18 Aprel 2026 08:25
280
CƏMİYYƏT
A- A+
Başlıbeldə əsrə bərabər 113 gün

Başlıbeldə əsrə bərabər 113 gün


"Diqqət, diqqət! Nəzərinizə bir elan çatdırırıq... Əzizov Seyfəli qardaşı İsməti və əmisi oğlu Elşadı Xanlar rayonundakı Kəlbəcər qərargahında gözləyir. Onlardan həmin ünvana gəlmələri xahiş olunur", - deyə bir elan səsləndirilmişdi...

O an rütubətli, qaranlıq Barutlu kahasında zaman sanki donmuşdu. Soyuq divarlarından süzülən su damcıları qayaların üzərində cansıxıcı bir səs çıxarırdı. Köhnə avtobus akkumulyatoruna güclə bağlanmış radionun xırıltılı səsi kahanın buz kimi divarlarında əks-səda verəndə, ümidsizlik içərisində çırpınan yaralı canlar qəfil diksinirdi. Bəlkə də bir çoxuna adi görünən bu elan, 1993-cü ildə Kəlbəcərin Başlıbel kəndində 113 gündür ölümlə pəncələşən, dünyadan əli üzülən bir ovuc insan üçün göydən gələn  nicat səsi idi.

Kahaya sığınmış çarəsiz insanlar bir-birlərinə qoşularaq indiyə qədər yaşadıqları faciələrin, məhrumiyyətlərin ağrı-acısından və qəfil gələn qurtuluş xəbərindən hönkür-hönkür ağlamağa başlamışdılar. Radiodan eşitdikləri bu xırıltılı səs onlara deyirdi: "Yol açıqdır, hələ yaşamağa ümid var..."

Amma bu müjdəyə qədər keçən o 113 günün hər saniyəsi qanla, qar-boranla və ağlasığmaz dözümlə yazılmışdı… Həmin 113 günün hər saniyəsi Başlıbeldə mühasirədə qalan hər bir şəxs üçün bir əsrə bərabər keçmişdi…


"Mən kəndimə ölməyə yox, yaşatmağa gəlmişdim..."


"Hər şey 1993-cü ilin müdhiş martında başlamışdı. Bakıda təhsil alırdım, işləyirdim, amma ürəyim Kəlbəcərdəydi. Vəziyyətin getdikcə pisləşdiyini və Kəlbəcərin də işğalla üz-üzə olduğu qulağımıza çatanda dayana bilmədim. O dar günlərdə camaatımıza nəsə köməyim dəyər deyə martın sonunda Başlıbelə yollandım. Kəndə çatanda mənzərə o qədər ürəkağrıdan idi ki… Camaatın çoxu köçmüşdü, amma hələ də orada qalan qocalar, uşaqlar, xəstələr vardı. Onları taleyin ümidinə buraxmaq olmazdı. Amma necə!? Bircə yol qalırdı ki, kahalara sığınaq".

113 gün Kəlbəcərdə erməni mühasirəsində qalan, 18 aprel 1993-cü ildə Başlıbeldə kahalarda yaşanan qırğında, eləcə də sonra dəfələrlə ölümlə üz-üzə gələn Elşad Əzizov cəmi 23 yaşındaykən yaşadıqlarını 33 il sonra "Azərbaycan" qəzetinin "Qan yaddaşı" rubrikasında iztirablarla dilə gətirir.

1966-cı ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olan Elşad Həsən oğlu Əzizov deyir ki, ömrünün ən gözəl illəri doğulduğu torpaqda keçib. O, orta məktəbi başa vurduqdan sonra ali məktəbə qəbul olub və Bakı şəhərinə gəlib. Gündüzlər oxuyub, gecələr isə kombinatda işləyib. Tələbəlik illəri ermənilərin yenidən Azərbaycana qarşı torpaq iddiaları qaldırdığı zamanlara düşüb. O da 1988-ci ildə başlayan nümayişlərdə tələbə yoldaşları ilə birlikdə fəal iştirak edib.  

Münaqişə isə getdikcə qızışır və Ermənistan Azərbaycan torpaqlarına təcavüzə başlayır. Xocalı, Şuşa, Laçın bir-birinin ardınca işğal altına düşür. 

1993-cü il mart ayının sonlarında Kəlbəcərə yollanan Elşad burada vəziyyətin gərgin olduğunu və ermənilərin işğal imkanlarının hər dəqiqə artdığını görür. Mart ayının sonuna qədər artıq əhalinin böyük bir qismi (təxminən 85-95 faizi) kəndi tərk edir, buna baxmayaraq, burada qalan, köçə bilməyən bir neçə ailə, yaşlı və səhhətində problemi olan  insanlar da olur. Elşad Əzizov öz ailəsini də təhlükəsiz yerə köçürdükdən sonra əmisi oğlu İsmətlə birlikdə vəziyyəti izləmək üçün kənddə qalır. Aprelin 1-də onlar bir neçə silahlı şəxsin kəndə gəldiyini görürlər. Əvvəlcə onların erməni olduğunu düşünsələr də, sonradan azərbaycanlı hərbçilər olduğunu müəyyən edirlər.

Elşad danışır ki, bunlar 9 nəfər hərbçi, 4 nəfər isə bir ailənin üzvləri olan mülki şəxslər idi. Mülki şəxslər Laçın rayonundan gəlmiş ata, iki qızı və 14 yaşlı  oğlu olur:

 - Laçınlı Əhliman kişi danışdı ki, o Laçından çıxmamış və təsərrüfatla məşğul imiş. Ermənilər onların yerini öyrəndikdən sonra bütün mal-qarasını ələ keçirir, özlərini isə girov götürürlər. Kəlbəcərin Bağlıpəyə kəndinin ərazisində onlar bizim əsgərlərlə qarşılaşırlar və beləliklə, erməni quldurlarından qurtula bilirlər. 

Beləliklə, bu insanlar da Başlıbeldə bizimlə birlikdə qaldılar. Gecə radioda məlumat verdilər ki, artıq Kəlbəcər rayonu ermənilər tərəfindən tam işğal olunub. Əlimiz hər yerdən üzüldü. Çox götür-qoy etdikdən sonra kənddə qalan insanları təhlükədən sovuşdurmaq üçün tədbirlərə başladıq. Aralıda kahalar var idi ki, müvəqqəti onlara sığınmaq olardı. Kənddə olan bir ədəd "QAZ-69" markalı maşınla və avtobusla kahalara ərzaq, yatacaq daşıdıq. Səhər açılanda kəndin Qalaça deyilən ərazisindən müşahidə etməyə başladıq. Günorta saat 12-13 radələrində kəndin mərkəzinə bir "QAZ-69" gəldi. Mədəniyyət evinin yanında bir neçə silahlı maşından düşüb avtomatla göyə atəş açmağa başladı. Bundan sonra çıxıb getdilər. Bildik ki, bu, Kəlbəcərin bütün kəndlərinin də işğal edilməsinin xəbərdarlığıdır.

Aprelin 5-də bir neçə maşınla erməni silahlıları kəndə daxil olanda ilk dəhşəti yaşadıq. Gözümüzün qabağında evləri yandırıb, talan edirdilər. Qənaət müəllim vardı, bir az xəstəhal adam idi, kəndi tərk etmək istəmədi. Onu işgəncə ilə öldürüb yolun kənarına atdılar. Biz onun cənazəsini götürə bilmədik... Götürsəydik, düşmən kənddə hələ də kimlərinsə qaldığını bilib bizi tapacaqdı. O ağrı, o çarəsizlik hələ də içimi göynədir.


Aprelin 18-i - təbiətin və insanın sınağı


Hər şey aprelin 18-də, göy üzünün hələ təmiz, günəşin isə ətrafa şəfəqlərini səxavətlə payladığı gün başladı. Kahadakılar yenə də naümid bir sabaha oyanıb təbiətin mülayim qoynuna sığınmışdılar. Bir azdan yerlə göyün bir-birinə qarışacağından, tərtəmiz səmanın qan rənginə boyanacağından xəbərsiz... 

Həmin məşum gün Elşad Əzizovun yaddaşına belə həkk olunub: 

- Aprelin 18-i tezdən məskunlaşdığımız Portda kahasından təxminən 1 kilometr aralıdakı maşın yolu ilə kəndə bir ağ "Niva"nın daxil olduğunu gördük. Bu maşın yanımızdan keçib kəndin yuxarı dağ hissəsinə getdi. Məqsədləri otlaqlarda qalan mal-qaranı yığıb aparmaq idi. Çox güman ki, onlar qayıdanda bizim məskunlaşdığımız yeri gördülər. Çünki "Niva" dayandı və içindəkilər düşdülər, bir nəfər kahaları müşahidə eləməyə başladı, ikisi isə kənd hissəsinə tərəf aşdı. 5 dəqiqə sonra kahalara atəş açmağa başladılar. Biz də bunlara cavab atəşi açdıq. Həmin vaxt iki nəfər "Niva"-ya oturdu və kəndə sürdülər. Haradasa 15-20 dəqiqədən sonra hərbi maşınlarla böyük bir qüvvə kahalara yaxınlaşdı. Bizi hər tərəfdən mühasirəyə aldılar və atəşə tutdular. Görünür onlar elə düşünürdülər ki, burada böyük bir hərbi baza var. Elə ilk atəşdə mən qolumdan güllə, bir neçə nəfərimiz qəlpə yarası aldıq. Günorta saat ikidən başlayan döyüş, gecə saatlarına qədər davam etdi. Kahalardakılardan heç kimin, heç kimdən xəbəri yox idi. Bilmirdik ki, kim yaralandı, kim öldü, kim əsir götürüldü... 

Buradan salamat çıxmaq üçün yollar axtarmağa başladıq, amma vəziyyət getdikcə pisləşirdi. Onu da deyim ki, həmin gün çox mülayim, günəşli hava var idi. Ancaq axşama doğru vəziyyət dəyişdi, sərt boran, qar başladı. Biz də bundan istifadə edib kahalardan çıxa bildik. Atəş bir balaca səngidikdən sonra insanlarımızın yarısı başqa əraziyə üz tutdu. Mən və əlavə beş nəfər, o cümlədən səkkiz yaşlı qız uşağı əvvəldən nəzərdə tutduğumuz "Nəbinin kahası" deyilən əraziyə yollandıq.

Yenə də deyirəm, Allahın bizə onda yazığı gəldi ki, dəhşətli çovğun qopdu. Bu, bizim oradan sağ çıxmaq üçün yeganə qurtuluşumuz oldu. Əks təqdirdə, bir nəfər belə xilas ola bilməyəcəkdi...


Bir yandan düşmən qorxusu, bir yandan da Kəlbəcərin sərt təbiəti...


18 apreldə düşmən kahadakılardan 12 nəfəri şəhid etmiş, 14 nəfəri isə girov götürmüşdü. Digər əksəriyyəti yaralı olan insanlar isə Kəlbəcərin dağlarına, düzlərinə perik düşmüşdülər... Bir yandan düşmən qorxusu, bir yandan Kəlbəcərin sərt təbiəti,  bir yandan da yatacaq, su, yemək yoxluğu onları taqətdən salmış, əllərini dünyadan üzmüşdü...

Elşad deyir ki, hardasa bir həftədən sonra görürlər ki, Nəbinin kahasına doğru üç nəfər gəlir: 

- Baxdıq ki, bunlar da bizimlə kahada olanlardandırlar. 18-i günü onlar el arasında "Sadığın köşkü" deyilən əraziyə üz tutublar. Oradakıların da çox pis vəziyyətdə olduqlarını, hamısının güllə, qəlpə yarası aldıqlarını dedilər. Yenidən bir yerə cəmləşmək qərarına gəldik və bunun üçün ən etibarlı yer Nəbinin kahası idi. Kənddən 7-8 kilometr uzaqda yerləşən bu kaha nisbətən geniş və dərin idi. Müvəqqəti buraya sığınmaq olardı. 

Bir yerə cəmləşdikdən sonra məsləhətləşdik ki, şəhidlərimizi dəfn edək. Amma bu böyük risk idi. Çünki ərazinin hər tərəfi düşmənlə doluydu. Buna baxmayaraq, gecələr çox çətinliklə də olsa onları dəfn elədik. Artıq ermənilər kənddə evləri bir-bir talan edirdilər. Çox təhlükəli olsa da, gecələr biz də kəndə enib evlərdən ərzaq, o cümlədən yatacaq toplayıb kahaya gətirirdik. 

Bir müddəti bu cür başa vurduq, amma bu formada nə qədər yaşamaq olardı?! Qurtuluş ümidimiz də tükənmişdi. Nəsə başqa çıxış yolu tapmalıydıq. Bir dənə radiomuz var idi. Onu avtobusun akkumulyatoruna qoşub mütəmadi olaraq xəbərlərə qulaq asırdıq. Düşünürdük ki, bəlkə Kəlbəcər yenidən geri qaytarılar, amma...  Hər gün yeni-yeni bəd xəbərlər alırdıq. Demək olar ki, biz artıq həyatdan əlimizi tamamilə üzmüşdük... 

Onu da deyim ki, Başlıbelə yaxın Çovdar Şahkərəm adlı kəndi də bir neçə nəfər tərk edə bilməmişdi. Onlar da kahalara sığınmışdılar. 

Bir gün həmin insanlar bizim yanımıza gəldilər.  Söhbət əsnasında dedilər ki, artıq qərar veriblər ki, buranı tərk etsinlər. Nə qədər ki havalar isinib, həm də nə qədər ki, ermənilər bütün ərazilərə nəzarət eləyə bilmirlər, getmək lazımdır. Təklif etdilər ki, kimsə getmək istəsə, onlara qoşula bilər. Dedik ki, biz hələ ki, gedə bilmərik. Çünki dəstəmizdəkilərin əksəriyyəti yaralı idi. Çovdar Şahkərəmdən gələnlər bizim dəstəmizdəki qohumları olan Qədim kişini də götürüb getdilər. Həmin vaxt İsmətlə məktub yazıb Qədim kişiyə verdik ki, inşallah mühasirədən çıxıb gedə bilsələr, onu Göygöl rayonunda yaşayan İsmətin qardaşı Seyfəliyə versinlər. 

Aradan 7-8 gün keçmişdi və biz artıq Barutlu kahasına yığışmışdıq. Günorta radələri idi. Oturub müzakirə edirdik ki, mühasirədən necə çıxa bilərik. Çünki yaralıların vəziyyətini nəzərə almaq lazım idi, ərzağımız tükənirdi. Birdən Yəhya sevinclə qaça-qaça gəlib dedi ki, İsmət, Elşad, radioda sizin adınızı çəkdilər. Bu bizə təəccüblü gəldi. Sonradan gün ərzində bəlkə də 7-8 dəfə radioda xəbərlərdən sonra belə bir elan səsləndirildi: 

"Diqqət, diqqət! Nəzərinizə bir elan çatdırırıq... Əzizov Seyfəli qardaşı İsməti və əmisi oğlu Elşadı Xanlar rayonundakı Kəlbəcər qərargahında gözləyir. Onlardan həmin ünvana gəlmələri xahiş olunur".

O gün kahada yaşadığımız sevinci indi sözlərlə ifadə edə bilmirəm. Hamı sevinc içərisində qucaqlaşıb ağlaşırdı... Bu, o demək idi ki, yol açıqdır, getmək mümkündür.


Qurtuluş 


İyul ayının 17-də səhər tezdən kahadakılar kəndi tərk edəndə son dəfə doğma Başlıbelə baxanda gördükləri mənzərə gözlərinin önündə düşmənin od vurub yandırdıqları evləri olur. 

- Biz böyük əzab-əziyyətlə bir neçə günə gəlib çıxdıq Tərtər çayının sahilinə. Ancaq çayı keçmək çox çətin idi. Özümüzlə götürdüyümüz ipin köməyi ilə birtəhər yaşlıları, uşaqları, xəstələri kürəyimizdə bir-bir çaydan keçirdik. Gecə ilə Kəlbəcərin Göydərə ərazisinə, oradan da Cəmilli kəndinə gəldik. Günorta həmin kənddə yenidən mühasirəyə düşdük. Ermənilər bizi görüb atəş açdılar. Qocaları, xəstələri, uşaqları ardıc ağaclarının altında birtəhər gizlətdik. Gecə qaranlıq düşənə qədər orada gözlədik. Sonra Daşkəsən rayonu ərazisinə doğru hərəkət etməyə başladıq.

Səhər tezdən dan yeri təzə ağaranda gəlib Daşkəsənin Zivlən kəndinə çıxdıq. Dağda qoyun otaran çobanları gördük. Əvvəlcə bizi düşmən sandılar, sonra Kəlbəcərdə mühasirədə qaldığımızı bildilər. Kənddə bizi çox yaxşı qarşıladılar. Bütün kənd əhalisi axışıb gəldi yanımıza. Heyvan kəsən kim, yemək bişirib gətirən kim... Sağ olsunlar, bizə bir "QAZ-53" maşını təşkil etdilər və Daşkəsən rayonuna gətirdilər. 

Bax, budur bədxah qonşularımızın başımıza açdıqları oyun. Bu gün şükür edirəm ki, onların bütün arzuları ürəklərində qaldı, xəstə "Miatsum" xəyalları puç oldu. 2020-ci ildə şücaətli ordumuzun, dövlətimizin uzaqgörən siyasətinin nəticəsində torpaqlarımız murdar düşmənin tapdağından azad oldu. 

Altıncı ildir ki, Kəlbəcərimiz öz əvvəlki ab-havasına qayıdıb. Dəfələrlə doğma kəndim Başlıbelə getmişəm, şəhidlərimizin məzarlarını ziyarət etmişəm. Arzumdur ki, bundan sonra xalqımız bir daha müharibə görməsin. 

Bu gün Elşad Əzizov yenidən Başlıbeldədir. Amma bu dəfə mühasirədə qalan biri və ya məcburi köçkün kimi deyil, qalib xalqın oğlu kimi. Vaxtilə sığındıqları kahaların soyuğu indi xatirələrin istisinə bürünüb. Aprel ayında Başlıbel şəhidlərinin məzarı üzərindən boylanan hər bir çiçək, o 113 günlük zülmətin içindən süzülüb gələn zərif fəryadı, vətən övladlarının torpağa qarışan pak qanının rəngini daşıyan vüqarlı yaddaşı əks etdirir. 

İndi Başlıbeldə göz yaşları artıq kədərdən deyil, zəfərin verdiyi sonsuz qürurdan axır.


Yasəmən QƏNAƏTQIZI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

Qlobal platformalarda Azərbaycanın artan rolu və nüfuzu

08:00
18 Aprel

“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:36
18 Aprel

“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 99 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:34
18 Aprel

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:34
18 Aprel

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:33
18 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli , “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 25 yanvar tarixli 13 nömrəli və “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 31 yanvar tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

02:31
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!