Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb. Bu islahatların əsas məqsədi məhz cəmiyyətin həssas qruplarının, o cümlədən aztəminatlı ailələrin, qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O qeyd edib ki, hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir. Həmçinin ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxunu uşaqlar təşkil edir.
“Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində görülən işlərə nəzər salsaq, cari ilin birinci rübünün sonuna olan məlumata əsasən, nazirliyin tabeliyində fəaliyyət göstərən sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb. Həmin müəssisələrdə uşaqlara stasionar və yarımstasionar formada sosial-məişət, tibbi-sosial, sosial-mədəni və sosial-pedaqoji xidmətlər göstərilir.
Bununla yanaşı, nazirliyin sosial sifarişi ilə icra olunan “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi çərçivəsində cari il ərzində 168 nəfər baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşağa sosial xidmət göstərilir.
Həmçinin aparılan ardıcıl tədbirlərin nəticəsində 2019-cu ildən etibarən ümumilikdə 865 uşaq övladlığa verilib”, - deyə nazir vurğulayıb.
Anar Əliyev himayədar ailə modeli ilə 2022-ci ildən etibarən 34-ü oğlan, 44-ü qız olmaqla ümumilikdə 78 uşağın himayədar ailəyə verildiyini diqqətə çatdırıb: “Bununla yanaşı, reinteqrasiya tədbirləri nəticəsində 2020-ci ildən etibarən 873 uşaq ailələrinə geri qaytarılıb”.