09 Oktyabr 2026 16:38
185
SİYASƏT
A- A+
Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  


Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı, eləcə də dövlətlər arasında intensivləşən qarşılıqlı səfərlər siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. 

Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, dövlət başçısının Türkmənistana işgüzar səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycan ilə Türkmənistan arasında, eləcə də Mərkəzi Asiya regionu ilə əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlığın əsas istiqamətləri sırasında nəqliyyat-logistika və enerji sahələri xüsusi yer tutur. Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat marşrutlarının əhəmiyyəti yalnız yüklərin bir məntəqədən digərinə çatdırılması ilə məhdudlaşmır. “Nəqliyyat bağlantıları dövlətlər arasında ticarət əlaqələrinin genişlənməsinə, yeni investisiyaların cəlb edilməsinə, sənaye və logistika sahələrində əməkdaşlığın dərinləşməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında nəqliyyat-tranzit əlaqələrinin inkişafı tərəflərin iqtisadi maraqlarına cavab verməklə yanaşı, daha geniş regional əməkdaşlıq məkanının formalaşmasına da xidmət edir. Hazırda beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi, yükdaşımaların təhlükəsizliyinin təmin olunması və logistika imkanlarının genişləndirilməsi region ölkələri qarşısında duran əsas məsələlərdəndir. Bu baxımdan Orta Dəhlizin inkişafı Azərbaycan və Mərkəzi Asiya dövlətləri üçün xüsusi əhəmiyyət daşıyır”, – deyə o bildirib. 

Deputat qeyd edib ki, Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar Mərkəzi Asiya ölkələrinin Azərbaycan vasitəsilə Gürcüstana, Türkiyəyə və Avropa bazarlarına çıxışını təmin edən mühüm bağlantıdır. Azərbaycanın dəniz limanı, dəmir yolları, avtomobil yolları və digər nəqliyyat infrastrukturu bu marşrutun imkanlarının genişləndirilməsinə xidmət edir. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra Avropaya uzanan bu marşrut beynəlxalq yükdaşımalar sistemində mühüm yer tutur. 

V.Rəhimzadə xatırladıb ki, Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında əməkdaşlığımızın əsas sahələrindən birinin nəqliyyat olduğunu vurğulayıb: “Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik”.

Deputat bildirib ki, Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Bu göstəricilər marşrutun əhəmiyyətinin yüksəldiyini nümayiş etdirir. Bununla yanaşı, dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün limanların imkanlarının uzlaşdırılması, daşımaların rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və logistika xərclərinin azaldılması istiqamətində əməkdaşlığın davam etdirilməsi vacibdir.  

Onun sözlərinə görə, enerji sahəsi də Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin strateji istiqamətlərindən biridir: “Zəngin enerji resursları və bu potensialdan səmərəli istifadə regional əməkdaşlıq üçün geniş imkanlar yaradır. Türkmənistan və Qazaxıstandan hasil edilən neftin bir hissəsinin Azərbaycan ərazisi vasitəsilə beynəlxalq bazarlara daşınması ölkəmizin tranzit imkanlarının enerji sahəsində də əhəmiyyətini göstərir. Bu əməkdaşlığın genişləndirilməsi enerji təchizatı marşrutlarının şaxələndirilməsinə və region ölkələrinin beynəlxalq enerji bazarları ilə əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.  Mərkəzi Asiya regionunun zəngin enerji potensialı ilə Azərbaycanın malik olduğu beynəlxalq nəqliyyat-logistika və enerji infrastrukturu arasındakı strateji əlaqələrin dərinləşməsi Avrasiya məkanında yeni və dayanıqlı əməkdaşlıq arxitekturasının formalaşmasına güclü təkan verir. Karbohidrogen ehtiyatlarının alternativ marşrutlar vasitəsilə qlobal bazarlara çıxarılması, tranzit-ötürmə qabiliyyətinin artırılması və logistik dəhlizlərin şaxələndirilməsi Xəzəryanı ölkələrin iqtisadi maraqlarını əhəmiyyətli dərəcədə uzlaşdırır. Bu kontekstdə nəqliyyat dəhlizləri ilə enerji layihələrinin sinxron şəkildə inkişaf etdirilməsi Xəzər hövzəsində daha geniş və inteqrasiya olunmuş iqtisadi tərəfdaşlıq modelinin təməlini qoyur”. 

Deputat qeyd edib ki, ənənəvi enerji daşıyıcıları ilə yanaşı, yaşıl enerji təşəbbüsləri və bərpaolunan mənbələrdən əldə olunan elektrik enerjisinin ötürülməsi sahəsindəki layihələr əməkdaşlıq gündəliyinin mərkəzində dayanır. Yaşıl enerji dəhlizlərinin yaradılması həm region dövlətlərinin enerji təhlükəsizliyini möhkəmləndirir, həm də Mərkəzi Asiya resurslarının Avropa bazarlarına təhlükəsiz şəkildə çatdırılmasına şərait yaradır. Bununla belə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı tərəfdaşlıq yalnız enerji və nəqliyyat sferaları ilə məhdudlaşmır. Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması, birgə investisiya fondlarının və müəssisələrin yaradılması, rəqəmsal transformasiya, süni intellektin tətbiqi, eləcə də kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atırlar. Dövlət başçılarının müntəzəm olaraq keçirdikləri məşvərət görüşləri və ikitərəfli sammitlər bu strateji hədəflərə nail olmaq üçün yeni sazişlərin, Anlaşma memorandumlarının və irimiqyaslı birgə layihələrin reallaşdırılmasına etibarlı zəmin yaradır.

V.Rəhimzadə deyib ki, nəqliyyat və enerji sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi Azərbaycanın tranzit və enerji potensialının gücləndirilməsi ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə də xidmət edir. Bu baxımdan Orta Dəhlizin inkişafı, Xəzər üzərindən daşımaların səmərəliliyinin artırılması və enerji marşrutlarının şaxələndirilməsi uzunmüddətli qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

Azərbaycanlılar nə qədər xərcləyirlər? 

16:18
09 Oktyabr

Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan əsas güc mərkəzi  

16:17
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!