“Pinterest” platforması gözəllik sahəsində istifadəçilərin bəyəndikləri nümunələri daha konkret şəkildə reallaşdırmasına kömək edən “Beauty Guides” adlı yeni süni intellekt funksiyasını istifadəyə verib. Yeni alət istifadəçinin saç və dırnaqla bağlı yadda saxladığı paylaşımları təhlil edərək onları gözəllik salonunda tətbiq oluna biləcək ətraflı tövsiyələrə çevirir.
“Beauty Guides” görüntüləri analiz edən texnologiya ilə “Pinterest Intelligence” süni intellekt sisteminin imkanlarını birləşdirir. Alət seçilmiş fotodakı üslubun əsas xüsusiyyətlərini müəyyənləşdirir və onları saç ustalarının, eləcə də manikür mütəxəssislərinin istifadə etdiyi peşəkar terminlərlə ifadə edir. Bunun sayəsində istifadəçi “balayage”, “root melt” və ya “almond nails” kimi anlayışların mənasını əvvəlcədən bilməsə belə, arzuladığı görünüşü ustaya daha aydın izah edə bilər.
Funksiyadan istifadə etmək üçün paylaşım üzərində “Get the Guide” seçimini aktivləşdirmək kifayətdir. Bundan sonra istifadəçiyə seçdiyi görünüşlə bağlı ətraflı məlumat təqdim olunur. Bələdçidə salonda hansı xidmətlərin tələb olunacağı, prosedurun mümkün müddəti və ehtimal olunan xərc barədə məlumat yer alır. Bundan başqa, əldə edilən nəticənin uzun müddət saxlanılması üçün qulluq qaydaları və müəyyən prosedurların hansı intervalla təkrarlanmasının məqsədəuyğun olduğu da göstərilir.
İlk versiyada sistem saç kəsimi, saç rəngi, dırnaq dizaynı və ümumi görünüşlə bağlı məzmunları əhatə edir. İstifadəçi nümunədə hansı detalları olduğu kimi saxlamaq, hansılarında isə dəyişiklik etmək istədiyini bələdçinin təqdim etdiyi təsvirlər əsasında müəyyənləşdirə bilər.
Beləliklə, istifadəçi gözəllik salonuna yalnız bəyəndiyi bir foto ilə getmək əvəzinə, istədiyi nəticə, tələb olunan prosedurlar, mümkün xərc və sonrakı qulluq barədə əvvəlcədən təsəvvür formalaşdıra bilir. Yeni funksiya xüsusilə bəyəndiyi görünüşü sözlə ifadə etməkdə çətinlik çəkən şəxslər üçün daha rahat ünsiyyət imkanı yaradır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”