08 İyun 2024 01:19
859
PARLAMENT
A- A+
Dövlət büdcəsi 40 milyard manata yaxınlaşır

Dövlət büdcəsi 40 milyard manata yaxınlaşır

 

Milli Məclisin növbədənkənar sessiyası başladı

 

İyunun 7-də Milli Məclisin 2024-cü ilin növbədənkənar sessiyasının ilk iclası keçirilib. Parlamentin spikeri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə parlamentin 5-6 iyun tarixlərində böyük beynəlxalq tədbirlərə evsahibliyi etdiyini deyib. Sahibə Qafarova Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Şura və plenar iclaslarının, Assambleyanın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun toplantılarının, həmçinin parlament Baş katiblərinin birinci görüşünün keçirilməsi barədə deputatlara məlumat verib.  Bildirilib ki, bu tədbirlər, digər  inteqrasiya qurumları kimi, Türk Dövlətlərinin Parlament Assambleyasının da ildən-ilə inkişaf edərək eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqların və dövlətlərin ümumi məqsədlər ətrafında sıx birləşməsində mühüm rol oynadığını nümayiş etdirir. 
Milli Məclisin Sədri bildirib ki, Assambleyanın plenar iclasındakı çıxışında o, Prezident İlham Əliyevin "Bizim ailəmiz türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur" kəlamını vurğulayıb və  türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasət prioritetlərindən biri olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. 
Sahibə Qafarova deyib ki, iclasda "Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu" mövzusunda müzakirələr aparılıb. Müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin ata biləcəyi addımlar nəzərdən keçirilib, noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı fikir mübadiləsi aparılıb. İclasın yekununda Bakı Bəyannaməsi qəbul edilib. 
Türk Dövlətləri Parlament Assambleyasının 13-cü plenar iclasında Assambleyaya sədrliyin Türkiyə Respublikasından Azərbaycan Respublikasına təhvil verilməsi barədə deputatlara məlumat verilib. Bildirilib ki, beləliklə də, Milli Məclis TÜRKPA ilə yanaşı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası da daxil olmaqla üç beynəlxalq parlament qurumuna sədrliyi həyata keçirir.
Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilən bütün tədbirlərinin həm məzmun, həm də forma baxımından yüksək səviyyəsi ilə seçildiyini deyən spiker Sahibə Qafarova, tədbirlərin təşkilində əməyi keçən Milli Məclisin deputatlarına, həmçinin Aparatın və  İşlər İdarəsinin bütün əməkdaşlarına öz minnətdarlığını bildirib.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. Spiker bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası 2024-cü ilin ötən dövründə də  iqtisadiyyatın yüksəlişini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətə çatdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat ümumi daxili məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım daha yüksək - 7,7 faiz olub. 2024-cü il dövlət büdcəsi gəlirlərinin artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub. 
Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi məqsədi ilə bu ilin dövlət büdcəsi haqqında qanunda və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsi zərurətini irəli sürüb. Bununla əlaqədar olaraq, ölkə Prezidenti müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib və gündəliyin ilk üç məsələsi məhz bu qanun layihələridir. Sahibə Qafarova birinci məsələnin "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib. 
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatı təqdim edib. Komitə sədri bildirib ki, qanun layihəsinə dair izahatda 2024-cü ilin 4 ayı ərzində dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrində xərclərin artması nəzərə alınmaqla 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib. Eyni zamanda işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin əlavə gəlirlər, mövcud ehtiyatlar hesabına maliyyələşdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yaranıb.
Tahir Mirkişili diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 34 173 milyon, xəclərinin 36 763 milyon, dövlət büdcəsi kəsirinin isə 2 590 milyon manat olacağı planlaşdırılmışdı. Eyni zamanda, 2024-cü ildə ÜDM-in real artım tempinin 2.4 faiz, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4.6 faiz, inflyasiyanın orta illik səviyyəsinin 5.3 faiz olacağı proqnozlaşdırılmış, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 60 dollar səviyyəsinə uyğun həyata keçirilmişdi. Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 38.2 milyard manat olmuş, iqtisadi artım tempi proqnozlaşdırılan illik 2.4 faizə qarşı 3,8 faiz təşkil etmişdir. Artım tamamilə qeyri-neft/qaz sektoru hesabına təmin edilmiş, bu sektorun artımı proqnozlaşdırılan illik 4.6 faizlik artıma qarşı 7,7 faiz, neft-qaz sektorunda isə proqnozlaşdırılan illik 1.7 faizlik azalmaya qarşı 0,1 faizlik azalma qeydə alınmışdır. İxrac idxalı 2.5 milyard dollar üstələmişdir. "AzeriLight" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 ABŞ dollarına bərabər olmuşdur ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 ABŞ dolları çoxdur.
Qeyd olunub ki, cari ilin 4 ayı ərzində dövlət büdcəsi gəlirlərinin proqnoz və icra göstəriciləri arasında fərqlər müşahidə olunmuş, bir çox gəlir mənbələri üzrə proqnozlar artıqlaması ilə icra edilmişdir. Belə ki, bu ilin 4 ayı ərzində dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 094.4 milyon manat və ya 9.2 faiz çox təşkil etmişdir. Bu artım dövlət büdcəsi gəlilərinin proqnozuna yenidən baxılmasına zərurət yaratmışdır. 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumatlarda ÜDM-in ilkin təqdim edilmiş 118,3 milyard  manatdan 121.3 milyard manatadək artırılması, iqtisadi artım tempinin isə ilkin təqdim edilmiş 2.4 faizdən 3,8 faizə yüksəldilməsi əks olunmuşdur. ÜDM-də nominal məbləğdə nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda ÜDM-də gözlənilən 3 milyard manat artımın 0,6 milyard manatının qeyri-neft/qaz, 2,4 milyard manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda real artım proqnozu 2024-cü il üçün 4.6 faizdən 5.5 faizə qədər artırılmışdır. Neft-qaz sektorunda real artım proqnozu isə 1.7 faizdən +0.8 faizə dəyişdirilmişdir.Yenidən baxılan "Büdcə zərfi"ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin 15 dollar artırılaraq 75 dollar səviyyəsinə uyğun həyata keçirilmişdir.
Komitə sədri qeyd edib ki, bu ilin keçən dövrü ərzində işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin icrası üçün dövlət büdcəsi qarşısında əlavə 3796,1 milyon manat məbləğində maliyyə tələbatı yaratmışdır. Bunu nəzərə alaraq, yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 2 180.0 milyon manat artırılaraq 36 353.0 milyon manata, xərclərinin 2 944.3 milyon manat artırılaraq 39 707.3 milyon manata, kəsirin 764.3 milyon manat artırılaraq 3 354.3 milyard manata çatdırılması təklif olunur. 
İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb. O, Prezident İlham Əliyevin hökumət qarşısında yeni çağırışları ehtiva edən vəzifələr qoyduğunu vurğulayıb. Bildirib ki, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə söykənən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın məqsədlərinin reallaşması, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası həmin vəzifələr sırasındadır. Ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da gücləndirilməsi, silahlı qüvvələrin hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, dövlət sərhədlərinin möhkəmləndirilməsi və digər mühüm əhəmiyyətli tədbirlər qarşıda duran prioritet vəzifələrdəndir.
Bildirilib ki, dünya neft və qaz bazarlarında qiymət konyunkturası cari ilin əvvəlinə  müşahidə olunan vergi-gömrük daxilolmalarının, habelə icmal və dövlət büdcələri xərclərinin artması nəzərə alınaraq, 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib. Yenilənmiş proqnozun baza ssenarisi ilə 121,3 milyard manat həcmində və yaxud ilkin nəzərdə tutulmuş proqnozdan 3 milyard manat çox olması gözlənilir.  Qeyri-neft ÜDM üzrə 84,7 milyard manat həcmində və ya 600 milyon manat çox olması proqnozlaşdırılır. 
Diqqətə çatdırılıb ki, yenilənmiş makroiqtisadi proqnoz, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və büdcə qaydası üzrə dövlət büdcəsində əlavə fiskal məkanın mövcudluğu 2024-cü il üzrə dövlət və icmal büdcələrinin gəlir və xərclərinə yenidən baxılması üçün zəmin yaradır. Buna əsasən, müvafiq qanunvericiliyə uyğun olaraq, 2024-cü ilin dövlət büdcəsi haqında qanuna düzəlişlər edilməsi barədə layihə hazırlanıb və Milli Məclisə təqdim olunub.
Maliyyə naziri nəzərə çatdırıb ki, yenidən baxılma ilə dövlət büdcəsi xərclərinin artımı hesabına bir sıra prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşməsi üçün əlavə maliyyə təminatı yaradılır. Belə ki, bu tədbirlər sırasında, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, dövlətin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, ölkənin digər regionlarında avtomobil yolu, elektrik enerjisi, su təchizatı və digər sahələr üzrə infrastruktur layihələrin maliyyələşdirilməsi üçün 977 milyon manat yönəldilməsi nəzərdə tutulur.
Bildirilib ki, yenidən baxılma ilə 2024-cü il icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri isə 45 milyard 592 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin kəsirinin məbləği təsdiq olunmuş göstəriciyə nisbətən 37,5 faiz və ya 1 milyard 267 milyon manat az olacaq. İcmal büdcənin tərkib hissəsinə daxil olan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 14 milyard 109 milyon manat, xərcləri isə 12 milyard 867 milyon manat təşkil edəcək. Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 950 milyon manat proqnozlaşdırılır. İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 2 milyard 850 milyon manat nəzərdə tutulur. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri təsdiq olunmuş məbləğdə, yəni 238 milyon manat səviyyəsində saxlanılıb. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə olmaqla 539,3 milyon manat təşkil edəcək.
Sonra iclasda "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri təqdim olunub.
Məsələlər barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" Qanuna dəyişiklikərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır. Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990 manat olacağı proqnozlaşdırılır.  Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının artımını şərtləndirir. Bunu nəzərə alaraq, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək mövcud 3.387,1 milyon manatdan 190,0 milyon manat artırılaraq 3.577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur. Eyni zamanda əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25,0 milyon manat artırılaraq 6500,0 milyon manatdan 6525,0 milyon manata çatdırılması təklif olunur. Bununla yanaşı, fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5,0 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılmış, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30,0 min manat artırılmışdır. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcəkdir. Beləliklə, fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılmışdır. Yekun olaraq, DSMF büdcəsinin 2024-cü il üçün dürüstləşmiş gəlirləri və xərcləri 30 milyon manat artaraq  6.949.860 min manat təşkil edəcəkdir.
Sonra komitə sədri Musa Quliyev "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinə dair məlumat verib. O, diqqətə çatdırıb ki, layihədə işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur. Artım  qeyri-büdcə sektoru üzrə sığorta haqları hesabına baş verəcəkdir.
Musa Quliyev deyib ki, Prezident tərəfindən təqdim edilmiş qanun layihələri ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlanmaqla sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiqdir, işsizlikdən sığorta və sosial müdafiə sisteminin daha da dayanaqlı olması üçün etibarlı  təminat yaradacaqdır. 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu iki qanun layihəsi barədə onun rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini bildirib.
Plenar iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə, "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə və "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair palatanın rəyini təqdim edib.
Bu məsələlər ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Elşən Musayev, Nurlan Həsənov, Elnur Allahverdiyev, Elşad Mirbəşir oğlu öz fikirlərini, qeyd və təkliflərini bölüşüblər.
Hər üç qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra iclasda "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2023-ci ilin dövlət büdcəsi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin, müdafiə və təhlükəsizlik çağırışlarının və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunmuşdur.
Komitə sədri deyib ki, 2023-cü ildə ölkəmizdə ÜDM real ifadədə 1,1 faiz artaraq nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123 milyard manat təşkil edib. Qeyri-neft/qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb. O deyib ki, büdcə qaydasının əsas göstəriciləri hədəflənən yuxarı hədləri aşmayıb, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 22,5 faiz, dövlət borcunun ÜDM-ə nisbəti isə 21,8 faiz və yaxud hədəf göstəricidən 8,2 faiz bənd az olub.
Komitə sədri bildirib ki, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil edib. Keçən ilin dövlət büdcəsində təsdiq olunmuş 36 624.8 milyon xərcin 99.5 faizi icra olunub. Sosialyönlü xərclər 2023-cü il dövlət büdcəsinin icrasında 13050,4 milyon manat və ya xərclərin 35,8 faizi həcmində olub. Komitə sədri 2023-cü ilin dövlət büdcəsini icrasının dövlət qarşısında duran hədəflərə nail olmaq üçün lazımi maliyyə təminatını yaratdığını vurğulayıb.
Sənədin müzakirəsində deputatlar Etibar Əliyev və Aydın Hüseynov çıxış edərək, layihə ilə bağlı fikirlərini bildiriblər. Maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı  parlament müzakirələrində qaldırılan məsələlərə aydınlıq gətirib, deputatların qeydlərinə münasibət bildirib.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Daha sonra "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb. Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, layihə məşğulluq sferasında səmərəliliyin artırılmasını, xüsusən də vəsaitlərin daha şəffaf və səmərəli şəkildə bölüşdürülməsini üzündə ehtiva edir. O, qanun layihəsində təklif olunan kvotadan əlavə iş yerlərinin yaradılması, peşə hazırlığına cəlb olunmuş şəxslərə təqaüd məbləğinin müəyyən olunması kimi məsələləri deputatların diqqətinə çatdırıb.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Komitə sədi bildirib ki, məqsədli  nikahların qarşısının alınması üçün Ailə Məcəlləsinin 12-ci  maddəsinə, yəni  nikahın bağlanmasına mane olan hallar sırasına yeni bir bəndin əlavə edilməsi təklif olunub. Bu dəyişikliyə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
İclasda daha sonra Vergi Məcəlləsində, "Yol hərəkəti haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, layihədə təklif olunan dəyişikliklər qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərin publik hüquqi şəxs statuslu qurumlar tərəfindən də həyata keçirilməsinə imkan yaratmaq məqsədi ilə hazırlanıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyi səsləndirildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub. 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) nəzərə çatdırıb. Bildirilib ki, "Mühasibat uçotu haqqında" Qanuna əsasən mühasibat uçotu fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və mühasiblərin peşə biliklərinin artırılması məqsədi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatlarının verilməsi üçün imtahanlar keçirilir. Sənəddə adıçəkilən imtahanlarda iştirakın ödənişli olmasının, həmçinin bu imtahanda iştirak etmək üçün ödənişin məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilməsinin hüquqi əsasları təsbit edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Gündəliyin növbəti məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumatı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib. Komitə sədri bildirib ki, layihədə xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunla müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçməsi, həmçinin nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, qanun layihəsi iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə qabarit parametrlərinin pozulmasının, həmçinin çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmanın nədən ibarət olması dəqiq müəyyən olunur. Bununla yanaşı, layihədə təkcə kütlə parametrlərini aşmaqla iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin idarə edilməsinə görə deyil, eyni zamanda, qabarit parametrlərinə dair tələbləri pozmaqla həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xətalarla bağlı icraatın müvafiq informasiya sistemləri vasitəsilə aparılması və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması təklif olunur. 
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Gömrük tarifi haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihənin əsas məqsədləri müdafiə sənayesi fəaliyyətinin liberallaşdırılması - özəl sektor subyektlərinin qeyd olunan sahədə fəaliyyət göstərməsinə icazə verilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə təyinatlı məmulatlarla təchizat dayanıqlılığının təmin edilməsində dövlətin yükünün və ixracdan asılılığın azaldılmasına, ümumilikdə isə müvafiq sahə üzrə yerli istehsal və ixracı artırmaqla sahənin inkişafına nail olmaqdır. Qanun layihəsi müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı fəaliyyətinin liberallaşdırılması, bu sahədə yeni iştirakçıların formalaşdırılması, habelə həmin fəaliyyətlərdən irəli gələrək bu sahədə təmir və texniki xidmət göstərilməsi fəaliyyətlərinin tənzimlənməsi və təşviqi ilə bağlı məsələləri ehtiva edir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məsələ barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda son olaraq "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi müzakirə olunub. Bildirilib ki, qanuna əsasən sərbəst auditorlar (auditor təşkilatları) sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamalıdırlar. Hazırda üç halda - məhkəmələrin tələbi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə əlaqədar və maliyyə bazarlarına nəzarət çərçivəsində bu məlumatlar qeyd olunan orqanlara təqdim edilə bilər. Təklif olunan dəyişikliyə əsasən, buraya yeni bir halın əlavə edilməsi nəzərdə tutulur və bununla da Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından daxil olan sorğuların icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələbi ilə auditorun məlumatı verməsinin hüquqi əsası yaradılır. 
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksikada narkokartelin 19 üzvü öldürüldü

14:40
23 Oktyabr

ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı

14:39
23 Oktyabr

Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq

14:36
23 Oktyabr

Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib

14:35
23 Oktyabr

BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

14:34
23 Oktyabr

Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb

14:32
23 Oktyabr

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq

14:31
23 Oktyabr

Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

14:22
23 Oktyabr

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

14:21
23 Oktyabr

Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq

14:13
23 Oktyabr

Ukraynanın baş prokuroru istefa verdi

14:06
23 Oktyabr

Xavi "Mançester Yunayted"də?

13:57
23 Oktyabr

Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq

13:47
23 Oktyabr

Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq

13:42
23 Oktyabr

Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”  

13:31
23 Oktyabr

BMT-nin baş katibi BRİCS sammitinə getdi 

13:22
23 Oktyabr

Paşinyan BRİKS sammitində iştirak edəcək

13:16
23 Oktyabr

Baydendən hərbi xərclərlə bağlı açıqlama

13:04
23 Oktyabr

Braziliyada qırıcı qəzaya uğradı

13:02
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK

13:01
23 Oktyabr

DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir  

12:57
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!