17 Dekabr 2025 11:43
211
SİYASƏT
A- A+
Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ TƏHLİL 

Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ TƏHLİL 

Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə keçiriləcək “Gələcəyin Oyunları 2025” qlobal idman turnirinin açılış mərasimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir. Dövlətimizin başçısının səfər çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə ikitərəfli görüşü keçirilib. Bu səfərin məqsədi yalnız idman tədbirində iştirakla məhdudlaşmır, həm də Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin regionda stabilliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, “Gələcəyin Oyunları” turniri hər il təşkil olunur və idmançıların həm fiziki, həm də rəqəmsal oyunlar üzrə bacarıqlarını nümayiş etdirdiyi qlobal platformadır. Turnirin təşkilatçısı “Phygital International” fiziki və rəqəmsal oyunların birgə keçirilməsini təşviq edir. Yarış iki mərhələdə keçirilir: idmançılar ilkin mərhələdə fiziki idman növləri, ikinci mərhələdə isə rəqəmsal oyun bacarıqları üzrə sınaqdan keçirilir. Dekabrın 18-dən 23-dək Əbu-Dabi Milli Sərgi Mərkəzində təşkil olunacaq builki turnirə müxtəlif ölkələrdən idmanın 11 növü üzrə iştirakçıların qatılması nəzərdə tutulub.

AZƏRTAC səfərin əhəmiyyətini Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsi, həmçinin regionda stabilliyin qorunması baxımından təhlil edir.

Siyasi iradə və qarşılıqlı etimad münasibətləri dərinləşdirir

Əvvəla diqqətə çatdırmaq yerinə düşər ki, Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə sürətlə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Son illərdə ikitərəfli əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib, dövlət başçıları arasında mövcud münasibətlər bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verir. Qarşılıqlı səfərlər isə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir, iqtisadi, siyasi və humanitar əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 6 dəfə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Bu səfərlər iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayıb. Səfərlər zamanı imzalanan sənədlər və razılaşmalar əməkdaşlığın strukturunu və gələcək hədəflərini dəqiqləşdirir. Belə ki, 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb, 2025-ci ilin sentyabrında isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” qüvvəyə minib. Bu sənədlər Azərbaycan və BƏƏ arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıraraq strateji tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsinə xidmət edir. Xüsusilə siyasət, iqtisadiyyat, ticarət, enerji və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini təmin edir, qarşılıqlı faydalı layihələrin daha səmərəli və davamlı şəkildə həyata keçirilməsi üçün mükəmməl hüquqi və institusional zəmin yaradır. Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi iki ölkə arasında etimadın artırılmasına, qarşılıqlı dialoqun intensivləşdirilməsinə və uzunmüddətli əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə imkan verir.

Bu yanaşma, həmçinin Azərbaycan və BƏƏ arasında dostluq və tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirir, gələcəkdə enerji və investisiya sahələrində yeni layihələrin həyata keçirilməsini asanlaşdırır. Sənədlərdə nəzərdə tutulmuş mexanizmlər iqtisadi-ticari əlaqələrin şaxələndirilməsinə, innovasiya və texnologiya sahəsində əməkdaşlığın gücləndirilməsinə, eləcə də sosial və humanitar sahələrdə birgə təşəbbüslərin inkişafına şərait yaradır. Nəticədə, iki ölkə arasında əlaqələr yalnız kəmiyyət baxımından deyil, keyfiyyətcə də daha yüksək səviyyəyə çatır, bu isə regionda davamlı sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir.

Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə budəfəki işgüzar səfəri həm də 2025-ci il iyulun 9-da imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin həyata keçirilməsini sürətləndirir. Bu Saziş ticarət həcmlərinin artırılması, investisiya axınlarının şaxələndirilməsi, innovasiya və yaşıl texnologiyalar sahələrində əməkdaşlığı genişləndirir. Eyni zamanda, biznes dairələri arasında əlaqələrin möhkəmlənməsinə dəstək olur və ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsini təmin edir.

Ümumilikdə, bu günədək Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələri əhatə edən 50-dən çox ikitərəfli sənəd imzalanıb ki, bu da münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini göstərir. Parlamentlərarası əlaqələr də dinamik xarakter daşıyır və qarşılıqlı siyasi dialoqun mühüm tərkib hissəsi kimi çıxış edir. 2025-ci ildə hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərləri qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinə geniş imkanlar yaradıb. Bu əlaqələr siyasi etimadın möhkəmlənməsinə, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.

Azərbaycan və BƏƏ, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq platformalar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Xüsusilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğu 2012-2013-cü illərdə BƏƏ-nin ölkəmizə göstərdiyi siyasi dəstək yüksək qiymətləndirilir. Bu əməkdaşlıq tərəflərin beynəlxalq hüquqa və çoxtərəfli diplomatiyaya verdiyi önəmi nümayiş etdirməklə yanaşı, regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və siyasi sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Ticarət, investisiya və yaşıl enerji əməkdaşlığı

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi sahədə əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir və konkret rəqəmlərdə öz təsdiqini tapır. Belə ki, cari ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq 147,49 milyon ABŞ dollarına çatıb. Bu artım qarşılıqlı iqtisadi maraqların genişləndiyini, eyni zamanda, imzalanmış sazişlərin real nəticələr verdiyini göstərir. İnvestisiya sahəsində isə Azərbaycan İnvestisiya Holdinqi ilə Əbu-Dabi İnkişaf Holdinqi tərəfindən yaradılmış Birgə İnvestisiya Fondu bir sıra prioritet layihələrin maliyyələşdirilməsinə və uzunmüddətli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır.

Turizm sahəsində əlaqələrin inkişafında birbaşa aviareyslərin xüsusi rolunu da vurğulamalıyıq. Bakı ilə Əbu-Dabi, Dubay və Şarja şəhərləri arasında həyata keçirilən birbaşa uçuşlar insanların gediş-gəlişini asanlaşdırmaqla yanaşı, humanitar təmasların genişlənməsinə də töhfə verir. Cari il ərzində təxminən 39 min BƏƏ vətəndaşının Azərbaycana səfəri turizm əlaqələrinin artan xətt üzrə inkişaf etdiyini göstərir. Bununla yanaşı, iki ölkə arasında tranzit daşımaların həcminin 20 faizdən çox artması Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin möhkəmləndiyini və ticarət əlaqələrinin daha da genişləndiyini nümayiş etdirir.

Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. BƏƏ-nin aparıcı enerji şirkətləri olan “Masdar” və ADNOC-un Azərbaycanın enerji sektorunda fəal iştirakı bu əməkdaşlığın bariz nümunəsidir. Günəş və külək elektrik stansiyalarının tikintisini nəzərdə tutan bu layihələr ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə, bərpaolunan enerji mənbələrinin payının artırılmasına və “yaşıl keçid” strategiyasının sürətləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, bu təşəbbüslər Azərbaycanı regionda yaşıl enerji sahəsində qabaqcıl ölkələrdən birinə çevirmək məqsədinə xidmət edir.

Humanitar diplomatiya münasibətlərin mühüm istiqaməti kimi

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstək ikitərəfli münasibətlərin humanitar ölçüsünü aydın şəkildə nümayiş etdirir. BƏƏ hökumətinin bu məqsədlə ANAMA-ya 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırması postmünaqişə dövründə təhlükəsizliyin təmin olunmasına, bərpa və yenidənqurma proseslərinin sürətləndirilməsinə mühüm töhfədir. Bu addım, eyni zamanda, BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə və sülh gündəliyinə verdiyi siyasi, humanitar dəstəyin göstəricisi kimi qiymətləndirilir. Humanitar sahədə əməkdaşlıqla yanaşı, təhsil istiqamətində də əlaqələr ardıcıl şəkildə genişlənir və qarşılıqlı mədəni yaxınlaşmanı təşviq edir.

Bu baxımdan, 2024-cü ildə Azərbaycan Dillər Universitetində Şeyx Zayed adına ərəb dili auditoriyasının açılması iki ölkə arasında təhsil və mədəni əməkdaşlığın mühüm nümunələrindən biri hesab olunur. Hazırda Azərbaycanın bir sıra ali və ümumtəhsil müəssisələrində ərəb dilinin tədrisi gənclər arasında dil biliklərinin və mədəni anlayışın formalaşmasına xidmət edir. Eyni zamanda, Azərbaycanın və BƏƏ-nin aparıcı ali təhsil müəssisələri arasında imzalanmış anlaşma memorandumları akademik mübadilənin, birgə elmi tədqiqatların və təcrübə proqramlarının genişləndirilməsinə imkan yaradır.

Ölkələrimiz arasında mədəni sahədə əlaqələr də ardıcıl və sistemli şəkildə inkişaf etdirilir. Keçirilən mədəniyyət günləri, sərgilər və təqdimatlar xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir. Xüsusilə 2024-cü ildə Əbu-Dabi şəhərində təşkil olunmuş “Şuşa Günləri” adlı tədbir Azərbaycanın zəngin tarixi və mədəni irsinin BƏƏ ictimaiyyətinə çatdırılması baxımından əlamətdar hadisə kimi dəyərləndirilir. Bu cür təşəbbüslər humanitar diplomatiyanın güclənməsinə, ölkələrimizin dostluq münasibətlərinin daha da dərinləşməsinə və uzunmüddətli əməkdaşlıq üçün etibarlı əsasların formalaşmasına xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!