Özbəkistanın Əndican şəhərinin 2026-cı ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi rəmzi məna daşıyır.
AZƏRTAC UZA agentliyinə istinadla xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubunda bildirilir.
Özbəkistan lideri qeyd edib: “Böyük İpək Yolunun kəsişməsində yerləşən qədim və unikal Əndican şəhərinin 2026-cı ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə bağlı tədbirlərin başlanması münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.
Bugünkü mərasimdə iştirak edən beynəlxalq təşkilatların rəhbərlərini, xarici ölkələrin səfirlərini, Türk dünyasının mədəniyyət, ədəbiyyat və incəsənət sahəsindəki görkəmli simalarını səmimi-qəlbdən salamlayır, hamınıza dərin hörmətimi və xoş arzularımı bildirirəm”.
Şavkat Mirziyoyev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və onun üzv dövlətlərinin rəhbərliyinə də minnətdarlığını bildirib. O əlavə edib: “Şübhəsiz ki, Əndicana verilən bu yüksək şərəfi Özbəkistanın zəngin tarixinin, mədəni və mənəvi irsinin, ölkəmizin türk mədəniyyətinin inkişafına verdiyi əhəmiyyətli töhfənin, həyata keçirdiyimiz genişmiqyaslı islahatların nəticələrinin daha da beynəlxalq səviyyədə tanınması kimi qəbul edirik”.
Prezident Mirziyoyev bildirib ki, Şərqin qapısı olan Əndican əsrlər boyu mədəni, ədəbi, incəsənət və sənətkarlıq mərkəzi olub. Bütün Türk dünyası bu müqəddəs diyarın böyük hərbi liderlər, dövlət xadimləri, görkəmli alimlər, mütəfəkkirlər, istedadlı şairlər, yazıçılar və sənətkarlar yetişdirdiyini minnətdarlıqla qəbul edir. “Xalqımızın qüruru olan Babur Mirzonun nəhəng elmi-ədəbi irsi və hərbi sənətini, azadlığı və müstəqilliyi tərənnüm edən klassik şair Əbdülhəmid Çulponun ölməz əsərləri xüsusilə diqqətəlayiqdir. Milli rəqs sənəti olan “Əndican polkası”nın və hazırcavablar üçün “Askia” müsabiqəsinin bariz nümunəsi, mübaliğəsiz olaraq, mədəniyyətə dəyər verən bütün insanların ortaq irsinə çevrilib”, -deyə o vurğulayıb.
Ş. Mirziyoyev bildirib ki, TÜRKSOY ilə sıx əməkdaşlığıq şəraitində “Türk ədəbiyyatının inciləri” unikal 100 cildlik nəşri hazırlanıb, çoxsaylı birgə elmi konfrans və forum, müxtəlif mədəni tədbirlər və təqdimatlar təşkil olunub. Həmçinin bu ilin aprel ayında Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzində TÜRKSOY-un ofisinin açılışı olub.
Özbəkistan Prezidenti müraciətinin sonunda qeyd edib: “Əminəm ki, “Əndican- Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində ölkəmizdə və qardaş dövlətlərdə il ərzində keçiriləcək festivallar və elmi konfranslar, sənət gecələri və yaradıcı görüşlər unudulmaz tədbirlər olacaq, mədəni həyatımızda dərin iz buraxacaq, dostluq və birlik bağlarını möhkəmləndirəcək və gənc nəsil üçün geniş imkanlar açacaq”.