13 Yanvar 2024 10:30
2974
SİYASƏT
A- A+
Azərbaycan: ürəyi və imkanı geniş ev sahibi

Azərbaycan: ürəyi və imkanı geniş ev sahibi

 

Prezident İlham ƏLİYEV: "COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik"

 

Qonaqpərvərlik xalqımızın milli-mənəvi dəyərlərindən qaynaqlanan əvəzsiz xüsusiyyətidir. Qonağı gülərüzlə, duz-çörəklə qarşılamaq, onun öz evinə xoş təəssüratlarla qayıtması üçün əldən gələni əsirgəməmək ənənəmiz əsrlərdir davam edir. Qloballaşan müasir dünyada ən müxtəlif sahələrə aid mötəbər tədbirlərin keçirilməsini layiqincə təşkil etmək, onların iştirakçısı olan çoxsaylı qonağı qarşılayıb yola salmaq xüsusi məna, məzmun və əhəmiyyət daşıyır, qarşıya ciddi tələblər qoyur. Bir çox səbəblərdən bunu heç də hər ölkə edə bilmir. Lakin Azərbaycan belələrinin sırasına daxil deyil. 
Ölkəmiz son onilliklərdə bir çox beynəlxalq tədbirə evsahibliyi edib. Özü də yüksək səviyyədə! Həm də ev sahibi təkcə paytaxtımız deyil, digər şəhərlərimiz, hətta rayon mərkəzlərimiz olub. Nə xoş ki, bu sıraya 30 illik erməni işğalından sonra yenidən tikilib-qurulan bölgələrimiz də qoşulub. Elə sonunculardan başlayaq. Düşmən tapdağından azad olunmuş Şuşamızda son iki-üç ildə keçirilən mühüm beynəlxalq tədbirlərdən tək birini xatırlayaq. 
2022-ci il  aprelin 22-23-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayı keçirildi. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. Söhbət təkcə həmin vaxtdan cəmi il yarım  əvvəl işğaldan azad edilmiş bir şəhərin bu sayda qonağı necə qəbul etməsindən getmir. Əsas məsələ odur ki, belə mötəbər bir qurultayın mədəniyyətimizin beşiyi sayılan Şuşada keçirilməsi tədbirin tarixi önəmini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi: "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır". 
Təsadüfi deyil ki, xarici KİV-də də Zəfər qurultayının əhəmiyyəti xüsusilə vurğulandı. Türkiyənin, İtaliyanın, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin, Livanın, Gürcüstanın, Moldovanın, Rumıniyanın, Yaponiyanın və digər ölkələrin qəzetləri, telekanalları, xəbər agentlikləri qurultayın gedişini, Azərbaycanın dövlət başçısı İlham Əliyevin çıxışından əsas məqamları işıqlandırdılar.
Keçən il sentyabrın 29-da isə BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda, təzəcə istifadəyə verilmiş Konqres Mərkəzində 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirdilər. Həmin gün qədim Azərbaycan diyarı Şərqi Zəngəzurun 53 ölkədən 200-ə yaxın xarici və ümumilikdə 400 qonağı vardı.  Ondan əvvəlki ildə isə 1-ci Şəhərsalma Forumu Ağdam şəhərində keçirilmişdi. Həmin Ağdamda ki, erməni vandalları onu Qafqazın Xirosimasına çevirmişdilər... Bu faktların özü çox şeydən xəbər verir. O cümlədən qalib Azərbaycanın iqtisadi qüdrətindən, 30 il işğalda olan ərazilərində qısa bir zamanda təkbaşına həyata keçirdiyi geniş quruculuqdan, hətta burada beynəlxalq tədbirlərin keçirilməsi üçün müvafiq, həm də ən müasir infrastruktur yaratdığından. Əlbəttə, bunlar, eləcə də ölkəmizin, ümumiyyətlə, beynəlxalq tədbirlərə evsahibliyi etmək təcrübəsinə əsaslanır.
Bir qədər geriyə dönərək 2012-ci ili, mayın 22-26-da keçirilən "Eurovision" Mahnı Müsabiqəsini xatırlayaq. Bu, sayca 57-ci "Eurovision" idi və Azərbaycan ilk dəfə idi bu tədbirə evsahibliyi edirdi. Bizi gözügötürməyənlər bu işi uğurla başa çatdıracağımızdan bədgüman idi, yaxud da məhz tədbirin sönük keçməsini istəyirdi. Lakin ölkəmiz bu böyük müsabiqəyə evsahibliyi etmək hüququ qazandıqdan dərhal sonra Prezident İlham Əliyev "Eurovision 2012"nin keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması üçün sərəncam imzaladı. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Təşkilat Komitəsinə sədrlik etdi. Mehriban xanım Əliyeva özünəməxsus olan bacarıq və səriştə, təşkilatçılıq qabiliyyəti, dərin bilgilər və geniş dünyagörüşü sayəsində bu tədbirin yüksək səviyyədə keçməsinə nail oldu.
Möhtəşəm mahnı müsabiqəsi "Öz məşəlini alovlandır" şüarı altında keçirildi. Bu onunla əlaqədardır ki, Azərbaycanı qədimdən Odlar Yurdu adlandırırlar və indinin  özündə də ölkəmizdə simvol kimi od və alovdan geniş istifadə olunur. Bu səbəbdən müsabiqənin loqotipi kimi də alov-gül seçilmişdi. Müsabiqənin vizual dizayn ideyaları belə izah edilirdi: "Qədim zamanlardan insanlar hekayət danışmaq, mahnı oxumaq, rəqs etmək üçün od ətrafına toplaşmışlar. "Eurovision" isə insanların bayram etmək, mahnı və rəqs vasitəsilə ünsiyyət qurmaq üçün bir araya gəldiyi yerdir".
Beləliklə, dünya Azərbaycanın həm tarixi və adət-ənənələri, o cümlədən qonaqpərvərliyi, həm də bugünkü iqtisadi qüdrəti, bir sözlə, nələrə mənsub və qadir olduğunu  gördü. 
Bundan üç il sonra - 2015-ci il iyunun 12-dən 28-nə qədər Azərbaycanın paytaxtı tarixdə ilk dəfə keçirilən bir idman yarışına - Avropa Oyunlarına evsahibliyi etdi. Bu tədbirin miqyasını rəqəmlər belə əks etdirir: yarışlarda Avropanın 50 ölkəsinin 10 min idmançısı mübarizə apardı. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. İdmançılar 253 dəst medal uğrunda yarışdı. Satışa 600 min bilet çıxarıldı. 15 min könüllü səfərbər olundu.
Tədbir ərəfəsində qısa bir zamanda Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası inşa edildi, Heydər Əliyev adına İdman-Konsert Kompleksində  əsaslı təmir işləri aparıldı, digər idman infrastrukturu yaradıldı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi  Təşkilat Komitəsi bu tədbirə də  böyük səriştə ilə hazırlıq gördü və onu yüksək səviyyədə başa çatdırdı. Vurğulayaq ki, həmin vaxta qədər dünyada bu adda oyunlar keçirilməmişdi, yəni bu istiqamətdə heç bir təcrübə yox idi. Bu təcrübəni Azərbaycan yaratdı! 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün platforma da  Avropa Oyunlarında toplanmış təcrübə oldu.
Azərbaycanın evsahibliyi etdiyi müxtəlif təyinatlı beynəlxalq tədbirlərin siyahısını xeyli uzatmaq mümkündür. Məsələn, Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi 30 ildir ünvanını dəyişmir. Dünyanın bu sektorda çalışan ən görkəmli mütəxəssislərinin görüş yeri, ən tanınmış şirkətlərinin öz nailiyyətlərini nümayiş etdirdiyi məkan yenə də Azərbaycandır. 2015-ci ildən başlayaraq "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasları da dünyanın bir çox görkəmli enerji mütəxəssislərini və layihədə iştirak edən ölkələrin rəhbərliyinin nümayəndələrini Bakıda bir araya gətirir.
Azərbaycanda bu il də bir sıra beynəlxalq konfranslar, simpoziumlar, forumlar və digər toplantılar keçiriləcək. İlin sonunda  isə ölkəmiz  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi edəcək. Bu, Azərbaycana növbəti böyük etimad və hörmətin göstəricisidir. Bununla bağlı keçən il dekabrın 15-də Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Dövlətimizin başçısı müşavirədə çıxış edərək COP29-un miqyas və mahiyyətini qeyd etdi: "İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır".
Prezident  vaxtın o qədər də çox olmadığını, tədbirə 11 aydan az qaldığını nəzərə çatdırdı. Ona görə də  dərhal bütün hazırlıq işlərinə start verməyin vacib olduğunu nəzərə çatdırdı.
Azərbaycan bu möhtəşəm və əzəmətli tədbirin yüksək səviyyədə keçməsi üçün ciddi hazırlıq işləri görəcək və hər dəfə olduğu kimi, yenə də dünyanı öz təşkilatçılığı, qonaqpərvərliyi, nizam-intizamı, gücü və qüdrəti ilə valeh edəcək. Buna şübhə yoxdur. Dövlətimizin başçısı da məhz bunu vurğulamışdır: "COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".
Bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də Prezident İlham Əliyev COP29-a hazırlıq məsələlərinə toxunmuşdur. Qeyd etmişdir ki,  Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq: "Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!