"Bu gün biz azad Qarabağda qurub-yaradırıq. Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq. İşğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görünməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, "Böyük qayıdış" proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik".
Prezident İlham Əliyevin bu fikirləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin mahiyyətini aydın şəkildə ifadə edir. Bu gün işğaldan azad olunmuş torpaqlarda yalnız dağıdılmış yaşayış məntəqələri yenidən qurulmur, həm də Azərbaycanın gələcək inkişafına xidmət edən müasir iqtisadi və sosial mühit formalaşdırılır. Uzun illər viran qoyulmuş ərazilərdə reallaşdırılan layihələr dövlətimizin gücünün, xalqımızın qurub-yaratmaq əzminin təcəssümüdür.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri doğma yurdlarından didərgin salınmış insanların əzəli torpaqlarına qovuşmasıdır. Bu məqsədlə icra olunan "Böyük qayıdış" proqramı artıq minlərlə ailənin həyatında yeni mərhələnin başlanmasına səbəb olub. Vaxtilə yurd həsrəti ilə yaşayan insanlar indi doğma şəhərlərində, kəndlərində yeni evlərinin qapılarını açır, həyatlarını yenidən qururlar. Bu qayıdış təkcə məskunlaşma prosesi deyil, həm də tarixi ədalətin bərpasının, milli yaddaşın və mənəvi bağlılığın zəfəridir.
Noyabrın 6-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun Cahangirbəyli, Cəbrayıl rayonunun isə Soltanlı kəndlərinə səfərləri, hər iki yaşayış məntəqəsinin birinci mərhələsinin açılışında iştirak etmələri quruculuq salnaməsinə yeni səhifə əlavə etdi. Dövlət başçısının və birinci xanımın doğma yurdlarına köçən sakinlərlə görüşləri bu prosesin mərkəzində məhz insan amilinin dayandığını göstərdi. Yeni yaşayış məntəqələrinin salınması keçmiş məcburi köçkünlərin yalnız mənzil təminatı demək deyil. Burada əsas məqsəd insanlar üçün rahat yaşayış və məşğulluq imkanları yaradan müasir kənd mühitinin formalaşdırılmasıdır.
Cahangirbəyli və Soltanlı kəndlərinin yenidən həyata qayıtması Şərqi Zəngəzur və Qarabağda aparılan kompleks tikintilərin bu ərazilərdə yenidənqurma işlərinin davamlı xarakter daşıdığını təsdiqləyir. İşğal dövründə səssizliyə qərq olmuş yaşayış məntəqələrimizdə yenidən həyat canlanır. Bu torpaqlara qayıdan hər bir ailə özü ilə yeni ümidlər, arzular və gələcəyə inam gətirir. Ən əhəmiyyətlisi isə odur ki, artıq yeni nəsillər ata-baba yurdlarını yalnız böyüklərinin xatirələrindən deyil, öz gündəlik həyatlarından tanıyacaqlar.
Qarabağın iqtisadi dirçəlişində Ağdamın yenidən qurulması xüsusi yer tutur. Bir zamanlar genişmiqyaslı dağıntıların simvoluna çevrilmiş şəhər hazırda müasir sənaye və yaşayış mərkəzi kimi inkişaf etdirilir. Prezident İlham Əliyevin noyabrın 7-də Ağdama səfəri zamanı bir sıra istehsal müəssisələrinin fəaliyyətə başlaması bu istiqamətdə görülən işlərin növbəti nəticəsi oldu. Ağdam Sənaye Parkında "ASMC" MMC-nin metal məmulatları istehsalı müəssisəsinin və "Komfy" MMC-nin ortopedik döşək istehsalı müəssisəsinin açılması bölgədə sahibkarlıq fəaliyyətinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının Ağdam Zeytun müəssisəsində yaradılmış şəraitlə tanışlığı bu rayonda da iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına diqqət yetirildiyini nümayiş etdirdi.
Yeni istehsal sahələrinin yaradılması iş yerlərinin açılması, yerli resurslardan səmərəli istifadə və bölgənin iqtisadi fəallığının artırılması üçün geniş imkanlar formalaşdırır. İşğaldan azad edilmiş ərazilərin davamlı inkişafı yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. İnsanların doğma torpaqlarında daimi məskunlaşması üçün onların sabit gəlir mənbələrinə, peşə fəaliyyətinə və sosial təminata malik olması da vacibdir. Bu baxımdan sənaye parklarının və istehsal müəssisələrinin fəaliyyəti Böyük qayıdışın iqtisadi dayaqlarını gücləndirir. Bölgədə müasir səhiyyə sisteminin qurulması da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının binasında davam etdirilən tikinti işləri əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının təmin olunmasına yönəlib.
Qarabağ və Şərqi Zəngəzurun gələcəyinə hesablanmış layihələr arasında təhsil infrastrukturu mühüm mövqeyə malikdir. Noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin istifadəyə verilməsi bölgədə təhsil imkanlarının genişləndirilməsi istiqamətində növbəti addım oldu. Müasir tədris şəraitinin yaradılması azad edilmiş ərazilərə qayıdan ailələrin övladlarının keyfiyyətli təhsil almasına, intellektual potensialın formalaşmasına xidmət edir. Yeni məktəblər həm də bu torpaqlarda həyatın davamlılığını təmin edən ən mühüm sosial dayaqlardandır. Xankəndidə Qarabağ Universitetinin inkişafı istiqamətində görülən işlər də bölgənin gələcək elmi və intellektual potensialına qoyulan sərmayədir. Universitetin kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlinin qoyulması, klinikanın Təcili tibbi yardım şöbəsinin açılması şəhərin müasir təhsil, elm və səhiyyə məkanına çevrilməsinə xidmət edir. Bu layihələr Xankəndinin yalnız yaşayış məntəqəsi kimi deyil, həm də ölkənin mühüm akademik və ictimai mərkəzlərindən biri kimi inkişafına imkan yaradır. Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra fəaliyyətə başlaması da bölgənin sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətlidir. Peşə təhsilinin genişləndirilməsi yeni yaradılan müəssisələrin ixtisaslı işçi qüvvəsinə olan tələbatının ödənilməsinə, gənclərin əmək bazarına hazırlanmasına və məşğulluq imkanlarının artırılmasına şərait yaradır.
Noyabrın 7-də yenidənqurmadan sonra Xankəndi Stadionunun açılması isə Qarabağın dirçəlişinin idman və ictimai həyat sahələrini də əhatə etdiyini göstərdi. Müasir idman obyektlərinin istifadəyə verilməsi sağlam həyat tərzinin təşviqinə, gənclərin idmana marağının artırılmasına və şəhərin sosial həyatının canlanmasına mühüm töhfə verəcək. Bu gün Qarabağ və Şərqi Zəngəzurda bir tərəfdən tarixi yaşayış məntəqələri bərpa olunur, digər tərəfdən gələcəyin tələblərinə cavab verən müasir infrastruktur yaradılır. Dövlətin siyasi iradəsi, iqtisadi imkanları və xalqın doğma torpağa bağlılığı bu böyük quruculuq prosesinin əsas hərəkətverici qüvvəsidir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"