Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü ilk növbədə ölkəmizdə humanizmin dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil etdiyini göstərir. Bu, müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Cənab Prezidentin siyasi fəaliyyətinin mərkəzində hər zaman vətəndaşın rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz “Konstitusiya və Suverenlik İli”ndə bu qərarın verilməsi həm də Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirir. Məhz suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq belə bir humanist addım atılır.
Ümumiyyətlə, əfv və amnistiya qərarları hüquq sisteminin humanistləşdirilməsinə, qanunun aliliyini və mərhəməti nümayiş etdirərək vacib sosial-siyasi əhəmiyyətə malikdir. Bu, cəza çəkən insanların cəmiyyətə adaptasiyasına, onların yenidən sosiallaşmasını asanlaşdırmağa imkan verir. Cəzaların ağırlığını azaltmaq, xüsusən də həssas qruplara qarşı mərhəmət sosial uyğunlaşmanı gücləndirir.
Bu, həmçinin ölkəmizdə qanunun aliliyinin humanist mexanizmlərlə tamamlandığını nümayiş etdirir. Azərbaycanın beynəlxalq aləmdə insan hüquqlarına hörmət və islahat iradəsi barədə imicini möhkəmləndirir.
Amnistiya və əfv qərarları təkcə hüquqi mexanizm deyil, həm də cəmiyyətin humanist dəyərlərini, siyasi sabitliyi və dövlət-vətəndaş etimadını gücləndirən mühüm sosial-siyasi addımdır.
Bu vaxta qədər ölkəmizdə 12 amnistiya və 71 əfv təşəbbüsü icra olunub.
Bundan əvvəl Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Yeri gəlmişkən, bu dəfəki amnistiya aktına daxil olan kateqoriyalar sırasında 44 günlük Vətən müharibəsinin, antiterror əməliyyatlarının iştirakçıları, hətta onların yaxın qohumları da var. Beləliklə, bu, öz ərazi bütövlüyümüzlə yanaşı suverenliyimizi də bərpa etdikdən sonra ilk amnistiya aktı kimi tarixə düşəcək.
Nigar MƏMMƏDOVA,
Milli Məclisin deputatı