Avropanı cənginə alan rekord isti hava ciddi fəsadlara və insan tələfatına səbəb olub. Son məlumatlara görə, təkcə Fransada anomal istilər nəticəsində 1000-dən çox insan dünyasını dəyişib. Fransa İctimai Səhiyyə Agentliyi həyatını itirənlərin əksəriyyətinin yaşlılar olduğunu və bu rəqəmin daha da arta biləcəyini açıqlayıb.
“Röyters” Agentliyi xəbər verir ki, iyunun 20-dən başlayan isti hava dalğası Avropa tarixində qeydə alınan ən ağır təbiət hadisələrindən biri hesab olunur. Almaniya, Polşa, Çexiya və Avstriyada temperatur rekordları qırılıb, bəzi bölgələrdə termometrlər 40 dərəcəni göstərib.
Almaniyada relslərin və infrastrukturun zərər görməsi səbəbindən qatar və tramvay xətlərinin hərəkəti məhdudlaşdırılıb. Macarıstanın “Paks” atom elektrik stansiyası, soyutma üçün istifadə etdiyi Dunay çayının suyunun həddindən artıq isinməsi səbəbindən iş gücünü azaltmaq məcburiyyətində qalıb. İtaliyada Po çayının səviyyəsi kəskin azalıb və dəniz suyu daxili fəsadlar törədib. İstilərdən qorunmaq üçün göl və çaylara axın edən onlarla insan boğularaq həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hazırda 150 milyon insan ekstremal isti şəraitində yaşayır. “İqlim dəyişikliyi səbəbindən əvvəllər “nəsildə bir dəfə” baş verən anomal istilər artıq hər il təkrarlanır. Avropadakı evlər, iş yerləri və məktəblər bu cür temperaturlara hazır deyil”, - deyə o qeyd edib.
Alimlərin rəyinə görə, qlobal istiləşmə olmasaydı, gecə saatlarında qeydə alınan bu cür yüksək temperaturların yaşanma ehtimalı 100 dəfə daha az olardı.
Təhminə VERDİYEVA,
“Azərbaycan”