Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayenin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər son illər müəyyən enişli-yoxuşlu mərhələlərdən keçən Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mahiyyətini anlamaq baxımından mühüm siyasi və geosiyasi əhəmiyyətə malikdir. Bakıda səsləndirilən fikirlər göstərdi ki, Cənubi Qafqazda formalaşmış yeni reallıqlar artıq Brüsselin siyasi qərarlarına və strateji yanaşmalarına da təsir göstərməkdədir.
Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında deyib ki, müasir beynəlxalq münasibətlər sistemində bir sıra subyektiv və görüntü xarakterli ideoloji yanaşmaların yerini getdikcə daha çox soyuq və qarşılıqlı faydalı maraqların yer aldığı praqmatizm tutur: "Ukrayna müharibəsi, enerji təhlükəsizliyi böhranı, qlobal nəqliyyat marşrutlarının transformasiyası, Yaxın Şərqdə və Qırmızı dəniz hövzəsində yaranmış yeni risklər Avropa İttifaqını tərəfdaş seçimində daha realist davranmağa məcbur edir. Bu kontekstdə Azərbaycanın əhəmiyyəti yalnız enerji ixracatçısı kimi deyil, Avrasiya məkanının əsas geosiyasi və geoiqtisadi qovşaqlarından biri kimi daha aydın görünür".
Deputat qeyd edib ki, Bakıda keçirilən görüşlər və mətbuata verilən bəyanatlar da məhz bu reallığın təsdiqi kimi qiymətləndirilə bilər: "Məlumdur ki, son illər Avropa İttifaqının bəzi institutlarında Azərbaycana münasibətdə müşahidə olunan qərəzli yanaşmalar, Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz qətnamələr və Ermənistanın maraqlarını əsassız və birtərəfli qaydada müdafiə edən bəzi siyasi qrupların fəaliyyəti Bakı ilə Brüssel arasında ikincinin subyektiv mülahizələri diqqətə alması, həmçinin kənardan stimullaşdırılan qərəzli və yayındırıcı davranışlara lazımi reaksiyanın verilməməsi müəyyən etimad problemlərinin meydana gəlməsinə zəmin yaratmışdır. Lakin Ursula fon der Lyayenin səfəri göstərdi ki, Avropa Komissiyası emosiyalar və saxta siyasi stereotiplərə deyil, strateji maraqlara üstünlük verir. Bu isə ilk növbədə ittifaqın maraqlarına uyğun mövqe kimi dəyərləndirilə bilər".
E.Mirzəbəyli vurğulayıb ki, bu gün Avropa İttifaqı üçün Azərbaycan alternativ deyil, mühüm və əvəzolunmaz strateji tərəfdaşdır. "Əgər bir neçə il əvvəl Avropanın siyasi dairələrində Azərbaycanla münasibətlərə daha çox təzyiq və siyasi manipulyasiyalardan ibarət qondarma "dəyərlər diplomatiyası" prizmasından yanaşılırdısa, hazırda vəziyyət reallıq dəyişdiyindən fərqlidir. Reallıq isə ondan ibarətdir ki, enerji təhlükəsizliyindən tutmuş nəqliyyat-kommunikasiya marşrutlarına qədər bir çox istiqamət üzrə Avropanın Azərbaycanla əməkdaşlığa böyük ehtiyacı var. Azərbaycanın müstəqil, qarşılıqlı hörmətə, etimada və obyektiv qiymətləndirməyə söykənən siyasəti, əslində, strateji tərəfdaşlıq üçün ən doğru və proqnozlaşdırılan seçimdir. Prezident İlham Əliyevin mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlər də məhz bu baxımdan xüsusi diqqət çəkir. Dövlətimizin başçısı Azərbaycanla Avropa Komissiyası arasında münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulamaqla yanaşı, əməkdaşlığın enerji sektorundan daha geniş sahələri əhatə etməsi də Azərbaycanın uzun illərdir müdafiə etdiyi siyasi xəttin davamıdır", - deyə o əlavə edib.
Deputat bildirib ki, Azərbaycan heç vaxt xarici siyasətində asılılıq münasibətlərini qəbul etməyib: "Rəsmi Bakı əməkdaşlığı diktə və təzyiq üzərində deyil, qarşılıqlı maraqlar üzərində qurmağa üstünlük verir. Məhz bu səbəbdən də Azərbaycanın beynəlxalq nüfuzu artdıqca onun tərəfdaşları ilə münasibətləri daha dayanıqlı xarakter alır".
Bakıda aparılan müzakirələrin mühüm istiqamətlərindən birinin enerji məsələsi olduğunu diqqətə çatdıran E.Mirzəbəyli əlavə edib ki, bu dəfə söhbət yalnız təbii qazdan getmirdi: "Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi öz mövqeyini möhkəmləndirib. "Cənub qaz dəhlizi" vasitəsilə Avropa bazarlarına çatdırılan Azərbaycan qazı bir çox dövlətin enerji balansında mühüm yer tutur. Lakin yeni mərhələdə əməkdaşlığın əsas istiqamətlərindən biri "yaşıl enerji" sahəsi olacaq. Xəzər dənizinin nəhəng külək enerjisi potensialı, Qara dəniz enerji kabeli layihəsi və gələcəkdə "yaşıl hidrogen" ixracı imkanları ölkəmizin enerji xəritəsindəki mövqeyini daha da gücləndirir. Bu baxımdan Ursula fon der Lyayenin Azərbaycanı regionun təmiz enerji mərkəzlərindən biri kimi qiymətləndirməsi təsadüfi deyil. Bu, Avropa İttifaqının uzunmüddətli enerji strategiyasında Azərbaycanın roluna verilən siyasi qiymətdir".
Deputat deyib ki, səfərin digər mühüm nəticəsi nəqliyyat və logistika məsələləri ilə bağlıdır: "Dünyada geosiyasi gərginliklərin artdığı, ənənəvi ticarət marşrutlarının müxtəlif risklərlə üzləşdiyi bir dövrdə Orta dəhlizin əhəmiyyəti sürətlə artır. Azərbaycan isə bu marşrutun əsas halqasıdır. Bu gün Azərbaycan təkcə tranzit imkanları təqdim edən ölkə deyil. Azərbaycan həm də Avropa ilə Asiyanı birləşdirən yeni geoiqtisadi arxitekturanın formalaşmasında aktiv iştirak edən və açar rola malik olan dövlətə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin ərazisindən keçən yükdaşımaların həcmi bütün istiqamətlər üzrə artır. Bu isə Azərbaycanın nəqliyyat strategiyasının uğurunun göstəricisidir".
E.Mirzəbəyli Bakıda aparılan danışıqların mühüm aspektlərindən birinin də regional təhlükəsizlik və sülh gündəliyi ilə bağlı olduğunu söyləyib: "Diqqətçəkən məqamlardan biri Avropa Komissiyası prezidentinin çıxışında regional əməkdaşlıq, kommunikasiyaların açılması və davamlı sülh məsələlərinə xüsusi diqqət ayırmasıdır. Bu yanaşma Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqeyə yaxındır. Çünki rəsmi Bakı hesab edir ki, Cənubi Qafqazın gələcəyi qarşıdurma, bloklaşma, süni maneələrlə deyil, əməkdaşlıq, inteqrasiya, açıq, şəffaf və dürüst kommunikasiyalarla qurulmalıdır. Əslində, Avropa İttifaqının da regiona münasibətində tədricən müşahidə olunan dəyişikliklər bu reallığın qəbul edilməsindən qaynaqlanır. Bugünkü Azərbaycan təkcə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət deyil, həm də regional təhlükəsizlik, enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı proseslərin mühüm iştirakçısıdır. Avropa İttifaqı həm də bu səbəbdən Bakı ilə münasibətlərə daha strateji prizmadan yanaşmağa başlayır".
Deputat vurğulayıb ki, Ursula fon der Lyayenin Bakıya səfərinin mahiyyəti, verilən bəyanatlar, Azərbaycanın bölgədəki rolunun düzgün qiymətləndirilməsi Avropa İttifaqının Cənubi Qafqazın yeni reallıqlarını nəzərə almağa başladığını və regional liderlik rolunu praktik siyasətdə qəbul etdiyini göstərir. "Bu səfər göstərdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcəyi qarşılıqlı maraqlar üzərində qurulacaq. Enerji, "yaşıl transformasiya", nəqliyyat-kommunikasiya layihələri, rəqəmsal bağlantılar və regional təhlükəsizlik məsələləri əməkdaşlığın əsas istiqamətlərini təşkil edəcək. Səfər sübuta yetirdi ki, bu gün Avropa İttifaqı Azərbaycanla münasibətlərə ehtiyac duyur. Azərbaycan isə bu münasibətləri öz milli maraqları, suverenliyi və müstəqil siyasəti əsasında formalaşdırır. Məhz buna görə də Ursula fon der Lyayenin Bakıya səfəri dəyişən geosiyasi balansın, formalaşan yeni tərəfdaşlıq modelinin və Azərbaycanın beynəlxalq sistemdə artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilə bilər", - deyə E.Mirzəbəyli əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"