BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Baş Katibinin müavini Li Cunhua Anadolu Agentliyinə verdiyi müsahibədə xəbərdarlıq edib ki, 2026-cı ildə qlobal iqtisadi artım, çox güman ki, pandemiyadan əvvəlki səviyyələrdən aşağı qalacaq.
Qlobal ÜDM-in 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 2,9 faiz artacağı proqnozlaşdırılır ki, bu da 2010-2019-cu illər üçün orta hesabla qeydə alımnış 3,2 faizdən aşağıdır.
Li vurğulayıb ki, bu aşağı artım templəri müvəqqəti dövriyyəlik iqtisadi zəiflikdən daha çox "dərin köklü struktur məhdudiyyətlərini" əks etdirir.
Artımı ləngidən əsas amillər, xüsusən də inkişaf etməkdə olan ölkələrdə xarici birbaşa investisiyaların aşağı səviyyələri və yüksək dövlət borc yükü olaraq qalır. Bundan əlavə, faiz ödənişləri milli büdcələrdə getdikcə daha çox pay tutur. Bu isə infrastruktura, insan kapitalına və iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinə investisiya qoyuluşu imkanlarını məhdudlaşdırır.
BMT Baş katibinin müavini həmçinin qeyd edib ki, süni intellektin tətbiqi məhsuldarlığın artmasına töhfə verir, lakin onun faydaları məhdud sayda böyük iqtisadiyyatlarda cəmləşib ki, bu da qlobal struktur problemlərini kompensasiya etmir.
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) ekspertlərinin proqnozlarına görə, daxili tələbat və siyasətin yumşaldılması ABŞ-də və Asiyanın bəzi yerlərində artımı dəstəkləsə də, Avropada iqtisadi artım zəif olaraq qalır və yüksək borc səviyyəsi və iqlim şokları bir çox inkişaf etməkdə olan iqtisadiyyatları məhdudlaşdırmağa davam edir.
Bildirilir ki, qlobal inflyasiyanın 2025-ci ildəki 3,4 faizdən 2026-cı ildə 3,1 faizə düşəcəyi proqnozlaşdırılır, lakin real gəlirlər ərzaq, enerji və mənzil daxil olmaqla, yüksək qiymətlər fonunda yenə də azalacaq.
Bir çox ölkə üçün bu il qlobal ticarətdə dəyişən oyun qaydalarına uyğunlaşma dövrü olacaq.
Ümumilikdə, UNCTAD ekspertləri Avropa ölkələrinin iqtisadi proqnozunu qeyri-müəyyən hesab edirlər və bu, əsasən istehlakçıların əhval-ruhiyyəsindən asılıdır. Avropada inflyasiya Avropa Mərkəzi Bankının hədəfinə uyğun olduğundan, AMB-nin pul siyasətinin daxili tələbi dəstəkləyərək yumşaq qalacağı proqnozlaşdırılır. Qeyri-müəyyən xarici proqnoz nəzərə alınmaqla, Aİ iqtisadiyyatının 2025-ci ildə 1,5 faiz artımdan sonra 2026-cı ildə 1,3 faiz artacağı gözlənilir.
Bundan əlavə, UNCTAD qeyd edib ki, ABŞ iqtisadiyyatının 2025-ci ildə 1,9 faiz artımdan sonra 2026-cı ildə 2 faiz artacağı gözlənilir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"