İlin birinci yarısında büdcədən yönləndirilən sosialyönümlü xərclər 12,1 faiz artıb
Maliyyə Nazirliyindən verilən məlumata görə, 2026-cı ilin ilk 6 ayında icmal büdcənin gəlirləri 24 milyard 413,9 milyon manat, xərcləri isə 19 milyard 824,3 milyon manat icra olunub. Hesabat dövründə icmal büdcədə 4 milyard 589,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 4 milyard 295,4 milyon, xərcləri 4 milyard 123,7 milyon, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 125,2 milyon, xərcləri 78,1 milyon, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1012,3 milyon, xərcləri 1153,8 milyon, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 540,2 milyon, xərcləri 6 milyard 434,3 milyon manat məbləğində icra olunub.
Qeyd edək ki, cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon, xərcləri 16 milyard 775,5 milyon manat olmaqla 2 milyard 403,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 18 milyard 828,9 milyon manat proqnoza qarşı 19 milyard 179,2 milyon, yaxud 350,3 milyon manat çox icra edilib. Bu, cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 49,7 faizinə bərabərdir. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,8 faiz çox icra edilməklə 12 milyard 759,2 milyon manat təşkil edib.
Dövlət büdcəsinin gəlirləri, əsasən, vergi orqanlarının xətti ilə daxilolmalar, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer, gömrük orqanlarının xətti ilə daxilolmalar, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar hesabına formalaşıb.
Cari ilin 6 ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 139 milyon manat (1,6 faiz), gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 52,5 milyon manat (1,7 faiz), dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 6,3 milyon manat (28,8 faiz), dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 38,6 milyon manat (12,4 faiz) çox vəsait daxil olub.
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə nəhəng sosial infrastruktur layihələri icra olıunur. Bu işlər, əsasən, dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizi həcmində və ya 1 milyard 64,1 milyon manat vəsait istifadə olunub.
Maliyyə Nazirliyindən daxil olan məlumatda, həmçinin bildirilib ki, həmin vəsaitdən infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması, turizm infrastrukturunun yaradılması, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin elektrik təchizatla təmin olunması, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin) həyata keçirilməsinə, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılması, səhiyyə və mədəniyyətyönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.
Dövlət vətəndaşların sosial müdafiəsinin yaxşılaşmasına xüsusi diqqət yetirir. Bu məqsədlə ildən-ilə dövlət büdcəsindən daha çox vəsait ayrılır. Cari ilin birinci yarısında da bu sahəyə ayrılan vəsait artırılıb. Hesabat dövründə dövlət büdcəsi xərclərinin 52,4 faizi, yaxud 8 milyard 787,1 milyon manatı sosialyönlü xərclər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və yaxud 12,1 faiz çoxdur.
Ölkədə qeyri neft-qaz sektorunun inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Bunun nəticəsidir ki, ölkədə qeyri neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7 faizə yaxın artıb.
Cari ilin birinci yarısında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 10 milyard 981 milyon manat olub ki, bu da proqnozdan 3,1, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,8 faiz çoxdur. Bununla hesabat dövründə büdcə daxilolmalarında qeyri neft-qaz sektorunun payı 57,3 faizə çatıb.
Rüstəm KAMAL,
"Azərbaycan"