Kolonizasiya sadəcə ərazilərin işğalı deyil. O, daha dərin və daha travmatik bir prosesdir. Bu, torpaqların, sərvətlərin, həm maddi, həm də insan resurslarının mənimsənilməsi deməkdir. Eyni zamanda, bir xalqın mədəniyyətinin, tarixinin və ləyaqətinin əlindən alınmasıdır. Bu, geri qaytarılması vacib olan torpaqdan daha çətin olan bir itki yaradır.
AZƏRTAC xəbər verir ki, bunu "Paris Nanterre" Universitetində siyasi elmlər üzrə təhsil alan əlcəzairli tələbə Mellina Tenfiçe “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunda çıxışı zamanı deyib.
M.Tenfiçe bildirib ki, kolonizasiya işgəncə, təcavüz, aclıq və ölümlə yanaşı, psixoloji zorakılıqla da müşayiət olunur. Kolonizator ilə kolonizə olunmuş arasında üstünlük münasibətləri qurulur və bu, insanlara özlərini “aşağı”, “sivilizasiya edilməyə ehtiyacı olan” kimi qəbul etdirməyə çalışır.
Fransanın Əlcəzairdəki kolonial dövrü isə son dərəcə zorakı praktikalarla müşayiət olunub: qətliamlar, kəndlərin dağıdılması, işgəncələr. Bu, cəmiyyətin dərin şəkildə pozulmasına, ailələrin dağılmasına və məcburi köçlərə səbəb olub.
Bu tarixi proses bu gün də Fransa ilə Əlcəzair arasındakı münasibətlərə təsir göstərir. Kolonial məsələ çox vaxt siyasi diskurslarda tam şəkildə həll edilməmiş qalır və rəsmi səviyyədə açıq üzr ifadə olunmayıb.
Fransadakı Əlcəzair diasporundan olan bir gənc qadın kimi mən bu kolonial irsin sosial həyata təsirini açıq şəkildə görürəm.
Daha sakit və ədalətli postkolonial gələcəyə və beynəlxalq münasibətlərə doğru irəliləmək üçün tarixi ədalətsizliklərin rəsmi şəkildə tanınması, mövcud diskriminasiya və irqçi meyillərin qəbul edilməsi və onlarla ciddi mübarizə aparılması vacibdir", - deyə əlcəzairli tələbə bildirib.