2023-cü ildə şər və xəyanət yoluna çevrilən Laçın dəhlizi bağlanaraq ərazi bütövlüyümüz bərpa edildi.

* 19-20 sentyabr 2023-cü ildə dövlət suverenliyimiz və konstitusiya əsasları təmin olundu.

* 12 iyun 2024-cü ildə isə daim ermənipərəst mövqedə dayanan Rusiya sülhməramlı kontingenti sülh şəraitində ölkə ərazisindən çıxarıldı.

* 15 oktyabr 2023-cü ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev separatçı və terrorçulardan azad edilmiş Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaltdı.

* 8 noyabr 2023-cü ildə isə 30 illik işğaldan sonra Xankəndidə Zəfər paradı keçirildi!

Əslində, bu parad Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, iqtisadi gücünün, beynəlxalq nüfuzunun, müdrik daxili və xarici siyasətinin təntənəsinin də nümayişi idi.

***

Hər bir siyasətin gücü və uğuru onun doğurduğu, yaratdığı real nəticələrlə ölçülür.

Real nəticələrin bir qismini göstərdik, bir neçəsini də qısa şəkildə xatırladırıq:

* Azərbaycan gördüyü işlər və yaratdığı reallıqlar sayəsində Cənubi Qafqazda söz sahibinə çevrilmişdir və onun razılığı olmadan kimsə burada yeni layihə reallaşdıra bilməz.

* Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT TŞ-nin qeyri-daimi üzvü seçilərək bir müddət onun iclaslarına sədrlik etdi.

* Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirərək ortaya ən yüksək standartlar qoydu.

* Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə islam aləminə öz töhfəsini verdi.

* Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilata yeni nəfəs gətirdi, özünə çoxsaylı dost qazandı.

* Azərbaycan TDT-nin fəaliyyətinin canlanması, türkdilli dövlətlərin dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi üçün səmərəli və faydalı işlər gördü.

* Azərbaycan yeni dünya düzənində özünə nüfuzlu mövqe tutaraq BRICS və D-8 təşkilatları ilə əlaqə və münasibətlərini sıxlaşdırdı.

* Azərbaycan dünyanın ən böyük tədbirini - COP29-u uğurla keçirərək iqlim dəyişmələrinin fəsadlarından bəşəriyyətin qorunmasına kömək edəcək töhfələrini verdi.

Bütün bu uğur və nailiyyətlərin təşkilatçısı, yeni Azərbaycanın dünyada söz, mövqe və nüfuz sahibinə çevrilməsinin baş müəllifi isə Azərbaycan Prezidenti cənab İlham Əliyevdir!

Bu gün Qarabağda və Şərqi Zəngəzurda analoqu olmayan quruculuq işləri gedir, Böyük qayıdış proqramı uğurla reallaşdırılır, İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və möhkəm iradəsi sayəsində uzun sürən həsrətdən sonra məcburi köçkünlər doğma torpaqlara qayıdaraq, dövlətin yaratdığı rahat şərait sayəsində xoş və bəxtəvər günlərə qovuşurlar!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:36
18 Aprel

“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 99 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:34
18 Aprel

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:34
18 Aprel

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:33
18 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli , “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 25 yanvar tarixli 13 nömrəli və “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 31 yanvar tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

02:31
18 Aprel

“Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
18 Aprel

“Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:28
18 Aprel

Premyer Liqa: “Zirə” – “Neftçi” oyununda qalib müəyyənləşməyib

22:03
17 Aprel

Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib 

21:42
17 Aprel

Levan Jorjoliani: Cənubi Qafqaz ölkələrinin ortaq baxışı xalqlarımızın daha firavan yaşayacağına qəti inam yaradır  

21:36
17 Aprel

BMT-nin Baş katibi İranın Hörmüz boğazını açmasını alqışlayıb

21:23
17 Aprel

Prezidentin köməkçisi: Azərbaycan çoxşaxəli geosiyasi kimliyə malik ölkədir  

21:11
17 Aprel

Hikmət Hacıyev: Qlobal logistika zəncirlərinin pozulması Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdi  

20:54
17 Aprel

TÜRKPA Baş katibi Şimali Kiprin Cümhuriyyətçi Türk Partiyasının sədri ilə görüşüb  

20:46
17 Aprel

XİN rəhbərinin müavini: Azərbaycan kimi, Ermənistan da regionda kommunikasiyaların açılmasına böyük əhəmiyyət verir

20:46
17 Aprel

Tramp: İran uranın zənginləşdirilməsini dayandırmağa razılıq verib

20:44
17 Aprel

İndoneziyada helikopter qəzasında səkkiz nəfər həlak olub

20:21
17 Aprel

PAİ Assambleyasında Azərbaycan-Venesuela əməkdaşlığından məmnunluq bildirilib  

20:19
17 Aprel

İtaliyada vətəndaşlıq hüququ ilə bağlı araşdırmalar davam edir 

20:13
17 Aprel

Hikmət Hacıyev: Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir  

20:12
17 Aprel

Yeni süni intellekt modeli ilə bağlı narahatlıq  

20:02
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!