11 Noyabr 2026 16:57
552
İQTİSADİYYAT
A- A+
Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər  

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər  


Rumıniyanın Milli Avtomobil Nəqliyyatçıları İttifaqı (UNTRR) Azərbaycan üzərindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına yönəlmiş yeni beynəlxalq təşəbbüslər, logistika infrastrukturuna investisiyalar və Mərkəzi Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri barədə geniş məqalə yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın nəqliyyat sektorunun aparıcı peşə təşkilatlarından olan UNTRR-in məlumatına görə, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 2026-cı il tədbirləri çərçivəsində iştirakçı dövlətlər multimodal nəqliyyat dəhlizlərinin modernləşdirilməsi istiqamətində yeni təşəbbüsləri təsdiqləyiblər.

BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) yaydığı məlumata əsasən, Bişkek Bəyannaməsi qəbul edilib və üç yeni regional layihənin maliyyələşdirilməsi təsdiqlənib. Strateji layihələrdən biri SPECA regionunun multimodal nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycan ərazisindən keçən Trans-Xəzər marşrutunun səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur.

Layihənin koordinasiyasını BMT-nin Avropa İqtisadi Komissiyası həyata keçirəcək. Onun icrasında BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) da iştirak edəcək.

Rumıniya nəşrində vurğulanır ki, Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhliz beynəlxalq ticarət üçün strateji alternativ marşrutlardan birinə çevrilir. Dəmir yolu, avtomobil və dəniz nəqliyyatını birləşdirən bu sistem yükdaşımaların coğrafiyasının genişləndirilməsinə, təchizat zəncirlərinin şaxələndirilməsinə və tranzit əməliyyatlarının daha səmərəli təşkilinə imkan yaradır.

UNTRR Dünya Bankının cari ilin sentyabrında dərc edilmiş hesabatına istinadla bildirir ki, Trans-Xəzər dəhlizinin infrastrukturu və logistika xidmətlərinə investisiyalar 2040-cı ilədək ticarət həcmlərinin üç dəfədən çox artmasına, yüklərin daşınma müddətinin isə iki dəfə azalmasına şərait yarada bilər.

Bununla belə, həmin məqsədlərə nail olunması dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsindən, sərhəd-keçid məntəqələrində mövcud maneələrin aradan qaldırılmasından və iştirakçı ölkələr arasında nəqliyyat prosedurlarının əlaqələndirilməsindən asılı olacaq.

Məqalədə Azərbaycanla bağlı diqqətçəkən məqamlardan biri beynəlxalq avtomobil daşımalarında elektron tranzit sistemlərinin tətbiqidir. Bildirilir ki, bu ilin iyulunda Azərbaycan, Türkmənistan, Özbəkistan və Tacikistanın gömrük orqanları eTIR prosedurundan istifadə etməklə altı nəqliyyat əməliyyatı həyata keçiriblər. Həmin əməliyyatlardan beşi Xəzər dənizindən keçidi də əhatə edib.

Əməliyyatlardan biri 1200 kilometrdən artıq məsafəni əhatə edərək avtomobil və dəniz nəqliyyatını vahid elektron tranzit proseduru çərçivəsində birləşdirib.

UNTRR qeyd edir ki, eTIR sistemi gömrük məlumatlarının və zəmanətlərlə bağlı informasiyanın elektron mübadiləsini təmin etməklə sənədləşmə prosesini sadələşdirir, inzibati səhvlərin azalmasına və sərhədlərdə gözləmə müddətinin qısaldılmasına kömək edir. Xəzər dənizindən keçən sınaq əməliyyatları bu texnologiyanın multimodal daşımalar üçün də tətbiq imkanlarını nümayiş etdirir.

Rumıniya nəqliyyatçıları Orta Dəhlizin inkişafını Avropa, Türkiyə və Yaxın Şərq arasında formalaşan yeni logistika əlaqələri kontekstində də qiymətləndirirlər. Məqalədə Türkiyənin həm Mərkəzi Asiyaya çıxış təmin edən Trans-Xəzər marşrutunda, həm də İraq, Suriya və Körfəz ölkələri istiqamətində beynəlxalq avtomobil daşımalarında mühüm əlaqələndirici rol oynadığı bildirilir.

Nəşrin məlumatına görə, 2025-ci ilin aprelində İraqda TIR sisteminin tətbiqinə başlanılıb, həmin ilin dekabrında isə Türkiyədən Suriya üzərindən Körfəz ölkələrinə beynəlxalq TIR daşımaları rəsmi olaraq bərpa edilib.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) məlumatlarına istinadla bildirilir ki, 2026-cı ilin sentyabrınadək İraq marşrutunda 5 mindən çox, Suriya dəhlizində isə daşımaların bərpasından sonra 5 mindən artıq TIR karnetindən istifadə olunub. İraq üzərindən keçirilmiş sınaq daşımaları Türkiyənin Qaziantep şəhərindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada dörd gün ərzində yük çatdırılmasının mümkünlüyünü göstərib.

UNTRR vurğulayır ki, bu marşrutlar SPECA-nın multimodal layihəsinin birbaşa tərkib hissəsi olmasa da, onların paralel inkişafı Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında daha geniş nəqliyyat şəbəkəsinin formalaşmasına kömək edə bilər.

Rumıniya təşkilatı Trans-Xəzər dəhlizinin inkişafının Avropa İttifaqının nəqliyyat sektoru üçün də yeni imkanlar yaratdığını bildirir. Xüsusilə Rumıniya və Bolqarıstan Qara dəniz üzərindən dəniz əlaqələri və Türkiyədən keçən quru marşrutları vasitəsilə Orta Dəhlizin Avropa İttifaqı bazarına mümkün giriş nöqtələri kimi nəzərdən keçirilir.

Məqalədə qeyd olunur ki, belə əlaqələrin genişləndirilməsi beynəlxalq avtomobil daşımalarına, logistika xidmətlərinə, multimodal nəqliyyat əməliyyatlarına və regional paylama mərkəzlərinə tələbatın artmasına şərait yarada bilər.

Bununla yanaşı, Rumıniya nəqliyyatçıları mövcud imkanların reallaşdırılması üçün nəqliyyat icazələrinin, gömrük prosedurlarının, infrastrukturun buraxılış qabiliyyətinin və tranzit müddətlərinin proqnozlaşdırıla bilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar.

UNTRR-in qiymətləndirməsinə görə, Bişkekdə təsdiqlənmiş layihələrin əhəmiyyəti yalnız yeni infrastrukturun yaradılması ilə məhdudlaşmır. Əsas məqsəd mövcud nəqliyyat marşrutlarını daha səmərəli, çevik və beynəlxalq ticarət zəncirlərinə inteqrasiya olunmuş sistemə çevirməkdir.

Beləliklə, Rumıniyanın nəqliyyat sektorunda Azərbaycan üzərindən keçən Orta Dəhlizə artan diqqət bu marşrutun yalnız Asiya ilə Avropa arasında tranzit bağlantısı deyil, həm də daha geniş regional logistika şəbəkəsinin mühüm hissəsi kimi qiymətləndirildiyini göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

09:40
12 Noyabr

KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri

09:35
12 Noyabr

Firavanlıq bolluqdan başlayır

09:30
12 Noyabr

Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı

09:25
12 Noyabr

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

09:20
12 Noyabr

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 

09:15
12 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

09:11
12 Noyabr

Elmə və milli-mədəni irsə həsr olunan ömür

09:10
12 Noyabr

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

09:05
12 Noyabr

Beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifesti

09:00
12 Noyabr

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

08:12
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!