Postkolonial cəmiyyətlərin gələcəyi yalnız keçmişin dəyərləndirilməsindən deyil, həm də bu gələcəyi formalaşdıracaq gənclərin gücləndirilməsindən asılıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri “Global Family Media” şirkətinin əməliyyatlar üzrə direktoru, “Rwanda Gender Media Council” təşkilatının İdarə Heyətinin üzvü, Ruandadan olan Umuhoza Natete Verite Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Forumda çıxışı zamanı səsləndirib.
O bildirib ki, mürəkkəb tarixi və kolonial mirasın təsiri altında formalaşmış cəmiyyətlər üçün əsas vəzifə yalnız keçmişlə hesablaşmaq deyil, həm də gələcəyin istiqamətini müəyyən etməkdir. Bu prosesdə əsas rol gənclərə məxsusdur. Gənclər yalnız gələcəyin liderləri deyil, bu günün dəyişdirici qüvvəsidir.
Verite qeyd edib ki, müasir dövrdə dekolonizasiya yalnız siyasi müstəqillik anlayışı ilə məhdudlaşmır: “Bu, həm də səsimizin, kimliyimizin və qlobal sistemdə yerimizin bərpası deməkdir. Eyni zamanda, xüsusilə qlobal cənub ölkələrində gənclərin imkanlarını məhdudlaşdıran iqtisadi və sosial strukturların aradan qaldırılması zəruridir”.
O vurğulayıb ki, Ruanda təcrübəsi göstərir ki, gənclərə investisiya qoyuluşu cəmiyyətin transformasiyasında mühüm rol oynayır. Gənclər innovasiya, sahibkarlıq və vətəndaş fəallığı vasitəsilə dəyişikliklər yaradır. Onlar dəyişiklikləri gözləmir, özləri bu prosesin təşəbbüskarına çevrilirlər.
Bununla yanaşı, U.N.Verite qeyd edib ki, bir çox gənc hələ də ciddi çağırışlarla üzləşir: “İmkanlara çıxış bərabər deyil, iştirak isə hər zaman real təsir imkanlarına çevrilmir. Çox hallarda gənclərin səsi simvolik səviyyədə nəzərə alınır”. Onun sözlərinə görə, postkolonial gələcəyin qurulması üçün gənclərin yalnız proseslərə cəlb olunması kifayət deyil. Gənclərə real qərarvermə səlahiyyətləri verilməli, onların bacarıqları inkişaf etdirilməli, təşəbbüsləri dəstəklənməli və həm yerli, həm də qlobal səviyyədə iştirak imkanları genişləndirilməlidir.