03 İyul 2026 19:07
495
SİYASƏT
A- A+
Azərbaycan Avrasiya məkanında yeni təhlükəsizlik və logistika arxitekturasının əsas aktorlarından biridir

Azərbaycan Avrasiya məkanında yeni təhlükəsizlik və logistika arxitekturasının əsas aktorlarından biridir


Hazırda Avropa təkcə enerji deyil, həm də yeni ticarət marşrutları, dayanıqlı təhlükəsizlik arxitekturası və Mərkəzi Asiyaya çıxış axtarır. Və əlbəttə ki, bütün nəzərlər Bakıya istiqamətlənib. Bu reallıq nöqteyi-nəzərdən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin səfərini təhlil etsək, qeyd edə bilərik ki, səfər ilk növbədə, Azərbaycanla münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Əgər yaxın vaxtlara qədər Azərbaycan Avropa İttifaqı tərəfindən yalnız etibarlı enerji təchizatçısı kimi qəbul edilirdisə, indi o, Avropanın Cənubi Qafqaz və Xəzər regionunda gələcək strategiyasını qurmaq üçün əvəzolunmaz dövlət kimi qiymətləndirilir. Qlobal siyasətin sürətli dəyişikliklər dövrünü yaşadığı bir zamanda dövlətin əsl dəyəri onun sabitliyi təmin etmək, yeni imkanlar yaratmaq və regionları birləşdirmək bacarığı ilə ölçülür. Azərbaycan məhz belə bir dövlətdir.

Bu gün Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlıq dili ilə danışır – onun siyasi liderliyini, Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin memarı rolunu, eləcə də Avropa ilə Mərkəzi Asiya arasında əsas körpü funksiyasını tanıyır. Məhz buna görə də Avropa Komissiyası Prezidentinin Bakıya səfəri ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini ifadə edir.

Diqqətçəkən məqam: Ursula fon der Lyayenin səfəri mart ayında Avropa Şurasının prezidenti Antonio Koştanın, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın səfərlərindən sonra baş tutub. Yüksək səviyyəli təmasların bu intensivliyi Azərbaycanın müasir Avropa siyasəti üçün əhəmiyyətinin göstəricisidir. Prezident İlham Əliyev bu məqamı belə vurğulayır: “Deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik”. 

Bu gün Avropa Cənubi Qafqaza artıq periferik ərazi kimi deyil, Avrasiya məkanında yeni təhlükəsizlik və logistika arxitekturasının mühüm elementlərindən biri kimi baxır. Bu sistemdə isə Azərbaycan mərkəzi mövqe tutur.

Ursula fon der Lyayen bunu açıq şəkildə bəyan edib: “Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik”.  

Bu sitat yeni geosiyasi reallığın etirafıdır. Son illərdə Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib. Ölkə ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir, Orta Dəhliz fəal inkişaf edir, dəmir yolları, avtomobil və liman infrastrukturu modernləşdirilir. Bütün bu iri layihələr əsasən Azərbaycanın öz maliyyə resursları hesabına həyata keçirilir. Nəticədə isə yükdaşımaların həcmi artır. Dövlət başçısı bununla bağlı bildirdi ki: “Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik”. 

Avropa İttifaqının Azərbaycanın regional təhlükəsizlikdə rolunu tanıması da az əhəmiyyət kəsb etmir. Hələ yaxın keçmişdə Cənubi Qafqaz yalnız uzunmüddətli münaqişə ilə assosiasiya olunurdu. Bu gün isə Avropa liderləri regionu sülh prosesinin inkişaf etdiyi məkan kimi dəyərləndirirlər. Bu sülh gündəliyinin müəllifi isə Azərbaycandır. Ursula fon der Lyayen bunu son onilliklərin ən mühüm hadisəsi kimi qiymətləndirir: “Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq”.  

Bu yanaşma göstərir ki, Brüssel Azərbaycanı yeni regional reallığı formalaşdıran dövlət kimi görür. Öz növbəsində, Aİ də bu prosesə töhfə verməyə çalışır: “Biz bağlantı vasitəsilə sülhü gücləndirmək istəyirik. Biz “Qlobal Qapılar” Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağıq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər”. 

Prezident İlham Əliyev isə Azərbaycanın artıq atdığı konkret addımları qeyd edir: “Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bu günün geosiyasi vəziyyətinə gəldikdə, onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır. Beləliklə, biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik. Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk”. Bu yanaşma Avropa İttifaqı tərəfindən də dəstəklənib. Ursula fon der Lyayen 20 milyon avroluq yeni sülh proqramını elan edib. Bu proqram çərçivəsində səhiyyə, minatəmizləmə, kənd təsərrüfatı və yerli icmaların inkişafına investisiyalar nəzərdə tutulur.

Energetika sahəsi isə ənənəvi olaraq əsas istiqamətlərdən biri olaraq qalır. 2022-ci ildə baş verən hadisələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün nə qədər vacib olduğunu açıq göstərdi. Rusiyadan Avropaya qaz tədarükünün azalmasından sonra Azərbaycan faktiki olaraq Aİ-nin enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. “Cənub Qaz Dəhlizi” artıq uğurlu və etibarlı enerji təchizatı marşrutu kimi tanınır.  Bu gün Azərbaycan qaz ixracının yarısı Aİ ölkələrinə yönəlir. Prezident İlham Əliyev bildirdi  ki, 2022-ci ildən sonra ixrac 65 faiz artıb və artıq 10 Aİ ölkəsi Azərbaycan qazı alır. Eyni zamanda, əməkdaşlıq yeni mərhələyə qədəm qoyur – yaşıl enerji sahəsinə. Azərbaycan günəş, külək və hidroenerji sahəsində böyük potensiala malikdir və yaxın illərdə bu sahədə 8 giqavat gücündə enerji istehsalı planlaşdırılır. Bütün bu amillər göstərir ki, Avropa İttifaqı Azərbaycanı yalnız enerji tərəfdaşı kimi deyil, həm də Avrasiya məkanında strateji rol oynayan dövlət kimi görür.

Bu gün Azərbaycan həm regional sabitliyin təminatçısı, həm Avropanın enerji təhlükəsizliyinin dayağı, həm də yeni nəqliyyat və enerji dəhlizlərinin mərkəzidir. Və əgər bir neçə il əvvəl Avropa Azərbaycanda yalnız qaz təchizatçısını görürdüsə, bu gün o, artıq strateji müttəfiq kimi qiymətləndirilir. Məhz buna görə Avropa Komissiyası Prezidentinin bu səfəri sadəcə diplomatik hadisə deyil – bu, Azərbaycanın qlobal geosiyasi sistemdə yeni rolunun açıq təsdiqidir. Avropa Komissiyası Prezidentinin Azərbaycana səfəri praqmatizmin və strateji maraqların siyasi ziddiyyətlər üzərində üstünlük qazandığını göstərir. Aİ reallığı qəbul edir və Azərbaycanla güclü və müstəqil tərəfdaş kimi münasibətlər qurmağa hazırdır. Əsas odur ki, bu tərəfdaşlıq qarşılıqlı olsun və Aİ tərəfindən konkret addımlarla dəstəklənsin. O cümlədən, ölkəmizə münasibətdə qərəzli Avropa siyasətçiləri tərəfindən tətbiq olunan “ikili standartlar” praktikasının aradan qaldırılması istiqamətində də. Çünki Azərbaycan dürüst, açıq şəkildə mövqe nümayiş etdirir  və Avropaya çoxsaylı məsələlərdə real dəstək verir.

Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri, 

professor 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Argentina millisi Kabo Verdeni məğlub edərək 1/8 finala vəsiqə qazanıb  

09:32
04 İyul

Dünya çempionatı: Misir millisi 1/8 finala vəsiqə qazanıb

09:31
04 İyul

Azərbaycanın rəqəmsal transformasiya mərhələsinin strateji yol xəritəsi  

09:29
04 İyul

Bilmək istəyirəm

08:55
04 İyul

Yayın sevimli ləzzəti nə vaxt təhlükəyə çevrilir

08:50
04 İyul

Uşaqlar və yeniyetmələr sosial şəbəkələrin təhlükəsindən kənarda qalmalıdırlar

08:45
04 İyul

UNEC Zaqatala filialı: 10 il regionun inkişafına xidmət edən ali təhsil ocağı  

08:40
04 İyul

Orta dəhlizə yalnız iqtisadi dividend gətirən deyil, həm də siyasi zəmanət qazandıran layihə kimi yanaşmaq lazımdır

08:35
04 İyul

BTC-nin tarixində növbəti mühüm hadisə

08:30
04 İyul

NATO-nun Ankara sammitindən nələr gözlənilir

08:25
04 İyul

"Avropa Komissiyası emosiyalar və saxta siyasi stereotiplərə deyil, strateji maraqlara üstünlük verir"

08:20
04 İyul

Dövləti gücləndirən, həyatı asanlaşdıran rəqəmsal idarəetmə modeli

08:15
04 İyul

Tarixi xidmətlərə və gələcəyə yönəlmiş aydın baxış

08:10
04 İyul

"Türk Dünyası Həftəsi"nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

08:05
04 İyul

ALTERNATİVSİZ LİDER

08:00
04 İyul

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:05
04 İyul

"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:04
04 İyul

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:03
04 İyul

Azercell abunəçilərinin nəzərinə

01:02
04 İyul

Çempionlar Liqası: “Sabah” iştirak ərizəsini UEFA-ya təqdim edib

22:36
03 İyul

Dünya Bankı Azərbaycanın yol sektorunda institusional islahatlara dəstəyə hazırdır

20:56
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!