Dekabrın 12-də Böyük Qayıdış proqramı çərçivəsində Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç prosesi həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, bu mərhələdə Vəngli kəndinə 76 nəfərdən ibarət 16 ailə köçürülüb.
Açarların təqdimetmə mərasimindən əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinlərə kənddə bütün zəruri infrastrukturun tam şəkildə hazır olduğu və onların rahat yaşayışı üçün su, qaz, elektrik xətləri, yüksəksürətli internet şəbəkəsinin çəkildiyi, yol infrastrukturunun yeniləndiyi barədə məlumat verib.
Ailələr açarları təhvil alıb, sevinc ilə evlərində məskunlaşıblar.
12:45
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dekabrın 12-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vəngli kəndinə bu mərhələdə 16 ailə - 76 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.