Avropalılarla təmas dövründə Lakandon Çol adlı yerli Maya qrupu əvvəlki paytaxtları Lakam Tunun ispanlar tərəfindən ələ keçirilməsindən sonra, 1586-cı ildə Sak Balamı cəngəllikdə sığınacaq kimi qurmuşdu. “Ağ yaquar” mənasını verən Sak Balam 1695-ci ildə fəth edilib və bir neçə onillik sonra əhalisi İspan müstəmləkə hakimiyyəti tərəfindən zorla köçürülüb. Tarixi mənbələrdə şəhərin təsvirləri qorunub saxlanılsa da, onun dəqiq yerləşdiyi yer uzun illərdir naməlum qalır. Bu da arxeoloqların Maya müqavimətinin bu mühüm mərkəzində həyatın necə olduğunu anlama imkanlarını məhdudlaşdırır.
2019-cu ildə bir qrup arxeoloq itirilmiş Maya şəhəri Sak Balamı tapmaq məqsədilə Meksikanın Çiapas ştatındakı ucqar Montes Azules Biosfer Qoruğuna ekspedisiya təşkil edib. Ekspedisiya Sak Balamı aşkar edə bilməsə də, axtarışlar dayandırılmayıb. Amerika Arxeologiya Cəmiyyətinin (SAA) son iclasında Rissho Universitetindən arxeoloq Yuko Şiratori “Sol y Paraíso” (“Günəş və cənnət”) kimi tanınan ərazinin itirilmiş şəhərin mümkün yeri ola biləcəyinə dair yeni sübutlar təqdim edib.
Bu ərazi 2000-ci illərin əvvəllərində qanunsuz mal-qara otaranlar tərəfindən düşərgə kimi istifadə olunub və yerli əfsanələrə görə, burada qızıl tapıldığı iddia edilir. Bu məlumatlar Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun arxeoloqu Josuhé Lozada Toledonun diqqətini çəkib. İspan salnamələrində göstərilən məsafələrə əsasən, bu ərazi onun Sak Balamın yerləşdiyini düşündüyü nöqtəyə çox yaxın idi.
Tarixi qeydlərə görə, Sak Balam 100-dən çox kiçik evdən və ictimai funksiyaları olan üç böyük binadan ibarət olub. 2023-cü ildə Sol y Paraísoya səfər edən Lozada Toledo və Winthrop Universitetindən Brent Woodfill burada çoxsaylı kurqanlar və son müstəmləkəöncəsi və erkən müstəmləkə dövrünə aid keramika nümunələri aşkar ediblər. Bundan əlavə, ərazi İspan təsvirlərinə uyğun gələn iki təbii bulaqla da üst-üstə düşür.
Şiratori 2025-ci ildə aparılan qazıntılar zamanı 11 sınaq çuxurunda keramika parçaları və həmin dövrə aid meymun fiqurcuğu tapıldığını bildirib. Ən diqqətəlayiq tapıntı isə uzunluğu 16 metr, hündürlüyü 1 metr olan daş divardır ki, bu da tarixi mənbələrdə qeyd olunan ictimai binaların ölçüləri ilə uyğun gəlir. Lakin mütəxəssislərin hamısı bu nəticə ilə razı deyil. Arizona Dövlət Universitetindən arxeoloq Joel Palka ehtiyatlı yanaşaraq bildirir ki, bu ehtimal mümkün olsa da, yekun nəticə üçün daha çox sübut lazımdır. Onun fikrincə, şəhərin üç əsas binasının qalıqları və müstəmləkə dövrünə aid metal artefaktlar aşkar edilməlidir.
Şiratori komandası bu yay əraziyə yenidən qayıtmağı planlaşdırır. Onlar divar ətrafında daha geniş qazıntılar aparmaqla yanaşı, tarixi mənbələrdə qeyd olunan yanğın izlərini — kömür və kül qatlarını axtaracaqlar. Woodfill isə mümkün müstəmləkə kilsəsinin izlərini tapmağa ümid edir. Lakin Sak Balam qəsdən əlçatmaz ərazidə salındığından, bu iş olduqca çətindir. Əraziyə ən yaxın yaşayış məntəqəsindən piyada getmək 4,5 saat çəkir. Üstəlik, tikililərin çoxu üzvi materiallardan hazırlandığı üçün zamanla məhv olmuş ola bilər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”