26 Fevral 2026 09:15
356
İQTİSADİYYAT
A- A+
Bakının "ana"sı - qapalı şəhər nümunəsi

Bakının "ana"sı - qapalı şəhər nümunəsi


Bakının səs-küylü küçələrindən bir addım aralıda bir məkan var:  İçərişəhər. Qala divarları arasında gizlənən dar küçələr, daş evlər və qədim məhəllələr əsrlər boyu formalaşmış şəhərsalma düşüncəsinin bu günə çatan canlı nümunəsidir. Bura təkcə tarixi abidələr toplusu deyil, həm də Azərbaycanın ən qədim və ən mükəmməl şəhərsalma modelidir. İçərişəhər Azərbaycanın şəhərsalma tarixinin başlanğıc nöqtəsi də hesab olunur.

Orta əsrlərdə formalaşmış bu qapalı şəhər modeli müdafiə, iqlimə uyğunlaşma və ictimai həyatın təşkili baxımından mühüm xüsusiyyətlərə malikdir. Bu gün də qorunub saxlanılan dar küçələr və məhəllə sistemi İçərişəhərin tarixi əhəmiyyətini aydın şəkildə göstərir. Bakının mərkəzində yerləşən bu ərazi əsrlər boyu siyasi, iqtisadi və mədəni həyatın əsas ocağı olmuş, özünəməxsus planlaşdırma prinsipləri ilə seçilmişdir. İçərişəhərin şəhərsalma strukturu Orta əsr Şərq şəhərlərinə xas xüsusiyyətləri əks etdirməklə yanaşı, yerli coğrafiya nəzərə alınıb və sosial şəraitə uyğun şəkildə formalaşıb.

Tarixin sükuta bürünmüş səhifələrini vərəqlədikcə İçərişəhər öz möhtəşəm keçmişi ilə qarşımızda canlanır. Xəzər dənizinin sahilində yerləşən bu qədim məkan hələ Tunc dövründən insanların məskəni olub, bütün dövrlərdə həyatın, ticarətin və mədəniyyətin qaynar nöqtəsinə çevrilib. Bura XIX əsrdə neft sənayesinin inkişafı ilə əlaqədar İçərişəhər adlanmağa başlayıb. Şəhərin  gözəlliyi ondan ibarətdir ki, ərazi müasir şəhərin yaşayış məhəlləsidir və  buradakı qədim evlərdə insanlar indi də yaşayırlar.  Bu gün 22 hektar sahəyə malik olan İşərişəhərdə 1300-dən çox ailə yaşayır. İçərişəhərin daxili quruluşu da maraqlı və diqqətçəkəndir. Küçələri, məhəllələri burada yaşayan insanların peşələrindən ad alıb, peşələrə görə bölünüb. Gəmiçilər, arabaçılar, hamamçılar və digər sənət sahibləri burada yaşayır, istehsal edir, ticarət aparırdılar. Bu bölgü şəhərin iqtisadi sisteminin nə qədər nizamlı və inkişaf etmiş olduğunu göstərirdi. Qədim şəhərin ən möhtəşəm memarlıq inciləri isə əzəmətli Şirvanşahlar sarayı və Qız qalasıdır. Şirvanşahlar sarayı dövlətçilik ənənələrinin, saray mədəniyyətinin və memarlıq zövqünün təcəssümüdürsə, Qız qalası əsrlərin sirrini öz daş yaddaşında qoruyan əbədi bir abidədir. 

Bu baxımdan İçərişəhər, sadəcə, tarixi abidələr toplusu deyil, o, xalqımızın yaddaşı, milli kimliyimizin canlı şahididir. Keçmişin izlərini qoruyaraq müasir dövrə addımlayan qədim şəhər, tarixlə bu gün arasında körpü salan nadir məkanlardan biridir. Arxeoloji qazıntılar hələ VII əsrdən İçərişəhərdə yaşayış binalarının tikildiyini göstərir. Yerli şəraitə uyğunlaşdırılmış küçə şəbəkəsi, əsas binaların yerləşdirilməsində dəniz amilinin nəzərə alınması İçərişəhəri şəhərsalmada sənət nümunəsi kimi səciyyələndirir.

İçərişəhərin əsas şəhərsalma xüsusiyyətlərindən biri qapalı şəhər modeli əsasında qurulmasıdır. Şəhər ətrafdan hündürlüyü 10 metr olan qalın qala divarları ilə əhatə olunub, giriş-çıxışlar isə məhdud sayda darvazalar vasitəsilə təmin edilib. Bu model ilk növbədə təhlükəsizlik məqsədi daşıyırdı. Orta əsrlərdə tez-tez baş verən hücumlar, siyasi qeyri-sabitlik və xarici təhdidlər şəhərin müdafiəsini əsas prioritetə çevirmişdi. Qapalı şəhər strukturu həm də şəhər daxilində sosial həyatın daha sıx və nizamlı şəkildə təşkil olunmasına imkan verirdi.

İçərişəhərdə küçə şəbəkəsi müasir şəhərlərdən fərqli olaraq əvvəlcədən dəqiq plan üzrə deyil, zamanla formalaşıb. Dar, dolanbac küçələr həm iqlimə uyğunlaşma, həm də müdafiə məqsədi daşıyırdı. Bu cür küçələr yay aylarında kölgəlik yaradır, güclü küləklərin və tozun qarşısını alırdı. Üstəlik, düşmən hücumları zamanı şəhər daxilində hərəkəti çətinləşdirirdi. Şəhər məhəllə sistemi əsasında təşkil olunub. Hər məhəllə, demək olar ki, kiçik bir icma funksiyası daşıyır, burada yaşayış evləri, kiçik ibadət məkanları, su mənbələri və sosial əlaqələr formalaşırdı. Bu struktur şəhər əhalisi arasında sosial bağlılığı gücləndirirdi.

İçərişəhərin planlaşdırılmasında müdafiə amili həlledici rol oynayıb. Qala divarları, bürclər, dar keçidlər və yüksək mövqedə yerləşən tikililər şəhərin təhlükəsizliyini təmin edirdi. Şirvanşahlar Saray Kompleksinin strateji yüksəklikdə yerləşməsi də bu baxımdan təsadüfi deyil. Şəhərin planı elə qurulmuşdu ki, həm dənizdən, həm də qurudan gələn təhlükələrə qarşı nəzarət mümkün olsun.

İçərişəhərdə mühüm ictimai funksiyaları yerinə yetirən obyektlərin şəhər daxilində mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi əvvəlcədən düşünülmüş və planlı şəhərsalma yanaşmasının nəticəsi idi. Bu, düşünülmüş və məqsədyönlü şəhərsalma siyasətindən xəbər verir. Su quyuları və kəhrizlər əhalinin gündəlik tələbatını ödəməklə yanaşı, yaşayış məkanlarının formalaşmasında əsas meyarlardan birinə çevrilmişdi. Suya yaxınlıq həm rahatlıq, həm də təhlükəsizlik demək idi. Hamamlar isə təkcə təmizlik məkanı deyildi. Onlar ictimai həyatın ayrılmaz hissəsi, insanların bir araya gəldiyi, fikir mübadiləsi apardığı, münasibətlərin möhkəmləndiyi mədəni ocaqlar idi. Burada gündəlik həyatın ritmi duyulur, şəhərin sosial nəfəsi hiss olunurdu.

Bütün bu xüsusiyyətlər Azərbaycan xalqının zəngin mədəniyyətinə, yüksək təşkilatlanma bacarığına və şəhərsalma ənənələrinin dərin köklərə malik olmasına işarə edir. İçərişəhərin planlaşdırılması, sadəcə, tikililərin düzülüşü deyil, bütöv bir dünyagörüşünün, ictimai harmoniyanın və mədəni düşüncənin ifadəsidir. Bu cür şəhərsalma modeli göstərir ki, xalqımız tarix boyu maddi və mənəvi dəyərləri vəhdətdə görmüş, yaşayış mühitini həm funksional, həm də mədəni baxımdan mükəmməl şəkildə qurmağa çalışmışdır. Məscidlər isə həm dini, həm də ictimai mərkəz rolunu oynayaraq şəhərsalma strukturunda mühüm yer tuturdu. Onların məhəllələr daxilində yerləşməsi dini həyatın gündəlik məişətlə sıx bağlı olduğunu göstərir.

İçərişəhər öz planlaşdırma quruluşu ilə Azərbaycanın tarixi şəhərsalma ənənələrinin parlaq nümunəsidir. Qapalı şəhər modeli, dar küçələr, məhəllə sistemi və müdafiəyönümlü planlaşdırma Orta əsr urbanizasiyasının  əsas xüsusiyyətlərini əks etdirir. Bu gün İçərişəhərin qorunması və öyrənilməsi təkcə memarlıq irsinin deyil, həm də milli şəhərsalma düşüncəsinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Komitəsində Xocalı faciəsinin qurbanları anılıb

19:11
26 Fevral

SOMDA-nın əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər  

19:10
26 Fevral

Xankəndi, Ağdərə və Xocalıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

18:58
26 Fevral

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

18:49
26 Fevral

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb 

18:42
26 Fevral

Şuşada Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram 

18:41
26 Fevral

İqtisadi Şuranın iclası keçirilib

18:30
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-3

18:30
26 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:19
26 Fevral

Xocalı soyqırımı qurbanları Əlcəzairdə də anılıb

18:12
26 Fevral

ETSN-in kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

18:10
26 Fevral

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

18:07
26 Fevral

BMT: 2025-ci ildə miqrasiya marşrutlarında təxminən 8 min nəfər ölüb

18:01
26 Fevral

Prezident: Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin  

17:56
26 Fevral

Prezident: Xocalı Soyqırımı Memorialı silinməz yaddaşımızın təcəssümü olacaq  

17:51
26 Fevral

Dövlət Sərhəd Xidmətində Xocalı soyqırımının qurbanları anılıb  

17:43
26 Fevral

Prezident İlham Əliyev: Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük  

17:39
26 Fevral

Vəkillər Kollegiyasının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib  

17:33
26 Fevral

Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

17:23
26 Fevral

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

17:03
26 Fevral

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:01
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!