Son illər aqrar sahədə həyata keçirilən islahatlar kənd təsərrüfatının inkişafında mühüm nəticələr əldə olunmasına şərait yaradıb. Yeni dövlət proqramının icrası isə bu sahədə məhsuldarlığın artırılmasına, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsinə və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə hesablanıb.
Əlbəttə, qarşıdakı illərdə əldə ediləcək nəticələr hər bir rayonun öz potensialından nə dərəcədə səmərəli istifadə etməsindən, fermerlərin və sahibkarların nə qədər fəal olmasından, dövlət qurumlarının isə üzərlərinə düşən vəzifələri nə dərəcədə operativ və məsuliyyətlə yerinə yetirməsindən asılı olacaq. Odur ki, aidiyyəti qurumlar qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində konkret fəaliyyətə başlamalı, rayonlar üzrə prioritet istiqamətləri müəyyən etməli, investisiya layihələrinin hazırlanmasını sürətləndirməli və nəzərdə tutulan tədbirlərin icrasını gündəlik fəaliyyətlərinin mühüm tərkib hissəsinə çevirməlidirlər.
Bu fikirlər "Azərbaycan Respublikasının kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə də səsləndirilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, artıq bir neçə gündür Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də kənd təsərrüfatının inkişafı ilə bağlı keçirilən müşavirədə verilmiş tapşırıqların icrası və yeni dövlət proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması üçün müzakirələr aparılır.
Belə müzakirələrdən biri Şəmkir rayonunda olmuşdur. Müşavirədə Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından olan fermerlər və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə məlumat vermiş və kənd təsərrüfatının inkişafına verilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirmiş, qəbul edilən dövlət proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin artırılmasına, təsərrüfatların genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcəklərini bildirmişlər.
Kənd təsərrüfatı məhsulları istehsalında yüksək göstəricilərə nail olan rayonlardan biri də Ağstafadır. Rayonda aqrar sahədə davamlı inkişafa nail olmaq üçün hər il müxtəlif tədbirlər həyata keçirilir. Xüsusən mövcud əkin sahələrindən səmərəli istifadə olunması, torpağın əkilib becərilməsində qabaqcıl texnologiyalara üstünlük verilməsi diqqət mərkəzində saxlanılır.
Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov dedi ki, dövlət proqramında nəzərdə tutulan hədəflərə yalnız dövlət dəstəyi hesabına deyil, fermerlərin, eləcə də özəl sektorların fəal iştirakı hesabına çatmaq mümkün olacaq: "Bunun üçün özəl sektor aqrar dəyər zəncirinin əsas hərəkətverici qüvvəsi kimi çıxış etməlidir. İstehsal, emal, saxlama, logistika, marketinq və ixrac prosesləri bir-biri ilə sıx əlaqələndirilməli, istehsal olunan məhsulun maksimum iqtisadi dəyərə çevrilməsi təmin edilməlidir. Məhz bu yanaşma yüksək gəlirli, daha məhsuldar və güclü ixrac potensialı olan kənd təsərrüfatını formalaşdıra bilər". RİH başçısı yeni dövlət proqramının qəbul edilməsini ölkədə ərzaq təhlükəsizliyində böyük dönüş yaradacağını söylədi. Dedi ki, indi əsas məsələ dövlət başçısının qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirməkdən ibarətdir.
Söz yox ki, bu proqramın icra edilməsində yerlərdən verilən bir sıra təkliflərin də böyük əhəmiyyəti olacaq. Şəmkirdə keçirilən regional müşavirədə Ağstafadan olan fermer və sahibkarlar da iştirak edərək arzu və təkliflərini bildirdilər. Belə təkliflərdən biri rayonun Çeyrançol ərazisində geniş heyvandarlıq təsərrüfatları ilə bağlı oldu. Hazırda həmin ərazidə 100 mindən çox davar saxlanılır. İldə minlərlə heyvan kəsimi aparılır. Amma kəsilən heyvanların dərisi və yunu, demək olar, çölə atılır. Heyvandarlar təklif edirlər ki, regionda yun və dəri emalı müəssisəsi yaradılsın. Bundan başqa da hər il Ceyrançöl ərazisində 18 min tondan çox süd istehsal edilir. Onun saxlanmasında və emalında çətinliklər olur. Fermer İbrahim Quliyev Çeyrançöldə böyük heyvandarlıq təsərrüfatı yaratmışdır. Hazırda təsərrüfatında 900 baş xırdabuynuzlu heyvan var. Hər il sürüdən 500 baş bala alır. Qoyunların kəsimindən isə 50 ton ət satır. Kəsilmiş heyvanların həm dərisi, həm də yunu tələf olur. Yalnız emal müəssisə açmaqla bu problemi həll etmək mümkündür.
Məlum olduğu kimi, Ağstafada üzümçülük geniş inkişaf etmişdir. Hər il bağlardan tonlarla məhsul yığılaraq satılır, ancaq bir hissəsi. Yerdə qalan məhsul isə zay olur. Üzümçülər deyirlər ki, rayonda şərab emalı müəssisələri yaradılsa, məhsul da əllərində qalmaz. Bu, həm istehsalçıların güzəranına müsbət təsir göstərər, həm də ölkəmizin şərab ixracını artırar.
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanov dedi ki, söylənən bu təkliflər həyata keçirilsə, rayonda daha sürətli inkişafa nail olmaq mümkündür. Söz yox ki, yeni dövlət proqramının icrası Ağstafada da aqrar sektorun inkişafı üçün yeni imkanlar yaradacaq.
Sabir ƏLİYEV,
"Azərbaycan"