Payız kiməsə romantik, kiməsə gərgin təsir bağışlayan fəsildir. İlin bu vaxtı təbiətdə baş verən dəyişikliklər, yarpaqların saralıb tökülməsi, gündüzlərin qısalıb, gecələrin uzanması, günəş şüalarının hərarətinin zəifləməsi kimi dəyişikliklər istər-istəməz insanlara təsir göstərir, mövsümi depressiya yaradır. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və həvəssizlik kimi hisslər gətirir. Fəsil depressiyası həmin hisslərin təsiri nəticəsində yaranır. Mütəxəssislər qeyd edirlər ki, payız depressiyası enerji itkisi, iştahasızlıq, yuxu pozuntusu, halsızlıq kimi hallarla özünü büruzə verir. Adətən həmin simptomlar payızın sonu və ya qışın əvvəlində başlayır, yaz aylarına doğru isə get-gedə azalır.
Psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv hallar müşahidə edildiyini söyləyirlər. Bu isə aktiv həyat tərzinə mənfi təsir göstərir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: “Fəsil depressiyası oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əməklə məşğul olanlar, passiv həyata meyilli olanlarda daha çox müşahidə edilir. Payız depressiyasına düşənlər gecələr uzandıqca, gündüzlər qısaldıqca yatmaq istəyirlər. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar. Bundan başqa, hava dəyişikliyi də depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə müəyyən xəstəliklər meydana gəlir. Xəstəliklərin depressiyası payızda özünü göstərir. Həmçinin yaşla əlaqədar depressiyaya da düşmək olur. Ona görə də ilk növbədə, fiziki aktivliyi qorumaq, hər gün hava şəraitindən asılı olmayaraq heç olmasa 1 saata qədər təmiz havada gəzmək lazımdır”.
Hər gün açıq havada gəzmək, xüsusilə səhər saatlarında günəş şüaları qəbul etmək, idmanla məşğul olmaq depressiyadan xilas olmaq üçün əsas vasitələrdən sayılır: “İlk növbədə, günü rejimə salmaq, gecələr 8 saatdan az olmayaraq yatmaq lazımdır. Ən mühüm məsələlərdən biri - vaxtı dörd divar arasında keçirməmək, qohum, dost və yaxınlarla bir məclisdə olmağa üstünlük vermək, yaxud kafedə yaxın dostlarla bir fincan çay içmək tövsiyə olunur. Bu addımlar bəzən bir psixoloqun seansı qədər faydalı təsir bağışlayır. Ovqatı yaxşılaşdıran məsələlər haqqında düşünmək və onları həyata keçirməyə çalışmaq lazımdır. Səhərlər fiziki hərəkətlər etmək həm əhvalı yaxşılaşdırır, həm də iradə nümayişinə görə özünə inam hissini artırır. Piyada gəzməyə üstünlük verilməsi də vəziyyətdən çıxmağa çox yaxşı kömək edir”, - deyə psixoloq bildirib.
Depressiyadan uzaq olmaq üçün diyetoloqların da tövsiyəsi var. Onlar qidanı tənzimləmək, pəhrizə keçmək, kofein tərkibli və energetik içkilərdən uzaq durmağın faydasını önə çəkirlər. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslaşdırıcı bitki çayları, məsələn, itburnu və ya eleuterokok dəmləməsi içmək, tünd şokolad yemək əhvalı yaxşılaşdırır. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir.