Sudanın qərbində mühasirədə olan Faşer şəhərində ərzaq tükənir. Qıtlıq ərzaq qiymətlərinin o qədər artımına gətirib çıxarıb ki, əvvəllər bir həftə xərclənən pullar indi ancaq bir günə sərf olunur.
Beynəlxalq humanitar təşkilatlar süni şəkildə yaranmış aclığın münaqişə tərəfləri tərəfindən müharibə silahı kimi istifadə edildiyini bildirir və baş verənləri kəskin şəkildə pisləyirlər.
Sudan ordusu və RSF üsyançıları iki ildən artıqdır ki, döyüşür.
2021-ci ildə hərbi çevriliş nəticəsində 30 ilə yaxın hakimiyyətdə olan prezident Ömər əl-Bəşir ölkə başçısı postundan devrilib və silahlı qüvvələrin ovaxtkı komandanı general Əbdülfəttah əl-Burhan faktiki dövlət başçısı olub. Lakin tezliklə onunla müavini və RSF komandiri general Mohamed Hamdan Daqalo arasında münaqişə yaranıb və 2023-cü ilin yazında vətəndaş müharibəsinə çevrilib.
Qərbi Darfur bölgəsində yerləşən Faşer özünü cəbhənin ən qaynar hissələrindən birində tapıb. Şəhərin mühasirəsi 14 aydır ki, davam edir.
Bu şəhər Sudan ordusunun Darfurdakı son qalasıdır, lakin RSF qüvvələri təzyiqi artırır. Məlumata görə, bu həftə şəhər uğrunda gedən döyüşlər bütün münaqişə dövrünün ən intensiv savaşlarından birinə çevrilib.
Üsyançılar bu ilin əvvəlində paytaxt Xartuma nəzarəti itirdikdən sonra Faşer şəhərinin mühasirəsini xeyli gücləndiriblər.
Hərbi əməliyyatlar nəticəsində ölkəni tərk etmiş insanların bərbad şəraitdə yaşadığı qaçqın düşərgələrində vəba xəstəliyinin baş verməsi aclığa səbəb olub.
Hazırda ən çıxılmaz vəziyyət Sudanın qərbində və cənubundadır. Ordunun üsyançılardan böyük əraziləri geri aldığı ölkənin şimal və mərkəzi bölgələrinə ərzaq və tibbi yardımlar gəlməyə başlayıb.
Faşerdəki yeməkxanaya araxis jmıxı olan ambazdan hazırlanmış sıyıq üçün gələn qadınlar deyirlər ki, əvvəllər onunla ancaq mal-qara bəslənirmiş.
İctimai yeməkxananın müdiri deyir ki, bəzən hələ də sorqo (taxıl növü) və ya darı tapa bilirlər, amma çoxdan un, çörək yoxdur.
"İndi o həddə çatmışıq ki, ambaz yeyirik. Allah kömək olsun, bazarda başqa almağa heç nə yoxdur", - o əlavə edir.
BMT münaqişə tərəflərini ərzaq karvanlarının şəhərə daxil ola bilməsi üçün humanitar fasilə yaratmağa çağırır. Təşkilatın xüsusi nümayəndəsi Şeldon Yett bu həftə yenidən müharibə tərəflərindən beynəlxalq hüquqa hörmət etməyi tələb edib.
Ordu artıq yük maşınlarının hərəkətinə icazə verib, lakin BMT hələ də RSF-nin rəsmi qərarını gözləyir. “Sərhədsiz reportyorlar”ın məlumatına görə, üsyançılar atəşkəs rejimindən hökumət ordusunun Faşerdəki bölmələrinə ərzaq və sursatların çatdırılması üçün istifadə olunacağını bildirirlər.
Həkimlərin dediyinə görə, aclıqdan ölənlər də olub. Dəqiq statistika yoxdur, lakin bir regional səhiyyə rəsmisinə istinadən bir hesabatda təkcə keçən həftə 60-dan çox insanın aclıqdan öldüyü bildirilir.
Şəhərdəki xəstəxanalar dolub və yalnız bir neçəsi fəaliyyətini davam etdirir. Çoxları gülləbaranlardan əziyyət çəkib və dərman qıtlığı yaşayır ki, bunlar təkcə aclıqdan can verənlər üçün deyil, həm də davamlı atəşlərdə yaralananlar üçün lazımdır.
" Faşerdə uşaqlar qida və dərman çatışmazlığı səbəbindən hər gün ölür. Təəssüf ki, beynəlxalq ictimaiyyət baş verənləri sadəcə izləyir", - o əlavə edir. Sudanda fəaliyyət göstərən beynəlxalq QHT-lər bu həftə təcili bəyanat yayaraq bildiriblər ki, “davamlı hücumlar, humanitar yardımın qarşısının alınması və kritik infrastruktura hücumlar mülki əhalini aclıq, qorxu və yorğunluqdan sındırmaq üçün düşünülmüş strategiyanı nümayiş etdirir”.
Buna baxmayaraq, yüz minlərlə insan son aylarda Faşerdən və ətraf ərazilərdən qaçmağı bacarıb. Onların bir çoxu aprel ayında RSF qüvvələri tərəfindən ələ keçirilən Faşer şəhərinin kənarındakı Zəmzəm qaçqın düşərgəsindən gəlib.
Onlar Faşerdən 60 km qərbdə, zəif və susuz olan Tawila şəhərinə gəlirlər və yol boyu qarşılaşdıqları RSF-nin müttəfiq qrupları tərəfindən zorakılıq və qəsbdən danışırlar.
Düşərgələrdə həyat daha təhlükəsizdir, lakin oradakı insanlar xəstəliklərdən əziyyət çəkirlər. Bunlardan ən təhlükəlisi Sudanda yüzlərlə insanın ölümünə səbəb olan vəba xəstəliyidir.
Xəstəliyə çirkli su səbəb olur. Su təchizatı sistemi sıradan çıxıb, hazırda yağışlı mövsümlə əlaqədar daşqınlar vəziyyəti daha da gərginləşdirir.
Rizvan CƏFƏROV,
“Azərbaycan”