Rumıniyanın sığorta sahəsində ixtisaslaşmış 1asig.ro nəşri yazır ki, iyunun 24-25-də Bakıda Qafqaz və Xəzər hövzəsinin sığorta və özəl pensiya sektorunda ən nüfuzlu beynəlxalq tədbirlərindən biri hesab olunan XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF – Azerbaijan International Insurance Forum) keçirilir. Tədbir Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və Rumıniyanın XPRIMM nəşrlər qrupunun birgə təşkilatçılığı ilə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, nəşr iki ildən bir təşkil edilən forumun artıq regionun aparıcı peşəkar platformalarından birinə çevrildiyini qeyd edir. Bildirilir ki, bu il Bakı Marriott Boulevard hotelində keçirilən tədbir “Rəqəmsal dövrdə artım, etimad və dayanıqlılıq” mövzusuna həsr olunub. Forumda sığorta və pensiya sektorunun inkişaf perspektivləri, maliyyə sabitliyi, rəqəmsal transformasiya, risklərin idarəolunması və istehlakçı etimadının artırılması kimi məsələlər müzakirə edilir.
1asig.ro yazır ki, forumda Avropa və Asiyanın müxtəlif ölkələrindən dövlət qurumlarının nümayəndələri, tənzimləyici orqanlar, beynəlxalq təşkilatlar, sığorta və pensiya fondlarının rəhbərləri, eləcə də maliyyə sektorunun aparıcı ekspertləri iştirak edirlər.
Tədbirin əsas məqsədi region ölkələri arasında təcrübə mübadiləsini genişləndirmək, sığorta bazarlarının dayanıqlığını gücləndirmək və yeni əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
Nəşr bildirir ki, forumun xarici məruzəçiləri arasında Belçikada fəaliyyət göstərən “PensionsEurope” təşkilatının baş katibi və baş icraçı direktoru Matti Leppala, Macarıstanın Richter Pharma Pension Fund pensiya fondunun idarəedici direktoru və PensionsEurope CEEC Forumunun sədri Çaba Nad, eləcə də Qazaxıstanın “Nomad Life” şirkətinin pərakəndə satış üzrə icraçı direktoru Olqa Maslova yer alırlar. Onlar pensiya sistemlərinin inkişafı, sığorta bazarlarında rəqəmsallaşma və müasir risklərin idarə olunması sahəsində beynəlxalq təcrübələrini bölüşürlər.
Vurğulanır ki, son illərdə Azərbaycan maliyyə, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində beynəlxalq tədbirlərin keçirildiyi mühüm regional mərkəzə çevrilib. Bakıda təşkil olunan forumlar ölkənin beynəlxalq maliyyə əməkdaşlığının genişlənməsinə, xarici investorlarla əlaqələrin inkişafına və region ölkələri arasında peşəkar dialoqun güclənməsinə töhfə verir.
1asig.ro qeyd edir ki, Azərbaycan Beynəlxalq Sığorta Forumu təkcə Qafqaz və Xəzər hövzəsi üçün deyil, həm də Mərkəzi və Şərqi Avropa ölkələri arasında sığorta və pensiya sektorunda əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrilib.
Nəşr bildirir ki, növbəti forumun 2028-ci ildə yenidən Bakıda keçirilməsi planlaşdırılır.