Son vaxtlar beynəlxalq yük daşımalarında qiymət artımı və gecikmələr müşahidə olunur. Azərbaycan daşıyıcıları bu problemi necə həll etməyə çalışır?
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov AZƏRTAC-a açıqlamasında bildirib ki, beynəlxalq yük daşımaları bazarında qiymətlər tələb və təklifə uyğun olaraq, yükgöndərən və daşıyıcılar arasında sərbəst olaraq, razılaşma əsasında müəyyən olunur.
“Azərbaycan daşıyıcıları bu problemi bazar iqtisadiyyatının tələbinə uyğun həll edirlər. Son vaxtlar beynəlxalq yükdaşımalarında qiymət artımı və gecikmələrin yaranması qlobal bazarda müşahidə olunan ümumi trendlə bağlıdır. Azərbaycan daşıyıcıları bu prosesdən təsirlənsələr də, yaranan problemlərin həlli üçün müxtəlif addımlar atır, dəyişən bazar şəraitinə uyğunlaşaraq daha çevik tarif siyasəti həyata keçirirlər.
Bundan başqa, daşıyıcı şirkətlər müxtəlif marşrut alternativlərini qiymətləndirir, daha sürətli və az yüklənmiş yollar seçməyə çalışırlar. Bu, həm çatdırılma vaxtını qısaltmağa, həm də xərcləri optimallaşdırmağa kömək edir. Eyni zamanda, şirkətlər logistika proseslərini rəqəmsallaşdırır, yüklərin izlənməsi, sənədləşmə və koordinasiya işlərini daha səmərəli idarə edirlər”, - deyə ABADA prezidenti qeyd edib.
H.Həsənov əlavə edib ki, Azərbaycan daşıyıcıları, həmçinin xarici tərəfdaşlarla əməkdaşlığı genişləndirir, yeni müqavilələr imzalayır və qarşılıqlı razılaşmalar vasitəsilə qiymət volatilliyinin təsirini azaltmağa çalışırlar: “Ümumilikdə, daşıyıcılar bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə fəaliyyət göstərərək həm xidmət keyfiyyətini artırmağa, həm də mövcud problemlərin təsirini minimuma endirməyə çalışırlar”.