Qərbin ədalət anlayışı bundan o tərəfə keçmir
Azərbaycanın müasir tarixi çoxsaylı uğurlarla, əlamətdar hadisələrlə zəngindir. Ən böyük uğurumuz, tariximizin ən möhtəşəm hadisəsi isə sözsüz ki, torpaqlarımızın işğaldan azad edilməsi, bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunmasıdır. Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan zəfərlərlə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı savaşda qalib gələn dövlətə çevirdi, xalqımıza qürur yaşatdı.
Vasitəçilik edənlər və beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmadılar
Qarabağ dünyada hər zaman Azərbaycan torpağı kimi tanınıb. Ermənilər isə həm Qarabağı, həm də ətraf rayonları işğal etmiş, 700 min nəfərdən artıq azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdular. İşğal dövründə Azərbaycan əraziləri ermənilər tərəfindən vandallığa məruz qalmışdı. Düşmən milli mədəniyyətimizə, tarixi irsimizə, təbiətimizə də qənim kəsilmişdi.
Amma bütün bunlara baxmayaraq, artıq keçmişdə qalmış Qarabağ probleminin həllində vasitəçilik edənlər və digər beynəlxalq təşkilatlar hər zaman ikili standartlardan çıxış etmiş, işğalçını öz adı ilə çağırmaqdan, Ermənistandan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməkdən uzaq olmuşdular. Daim ikili standartlardan çıxış etmiş, problemin güc yolu ilə həllinin qeyri-mümkün olduğunu bildirmişdilər.
Yüz minlərlə azərbaycanlı məcburi köçkün vəziyyətinə düşsə də, beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri bir dəfə də olsun haqsızlığı dilə gətirmədilər, obyektiv olmadılar. Demokratiya və insan hüquqlarından dəm vursalar da, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yüz minlərlə azərbaycanlının yaşamaq və mülkiyyət hüquqlarının pozulmasına laqeyd münasibət ortaya qoydular. Həm də erməni sevgisindən çıxış edərək Azərbaycana qarşı hər zaman riyakar mövqe tutdular, Ermənistanın təəssübkeşi kimi özlərini göstərdilər.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra təsdiqini tapan əsas həqiqətlərdən biri də budur ki, ATƏT-in artıq fəaliyyətini dayandırmış Minsk qrupunun həmsədri kimi Fransanın əsl niyyəti Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması olub. Fransanın problemə baxışı heç ikili standartlar çərçivəsində də olmayıb. Parisin siyasi standartı yalnız Ermənistanın maraqlarının təmin olunması, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması olub.
Azərbaycan həm də erməni təəssübkeşlərinə qalib gəldi
Bu gün də Azərbaycan Qərbin məkri ilə üz-üzədir. Vaxtilə Ermənistanın maraqlarını ikili standartlar prizmasından müdafiə edən Qərb siyasi mərkəzləri indi dəyişiblər. Belə ki, bu gün onlar açıq şəkildə Ermənistanı müdafiəyə qalxaraq, Azərbaycanla düşmənçilik edirlər. Bu gün həmin Qərb Azərbaycanı öz torpaqlarını işğaldan azad etməkdə, ərazilərində erməni separatizminə son qoymaqda günahlandırır. Hansı ki bir vaxtlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirir və arxasınca da riyakarcasına problemin güc yolu ilə həllinə qarşı olduqlarını deyirdilər. Amma onların nə deməsindən, nə fikirləşməsindən asılı olmayaraq, qüdrətli Azərbaycan torpaqlarını işğaldan azad etdi, ermənilərin 200 ilə yaxın davam etdirdikləri separatizmə son qoydu.
Qeyd etdiyimiz kimi, Azərbaycana qarşı bir vaxtlar ikili standartlardan çıxış edənlər indi ölkəmizi hədəfə alıblar. Elə bir həftə yoxdur ki, erməni təəssübünü çəkən dövlətlər və təşkilatlar tərəfindən Azərbaycana qarşı hansısa ittiham səslənməsin və yaxud ölkəmiz üçün adi kağız qədər əhəmiyyəti olmayan sənəd qəbul edilməsin. Sanki bunların işi-gücü yalnız Azərbaycanın uğurlarına kölgə salmaqdan, ölkəmizə böhtan və şər atmaqdan ibarətdir.
Fransa hakimiyyəti, habelə bu ölkənin Senatı və Milli Assambleyası, Avropa Parlamenti və AŞPA hazırda erməni məkrinin ən alovlu müdafiəçiləri qismində çıxış edirlər. Buraya regionda nə baş verdiyini, ümumiyyətlə, dərk etməyən Niderlandı və Belçikanı da əlavə edə bilərik. Bir neçə ay əvvələ qədər ABŞ-nin keçmiş prezidenti Baydenin administrasiyası da onların sırasında idi. ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinkenin sanki Azərbaycanı hədəfə almaqdan başqa işi-gücü yox idi. Onun ermənipərəst mövqeyi siyasi riyakarlığın zirvəsi idi.
Vətən müharibəsində torpaqlarını işğaldan azad edən, 2023-cü ilin sentyabrında Qarabağda erməni separatizminə son qoyan Azərbaycan həm də sözügedən erməni təəssübkeşlərinə, Qərbdə mənzillənən antiazərbaycançı şəbəkəyə qalib gəldi, onların riyakarcasına müdafiəsində dayandıqları işğal siyasətini, ikili standartları darmadağın etdi. İndi bu bədnam siyasi qaragüruh Azərbaycanın zəfəri ilə barışa bilmir, ölkəmizi öz milli haqqını bərpa etməkdə günahlandırır.
Əvvəl ikili standartlar, indi isə açıq şəkildə qərəz, riyakarlıq. Görünən odur ki, Qərbin ədalət anlayışı bundan o tərəfə keçmir. Amma onların nə deməsinin, nə qəbul etməsinin güclü və qalib Azərbaycan üçün zərrə qədər də əhəmiyyəti yoxdur.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"