Rusiyanın Moskva vilayətinin Odintsovo şəhər dairəsinin Qorki-2 qəsəbəsində məktəblinin bıçaqla insanlara hücum etməsi nəticəsində ölənin IV sinif şagirdi A.Kobiljon olduğu müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın telegram kanallarına görə, hücum edən, həmçinin 32 yaşlı mühafizəçi Dmitri Pavlovun üzünə bibər qazı püskürdərək onu yaralayıb.
Mənbənin məlumatına görə, hadisəni törədən Timofey K. buna əvvəlcədən hazırlaşıb. O, hücumdan bir müddət əvvəl müəllimlərdən birinə tezliklə həbsxanaya gedəcəyini deyib.
İstintaq orqanları tərəfindən 15 yaşlı Timofey K.-nın telefonuna baxılıb. Bu zaman qətlə yetirilən şagirdin şəkli də aşkar edilib. Bundan əlavə, telefonda ekstremist sitatlarla və ifrat sağçı təşkilatların adları ilə bəzədilmiş dəbilqənin şəkilləri aşkarlanıb. Həmin dəbilqənin üzərində 2022-ci ildə Amerika Birləşmiş Ştatalrında baş verən və kütləvi qırğına istinad edən “Sygaown” sözü olub. Fotoların birində yeniyetmənin jilet və kolovrat geyindiyi təsvir olunub ki, bu, Yeni Zelandiyadakı Kraystçörç məscidlərində qırğın törədən Brenton Tarrantı işarə edir.
“Baza” Telegram kanalının məlumata görə, hücum edən yeniyetmə riyaziyyat müəllimini öldürməyi planlaşdırıb. O, sinif otaqlarında müəllimi Mariya Dmitriyevnanı axtarıb. Bundan başqa, Timofey K. hücumdan bir müddət əvvəl məktəbin sanitar qovşağında əldəqayırma partlayıcı qurğuya oxşayan əşya hazırlayıb və onu sinif otaqlarından birinə yerləşdirmək niyyətində olduğunu deyib.
13:09
Rusiyanın Moskva vilayətinin Odintsovo şəhər dairəsinin Qorki-2 qəsəbəsində şagird bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Uspenskaya orta məktəbində baş verib.
İlkin məlumata görə, hadisə zamanı bir uşaq ölüb, azı iki nəfər yaralanıb.
Hadisədən sonra şagirdlər və işçilər binadan təxliyə ediliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlı qüvvələr hadisə yerinə gəlib.
Hücumu törədən yeniyetmə əməliyyat tədbirləri nəticəsində saxlanılıb. O, Uspenskaya məktəbinin 9B sinif şagirdidir.
Hadisənin səbəbləri və motivləri müəyyən edilir, rəsmi orqanlar araşdırmaları davam etdirir.
Qeyd edək ki, hadisəni törədən 15 yaşlı yeniyetmənin geyiminin üstündə “No Lives Matte” (Heç bir həyat əhəmiyyətli deyil) yazısı təsvir olunub. “Baza” Telegram kanalının məlumatına görə, zorakılığı, terrorizmi və bəşəriyyətin məhv edilməsini müdafiə edən “No Lives Matter” adlı təşkilat mövcuddur.