Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tac və İtaliya Respublikasındakı səfirliklərinin, habelə Romadakı Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Romadakı “Chiesa Parrocchiale di San Giuseppe a Via Nomentana” kilsəsində Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Müqəddəs Taxt-Tacdakı və İtaliyadakı diplomatik korpusun və yerli ictimayiyyətin nümayəndələri, eləcə də Romada yaşayan həmvətənlərimiz iştirak ediblər. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov XX əsrin ən qaranlıq və ağrılı səhifələrindən biri kimi tarixə düşmüş Xocalı faciəsinin qurbanlarının xatirəsini anaraq, 1992-ci il fevralın 25–26-da Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu nəticəsində 613 dinc azərbaycanlının qətlə yetirildiyini, 1275 nəfərin isə girov götürüldüyünü diqqətə çatdırıb.
Xocalı soyqırımının bir sıra dövlətlər, parlamentlər və beynəlxalq təşkilatlar tərəfindən tanındığını əlavə edən səfir Muxtarov bu addımların tarixi həqiqətin qorunması, ədalətin bərqərar olunması, eyni zamanda bəşəriyyətə qarşı cinayətlərin qınanması və onların təkrarlanmamasına dair ümumi məsuliyyətin bir daha təsdiqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Səfir İ. Muxtarov Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq perspektivlərinə də diqqət çəkib. O, bildirib ki, xüsusilə 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında ilkin sülh sazişinin paraflanması, həmçinin iki ölkə arasında dövlətlərarası münasibətlərə dair birgə bəyannamənin qəbul olunması kimi tarixi addımların regionda davamlı sülhün təmin edilməsi baxımından mühüm fürsət yaratdığını qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı şəhərinin yerləşməsi və əhalisi haqqında qısa məlumat verərək, tədbir iştirakçılarını o dəhşətli gecədə bəşəriyyətə qarşı cinayətin törədildiyini, bir gecədə 613 dinc azərbaycanlının məhz milli mənsubiyyətinə görə qətlə yetirildiyini diqqətə çatdırıb.
Səfir çıxışında Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il tarixli qərarında Xocalının işğalı zamanı yüzlərlə Azərbaycan mülki şəxsinin öldürüldüyünü, yaralandığını və ya qaçmağa cəhd edərkən girov götürüldüyü faktının qeyd edildiyini, məhkəmənin bu əməlləri “xüsusilə ağır, potensial olaraq müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən” kimi müəyyən etdiyini söyləyib.
2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının maarifləndirmə səylərini gücləndirərək Xocalı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığını bildirən səfir Xocalı qurbanlarının xatirəsinin oxşar vəhşiliklərin bir daha təkrarlanmamasını təmin etmək üçün universal bir çağırış olduğunu vurğulayıb.
Daha sonra, R.Aslanov bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri sayəsində Qafqazın nəhayət ki, yeni bir sülh mərhələsinə qədəm qoyduğunu, Azərbaycanın həmişə təkcə suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün deyil, həm də ahəngdar birgəyaşayışın təməlini qoymaq üçün çalışdığını diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində İtaliyanın “UniMarconi” xoru və “Costantina” musiqi kapellasının xor kollektivi və orkestri tərəfindən dünya bəstəkarlarının klassik əsərləri, o cümlədən Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin “Matəm Odası” ifa olunmuşdur.