Dini Azadlıq üzrə Amerika Mərkəzinin baş icraçı direktoru, ABŞ Daxili Təhlükəsizlik Departamentində keçmiş direktor müavini, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı direktoru Janna Skot AZƏRTAC-a müsahibə verib. J.Skot müsahibəsində Azərbaycanın Tramp administrasiyası üçün strateji əhəmiyyətindən, Vaşinqton razılaşmalarının əhəmiyyəti, Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri, beynəlxalq ictimaiyyətin regionda uzunmüddətli sülhün təmin edilməsinə verə biləcəyi töhfələr barədə danışıb. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycanın Tramp administrasiyası üçün strateji əhəmiyyətini necə qiymətləndirirsiniz və ABŞ-ın Cənubi Qafqaz siyasətinin uzunmüddətli istiqamətləri barədə nə deyə bilərsiniz?
- Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi cəhətdən ən güclü dövləti olmaqla ABŞ, xüsusilə də Tramp administrasiyası üçün mühüm strateji tərəfdaşdır. ABŞ administrasiyası Azərbaycanı enerji təhlükəsizliyi və nəqliyyat və kommunikasiya sahəsində artan əhəmiyyətə malik dövlət kimi qiymətləndirir. Dövlət katibi Marko Rubionun 2025-ci ildə Azərbaycanın Müstəqillik Günü münasibətilə yayımladığı rəsmi bəyanatda iki ölkə arasında 33 illik tərəfdaşlıq vurğulanıb, təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi inkişaf sahələrində intensiv əməkdaşlığın strateji əhəmiyyəti qeyd edilib.
- Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması perspektivlərini necə qiymətləndirirsiniz? Mövcud şəraitdə hansı sülh modeli daha real görünür?
- Sülh danışıqlarının mövcud mərhələsi hər iki ölkənin liderlərinin onilliklər ərzində davam etmiş münaqişədə yeni mərhələyə keçmək niyyətini nümayiş etdirdiyini təsdiqləyib. Liderlərin davamlı və dayanıqlı sülhə sadiqliyi siyasi iradənin formalaşdığını göstərir. İndiki mərhələdə əsas vəzifə razılaşdırılmış müddəaların praktiki həyata keçirilməsidir. Bu prosesin uğuru üçün hər iki ölkə cəmiyyətinin geniş dəstəyi zəruridir.
- Vaşinqton razılaşmalarının regionda sülhün və sabitliyin təmin edilməsinə töhfəsini necə qiymətləndirirsiniz? Bu sənədlər uzunmüddətli sülh üçün real baza yarada bilərmi?
- Vaşinqton razılaşmaları ABŞ-ın regiondakı diplomatik səylərinin mühüm komponentidir və tərəflər üçün yeni əməkdaşlıq çərçivəsi formalaşdırır. Sazişlər təhlükəsizlik, suverenliyin qarşılıqlı tanınması və iqtisadı əməkdaşlıq sahəsində mühüm prinsipləri təsbit etsə də, təkcə hüquqi sənədlərin mövcudluğu dayanıqlı sülhü təmin etmir. Sülhün davamlılığı insanların psixoloji hazırlığına, qarşılıqlı hörmət mədəniyyətinin formalaşmasına, cəmiyyətlərarası etimadın bərpasına əsaslanır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın xalqların sosial və psixoloji rifahını nəzərə alan addımları müsbət qiymətləndirilir və gələcək proseslər üçün güclü əsas kimi çıxış edir.
- Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad mühitinin gücləndirilməsi istiqamətində hansı addımlar atıla bilər?
- Uzunmüddətli münaqişələrdən sonra etimadsızlıq cəmiyyətlərin təbii reaksiyasıdır. Nəsillər boyu formalaşmış stereotiplər mövcuddur. Bununla yanaşı, hər iki xalq yüksək dözümlülük, mənəvi iradə və sülhə meyl kimi mühüm keyfiyyətlərə malikdir. Etimadın bərpası üçün aşağıdakı addımlar mühüm hesab olunur:
- Hər iki ölkədə müxtəlif sosial qrupları təmsil edən sülh təşəbbüskarı qrupların formalaşdırılması;
- Tarixi məsələlərin, humanitar nəticələrin və münaqişənin ümumi xarakterinin alimlər və mütəxəssislər tərəfindən obyektiv müzakirəsi;
- Çətin dialoqlar zamanı neytral vasitəçilərin iştirakı ilə təhlükəsiz müzakirə mühitinin yaradılması;
- Birgə sosial, iqtisadi və infrastruktur layihələrinin icrası, xüsusən icma səviyyəsində əməkdaşlıq formatlarının genişləndirilməsi;
- Diaspor nümayəndələrinin, beynəlxalq tərəfdaşların və ekspertlərin prosesə töhfə verməsi və əldə olunan təcrübələrin bölüşdürülməsi.
Bu, mərhələli, davamlı və uzunmüddətli yanaşma tələb edən prosesdir.
- Beynəlxalq ictimaiyyət regionda uzunmüddətli sülhün təmin edilməsinə necə dəstək göstərə bilər?
- Beynəlxalq ictimaiyyətin rolu əhəmiyyətlidir. Bununla yanaşı, heç bir dövlət və ya qurum regionun nəzarətçisi funksiyasını öz üzərinə götürməməlidir. Xarici tərəfdaşların əsas rolu prosesə dəstək vermək, tərəflərin irəliləyişinə töhfə göstərmək və ehtiyac yarandıqda zəruri məsləhət və resurslarla təmin etməkdən ibarət olmalıdır. Alimlərin, hüquqşünasların, din xadimlərinin, media təmsilçilərinin, tələbələrin, biznes qurumlarının, dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə çoxsahəli əməkdaşlıq platforması formalaşdırıla bilər. Azərbaycan və Ermənistan bu təşəbbüslərə açıq olarsa, məqsədi sülh və sabitliyin möhkəmləndirilməsi olan geniş regional əməkdaşlıq imkanları yarana bilər.