17 Yanvar 2026 08:05
1276
SİYASƏT
A- A+
Azərbaycanın xarici siyasəti dünyadakı reallığın diktəsi fonunda

Azərbaycanın xarici siyasəti dünyadakı reallığın diktəsi fonunda


Prezident İlham ƏLİYEV: "Biz kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də güclü olmalıyıq"


Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin uğurlu mövqeyinin formalaşması zəngin, dinamik və tarazlı xarici siyasətdən daha çox asılıdır. Azərbaycanın  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi xarici siyasəti ölkəmizin milli maraqlarının qorunmasına, suverenliyinin möhkəmləndirilməsinə və beynəlxalq nüfuzunun artırılmasına yönəlib. Bu siyasət praqmatizm, çoxvektorlu yanaşma və qarşılıqlı fayda prinsipləri əsasında qurulub. 

Digər tərəfdən, ölkəmizin təkcə regionda deyil, onun hüdudlarından kənarda olan proseslərə də təsir və nüfuz edə bilən geosiyasi vahidə çevrilməsi dövlətimizə bir sıra qlobal hadisələrin vacib aktoru qismində çıxış etməyə imkan verir. Gündəmdəki proses və hədəflər rəsmi Bakının yiyələndiyi orta güc statusunun tələb və ünsiyyətindən irəli gələn gerçəkliyin diktə etdiyi formatdır. 

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycanın xarici siyasətinin strateji prioritetlərindən biri olan regional əlaqələrin gücləndirilməsi və tranzit imkanlarından maksimum istifadənin mühüm yer tutduğu qeyd olundu. Bu baxımdan, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimiz önəmli nailiyyət kimi dəyərləndirildi: "Hesab edirəm ki, bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik". Eyni zamanda qeyd olundu ki, bu, hazırda təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün vacib şərt sayılır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi baxımdan birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır.

Ölkəmiz Mərkəzi Asiya ilə həm ikitərəfli, həm də çoxtərəfli layihələrdə fəal iştirak edir. Bu əməkdaşlıq sahələrindən əsası nəqliyyat və logistika sahəsidir. Mərkəzi Asiya dövlətləri ilə birgə reallaşdırılan layihələr, o cümlədən dəmir yollarının tikintisi, yükdaşımaların təşkili və infrastrukturun inkişafı Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyini gücləndirir. Artıq Azərbaycan ərazisindən 100 min konteyner keçib və bu göstəricinin yaxın gələcəkdə dəfələrlə artacağı gözlənilir.

Zəngəzur dəhlizi (TRIPP) bu baxımdan strateji əhəmiyyət daşıyır. Dəhliz yalnız Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında əlaqə yaratmır, həm də beynəlxalq tranzit üçün açıq, etibarlı və rəqabətqabiliyyətli yol təqdim edir. Müsahibədə vurğulandığı kimi, dəmir yolu marşrutlarının istifadəyə verilməsi Azərbaycanın yükdaşımada rəqabət üstünlüyünü artırır, tranzit marşrutlarının inhisarlaşdırılmasının qarşısını alır və tariflərin rəqabətliyini təmin edir.

Energetika sahəsində Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Məlum olduğu kimi, 2024-cü ilin noyabr ayında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Bakıda enerji kabelinin tikintisi ilə bağlı müqavilə imzalamışlar. Bu layihə, o cümlədən fiber-optik kabellərin Xəzər dənizinin dibi ilə çəkilməsi, regionda enerji və informasiya infrastrukturunun inteqrasiyasını gücləndirir. Prezidentin də vurğuladığı kimi, bu təşəbbüslər yalnız iqtisadi fayda gətirmir, həm də ölkəmizin regional lider mövqeyini təsdiqləyir.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri yalnız iqtisadi və logistika sahəsi ilə məhdudlaşmır. Eyni zamanda siyasət, elm, təhsil, mədəniyyət və hərbi-texniki əməkdaşlıq sahələrini də əhatə edir. Qarşılıqlı təhlükəsizlik təşəbbüsləri isə Azərbaycanın regional gücünü və dayanıqlığını artırır, dövlətimizin beynəlxalq hüquq və regional sabitlik prinsiplərinə sadiqliyini göstərir.

Prezident İlham Əliyev ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündəki çıxışında qeyd etmişdir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır: "Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik".

Xarici səfərlər və beynəlxalq tədbirlər də Azərbaycanın qlobal səviyyədə rolunu gücləndirir. Ötən il dövlətimizin başçısının çoxsaylı xarici səfəri olub. Bir çox beynəlxalq forum və zirvə görüşü isə Azərbaycanda keçirilib. Xüsusilə Şuşa, Ağdam və Xankəndidə təşkil olunan forumlar həm diplomatik, həm iqtisadi, həm də mədəni əlaqələrin inkişafına xidmət göstərir. 

Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri də regionda Azərbaycanın liderliyini göstərir. Qəbələdə keçirilən rəsmi və Şuşada təşkil olunan qeyri-rəsmi zirvə görüşləri türk dünyasının birliyini möhkəmləndirir və Azərbaycan tərəfindən irəli sürülən təşəbbüsün əhəmiyyətini ortaya qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu addımlar yalnız diplomatik rəmz deyil, həm də regionda strateji təsirin artırılması məqsədini daşıyır.

Nəticə etibarilə Mərkəzi Asiya və regional diplomatik təşəbbüslər, nəqliyyat və logistika layihələri Azərbaycanın xarici siyasətində strateji prioritetlərdən biri kimi çıxış edir. Prezident İlham Əliyev müsahibəsində qeyd etdiyi kimi, bu yanaşma Azərbaycanı regional lider və etibarlı tərəfdaş kimi möhkəmləndirir, ölkəmizin iqtisadi potensialını artırır və beynəlxalq səviyyədə nüfuzunu genişləndirir.


Beynəlxalq missiya: sülhməramlı əməliyyatlarda iştirak


Müsahibədə regional münaqişələr və Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı suala cavab olaraq bildirildi ki, bizə belə müraciətlər daxil olub. "Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər". Ölkəmiz müharibə riskinə qarşı hazırdır, çünki vətəndaşlarımızın həyatını və ərazilərimizin bütövlüyünü qorumağı prioritet hesab edir.

Ümumən ölkəmiz xarici siyasətində beynəlxalq missiyalarda iştirakı diqqətlə seçir və onu strateji məqsədlərə uyğun həyata keçirir. Prezident İlham Əliyev müsahibəsində də xatırlatdığı kimi, ölkəmiz İraqda, Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak təcrübəsinə malikdir. Bu təcrübə Azərbaycanın beynəlxalq hüquq və humanitar prinsiplərə sadiqliyini göstərir. "Bu, sülhməramlı əməliyyatlar, yaxud sülhün bərqərar olması - ingiliscə deyildiyi kimi, "peacekeeping" və ya "peace enforcement" olacaq. Bunlar iki ayrı-ayrı məfhumlardır. Təbii ki, biz ikinciyə hazır deyilik və hətta heç vaxt öz iştirakımızı nəzərdə tutmamışıq. Əfqanıstanda bizim sülhməramlı missiyamıza gəldikdə, xoşbəxtlikdən və o cümlədən mövqeyimiz sayəsində bizim heç bir zərərçəkənimiz olmadı. Yəni bütün bu illər ərzində qurban vermədik, məhz ona görə ki, öz funksiyamızı strateji obyektlərin qorunmasında görürdük. Biz heç vaxt döyüş əməliyyatlarında iştirak etmədik və Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur", - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycanın indiyədək iştirak etdiyi bütün missiyalar əsasən sülhməramlı xarakter daşıyıb. Ölkəmiz heç vaxt döyüş əməliyyatlarına birbaşa qoşulmayıb və bu siyasət strateji olaraq qorunub. Belə yanaşma Azərbaycanın milli maraqlarını və vətəndaşlarının həyatını qorumaq prinsipinə əsaslanır. "…Mənim ölkəm təcavüzdən zərər görüb, Birinci Qarabağ müharibəsində böyük qurbanlar verib. Bununla belə, az olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də qurbanlar olub. Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi".

Qəzza sektorunda və digər Yaxın Şərq regionlarında mümkün iştirak məsələsinə gəldikdə, Prezident İlham Əliyev açıq şəkildə deyib: "…Mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. İndiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz. Ərəb Liqası var, Ərəb Liqasının mövqeyi mövcuddur, o, yetərincə aydındır və biz buna uyğun hərəkət edirik. İslam Əməkdaşlıq Təşkilatının qərarları var və biz də, o cümlədən bu qərarları qəbul etmişik və buna əməl edirik". 

Bəli, Azərbaycan yalnız hüquqi əsaslara malik əməliyyatlarda iştirak edəcək. Bu, ölkəmizin regional proseslərdə məsuliyyətli və strateji mövqedə olduğunu göstərir. Hər hansı lazımsız fəallıq və ya "parovozun önündə qaçmaq" kimi riskli addımlar Azərbaycanın xarici siyasətimizdə yolverilməz hesab olunur. Azərbaycanın mövqeyi aydın və qətiyyətlidir: istənilən əməliyyat və ya missiyada iştirak yalnız milli maraqlar və strateji məqsədlər çərçivəsində mümkün ola bilər.

Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən birini təşkil edir: sülhpərvərlik və regional sabitliyə töhfə vermək. Ölkəmiz BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda Fələstinin dəstəklənməsi və digər beynəlxalq məsələlərdə prinsipial mövqeyini qoruyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın sülhməramlı fəaliyyəti milli maraqları, strateji təhlükəsizlik və beynəlxalq hüquq prinsipləri ilə uzlaşır.

Azərbaycanın bu siyasəti həm də ölkənin beynəlxalq imicini gücləndirir. Strateji obyektivlər və milli təhlükəsizlik maraqları əsasında hərəkət edən Azərbaycan həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunur və bununla həm diplomatik münasibətlərdə dayanıqlığını artırır, həm də strateji layihələrdə daha fəal rol alır. 

"Biz hər zaman həqiqətə sadiq olmuşuq, həmçinin hər zaman ədalətə sadiq olmuşuq. Biz heç vaxt ədalətə uyğun olmayan heç bir şey etməmişik. Gördüyümüz bütün işlər tarixi, hüquqi və insani ədalətə əsaslanıb. Lakin dünya dəyişib. Biz kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq", - deyə Prezident İlham Əliyev müsahibəsində xüsusi vurğulayıb. Ona görə də bu gün Azərbaycanın xarici siyasətində əsas prioritetlər güc və məsuliyyət balansını qorumaqdır. Belə bir mövqe həm regionda sabitliyə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə xidmət edir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!