Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Mühəndislik Universitetində geniş tərkibdə görüş keçirib.
Bu barədə AZƏRTAC-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə universitetin prezidenti general-mayor Zhu Xiaoqian nümayəndə heyətinə müəssisənin fəaliyyət istiqamətləri, mühəndislik və texnologiyalar sahəsində həyata keçirilən elmi-tədqiqat layihələri barədə ətraflı məlumat verib.
Görüşün 2025-ci il aprelin 23-də Pekində Azərbaycan və Çin rəhbərləri arasında imzalanmış Birgə Bəyanat və ANAMA ilə Çinin Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunun müsbət nəticəsi olduğu vurğulanıb.
Tərəflər arasında minatəmizləmə sahəsində müasir texnologiyaların tətbiqi imkanlarının araşdırılması və müvafiq istiqamətlər üzrə potensial əməkdaşlıq perspektivləri müzakirə edilib.
Universitetin humanitar minatəmizləmə sahəsində təlimlər üzrə departament rəhbəri ilə keçirilən görüşdə isə müəssisədə təşkil olunan təlim proqramları, onların məzmunu və istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.
Nümayəndə heyəti universitetin müvafiq laboratoriyaları və təlim infrastrukturu ilə də tanış olub.
Görüş çərçivəsində nümayəndə heyəti universitetin müasir maddi-texniki bazası ilə tanış olub, minatəmizləmə, partlayıcı qurğuların aşkar edilməsi və zərərsizləşdirilməsi sahəsində elmi araşdırmaların aparıldığı laboratoriyalara baxış keçirib. Eləcə də universitetdə yerləşən təlim poliqonunda təşkil edilən praktiki təlimlərlə tanış olub. Poliqonda minatəmizləmə üzrə təlim prosesində tətbiq edilən metodoloji yanaşmalar, istifadə olunan texniki vasitələr barədə məlumatlandırılıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Çinə səfəri mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl texnologiyaların öyrənilməsi və minatəmizləmə avadanlıqlarının istehsalı üzrə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq imkanlarının araşdırılması məqsədi daşıyır.