14 Noyabr 2025 08:30
718
CƏMİYYƏT
A- A+
AMEA-nın prioritetlərinin fəlsəfəsi

AMEA-nın prioritetlərinin fəlsəfəsi


Prezident İlham Əliyevin 18 mart 2025-ci il sərəncamına əsasən, il boyu Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi müxtəlif tədbirlərdə qeyd edildi. 

Nəhayət, noyabrın 3-də dövlət başçısının iştirakı və bu mühüm elm ocağının gələcək prioritet istiqamətləri haqqında geniş məruzəsi Elmlər Akademiyasının müstəqil və yenilənən Azərbaycanın varlığı və inkişafında necə əhəmiyyətli bir yer tutduğunu bir daha təsdiqlədi. Cənab İlham Əliyev öz nitqində həm narahat, xüsusi diqqət tələb edən məsələləri vurğuladı, həm də onların dövlətin və bilavasitə özünün nəzarətində olduğunu xatırladaraq həll yollarından danışdı. Dövlət başçısının çıxışında incə və olduqca vacib, bir-birini tamamlayan iki məqam var idi: müasir Azərbaycanın öz inkişafında Ulu Öndərin siyasətinə sadiqliyi və akademiyanın tarixində Ulu Öndərin taleyüklü rolu, qayğısı və diqqəti. Bu, Milli Elmlər Akademiyasının müasir Azərbaycanda yerini və əhəmiyyətini təkrar təyin etmiş oldu. Diqqətli təhlildən belə məlum olur ki, fəlsəfə dövlət başçısının məruzəsinin bütövlükdə təməlində idi və fəlsəfənin varlığı mövcud istiqamətlərlə paralel inkişafı bir aksiomdur. 


Dəyişən dünyada Elmlər Akademiyası


Dünyanın dəyişdiyini və Azərbaycanın onunla ayaqlaşmaq zərurətini daha çox və ilk növbədə, dövlət başçısı hiss edir. Məhz buna görə də onun "Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik. Ona görə təbii ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrdən fərqlənir" - deməsi diqqət çəkir. Danılmaz faktdır ki, Vətən müharibəsindəki böyük qələbə Azərbaycanın dünyada tanıdılmasında ən böyük və şərəfli addım oldu. Prezidentin öz sözləri ilə desək, hazırda çalxalanan "dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qalxdığı" bir vaxtda "bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır". Bununla yanaşı, qalib ölkənin dünyada nümunəvi tərəfdən tanıdılmasında alimin rolu mühümdür. O dərk etməlidir ki, yalnız öz müəssisəsinin deyil, beynəlxalq aləmdə Azərbaycanın təmsilçisi, daxildə isə onun inkişafının təminatıdır. Dövlət başçısının dönə-dönə "Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür" deməyi də bu missiyanı təsdiqləmiş olur. 

Filosof Frensis Bekon deyir ki, "bilik gücdür" və cənab İlham Əliyev öz tarixi çıxışında Azərbaycanın güclənməsinin əsas yollarından birinin məhz Elmlər Akademiyasından, alimlərin düşüncəsindən keçdiyini vurğuladı, xatırlatdı və bu işdə dövlətin daim onların yanında olacağını bildirdi. "Bu gün güc amili dünyada aparıcı amildir. Yəni bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir" - deyən Ali Baş Komandan 44 gün ərzində öz biliyi, təfəkkürü, məntiqi, məsələyə dərindən nüfuz etmək qabiliyyəti ilə diplomatik müstəvidə bir ordunun işini gördü və zəfər qazandı. Onun eyni bacarığı, məsuliyyəti ölkənin alimlərindən tələb etməyi məntiqli və qanunauyğundur. 

Əslində, dövlət başçısı diqqəti qılıncla zəfər çalan Azərbaycan üçün indi də qələmin vacibliyinə və bu qələmin prioritet istiqamətlərinə yönəltdi. Qədimdən bəri məlum olan bir aksiom var və 44 günlük müharibə zamanı Ali Baş Komandan bunu bir daha əyani şəkildə sübut etdi ki, özünü dərk edən, şəxsiyyətinə dərindən bələd olan insan sözlərində və əməllərində həm özünə güvənir, həm də ətrafına toplananda etibar yaradır. Bu baxımdan, onun "Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik" sözləri fiziki baxımdan daha çox, artıq sülh dövründə öz inkişaf yoluna başlamış Azərbaycan vətəndaşının, xüsusilə aliminin özgüvəninin formalaşmasının vacibliyini vurğulayır. 


Süni intellekt günün tələbidir


Sürətlə dəyişən dünyanın aparıcı qüvvələrindən biri də süni intellektdir ki, fəaliyyətin bütün istiqamətlərində öz hökmünü göstərir, sözünü yeridir. Onun gücünü yanlış anlayanlar bəzən onu təbii intellektlə qarşılaşdırır, ondan daha üstün olduğunu ehtimal edir və onu canlı insan üçün bir təhlükə səviyyəsinə qədər qaldırır. Yalnız intellektin əsl mahiyyətini dərk edənlər bilir ki, süni intellektin idarə düyməsi canlı insanın ağlına və niyyətinə tabedir. Məhz bunu vurğulamaq üçün öz çıxışında cənab İlham Əliyev buyurur: "Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun". Hələ 22 il əvvəl, 2003-cü ildə "Neft kapitalını insan kapitalına çevirməliyik!" tezisini irəli sürəndə dövlət başçısı texnologiyanın hakim olduğu bir dövrlə ayaqlaşmaq üçün zəmin hazırlayırdı. Məhz bu səbəbdən bu gün Azərbaycan dünyada gedən texnoloji inkişafla nəinki ayaqlaşır, hətta ilk dəfə onun məhsulundan istifadə edərək dünyaya 44 günlük bir möcüzə göstərdi. 

Süni intellekt onu idarə edən təbii təfəkkürün inikasıdır. Elmin inkişaf yoluna baxanda belə qənaətə gəlmək olur ki, süni intellektin özü də bu inkişafda növbəti mərhələlərdən biridir. Başqa sözlə desək, bir gün onu da daha üst nəsil texnologiyanın əvəz edəcəyi şübhəsizdir. Sabit qüvvə və bu inkişafın təminatı isə məhz insan resursu, təbii intellektdir. Bunu bilən və diqqəti ona yönəldən ölkə Prezidenti deyir: "Tükənməz sərvət intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır". Bu, bir tərəfdən inkişafın şərti kimi alimin, digər tərəfdən, onun intellektinə sərmayə qoyan və dəstək göstərən dövlətin qarşılıqlı əməkdaşlığının zəruriliyinin vurğulanmasıdır. 

Ağıllı olmaq, elmdə yeni kəşflər etmək işin yalnız yarısıdır, digər yarısı isə, o ağlı öz Vətəninin, xalqının rifahı üçün yönəltmək, yad maraqların xammalına çevrilməməkdir. Cənab Prezident qeyd etdi ki, "Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik". Deməli, özünü, öz xalqını tanıyan, təbii intellekti xalqa xidmət edən şəxs süni intellekti də o istiqamətə yönəldə bilər. Bir var, başqa təfəkkürün idarəsi ilə hərəkət etmək, ondan göstəriş gözləmək, hər addımında ondan asılı vəziyyətdə qalmaq, bir də var, özümüz diktə edən tərəf olaq, daxilimizdəki sabit varlıq özəyini qoruyaq və bəlli ideya naminə çalışaq. Hazırda ölkədə bütün sahələrdə inkişaf gedir və Prezident İlham Əliyev alimləri bütün sahələrdə əməkdaşlığa, məlum ideologiyaya həm öz payını verməyə, həm də bəhrələnməyə çağırdı. 


Dilin inkişaf fəlsəfəsi


Ağlın təzahürlərindən biri və birincisi, bəzi hallarda hətta istiqamətvericisi dildir. Məhz bu səbəbdən dövlət başçısının xüsusilə üzərində dayandığı məsələlərdən biri də Azərbaycan dilinin qorunması və inkişafı oldu. Belə yüksək kürsüdən az qala həyəcan təbili çalan, ana dilini yad kəlmələrlə çirkləndirməyi, onu itirmək səviyyəsinə qədər gətirməyi səhv və təxribat adlandıran cənab İlham Əliyev iki vacib xəttin paralel irəliləməsini vurğulayır. Birincisi, o, dili xalqın identikliyinin, milli mənsubiyyətinin göstəricisi olduğunu qeyd edir: "Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur". İkincisi isə, o, dili qorumağın yalnız dilçilərin deyil, hər bir vətəndaşın, xüsusilə alimlərin borcu olduğunu xatırladır: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər". 

Alman filosofu Haydegger dili varlığın evi, düşüncə sahiblərini isə bu evin qoruyucusu adlandırır. Hegel də etiraf edir ki, xalqın inkişafında "yalnız alman təfəkkürü, onun fəlsəfi ənənələri deyil, həm də alman dilinin verdiyi imkanlar müəyyən rol oynamışdır". Deməli, dilin qorunmasının vacibliyini vurğulayanda və "biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər" deyəndə, əslində, İlham Əliyev millətin "varlığının evini" qorumağa və ilk növbədə, məhz düşüncə sahiblərini səfərbər olmağa çağırır. 

Mühacir ərəb mütəfəkkiri Xəlil Cübran deyir: "Dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır". Bu, danılmaz bir faktdır ki, dil xarici təsirin altına düşüb elektrik şəkildə alınan kəlmələrlə öz leksik bazasını süni şəkildə yükləyirsə, dilin milli mahiyyəti bu yük altında boğulur, əzilirsə, deməli, düşüncə sahiblərinin yaradıcılığı zəifləyib, yaxud millətin öz kökü ilə əlaqəsi sarsılmaq üzrədir. Başqa sözlə desək, dildə gedən həm müsbət, həm də mənfi dəyişikliklər daha dərin proseslərin nəticəsi, təzahürüdür. Bu baxımdan, dövlət başçısının məhz belə bir açar məqama - dilə münasibətdə nəinki alimləri, həm də hər bir vətəndaşı həssas olmağa çağırışı ciddi və məsuliyyətli bir münasibət tələb edir. 


Tarixin fəlsəfəsi


Ölkə Prezidenti çıxışında tarixin üzərində xüsusi dayandı və alimlərin diqqətini bir neçə mühüm istiqamətə yönəltdi. Əvvəla, o, bu torpaqların qədim köklərinin öyrənilməsinin zəruriliyini vurğuladı: "Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır". Bu, xalqın böyüklüyünün, dərin kökə və sabit kimliyə malik olduğunun təsdiqidir və hər bir vətəndaşa, xüsusilə gənclərə böyük bir güvən hissi verir. Bu, dünənlə qürur duyub, keçmişlə kifayətlənmək deyil, uzunəsrlik bir xalqın bu günü və gələcəyi naminə məsuliyyət hissinin doğulması üçün şərtdir. Öz tarixini bilib və kimliyini bu kök üzərində formalaşdırmaq, başqa bir xalqı təqlid etmək, deməli, onun kölgəsinə çevrilmək təhlükəsindən qorunmaq üsuludur.

İkinci diqqət yetirilən məqam bu günün obyektiv şəkildə öyrənilməsi və gələcək nəsil üçün düzgün tarix yazılması oldu. Təqribən 30 il ərzində Azərbaycan zəngin bir tarix yaşadı: müstəqillik əldə etdi, işğala məruz qaldı, daxili, həm də xarici neqativ qüvvələrlə soyuq müharibə apardı, yumşaq gücdən ustalıqla istifadə etməyi öyrəndi, ən nəhayət, torpaqlarını müharibə yolu ilə azad edib dünyanın super gücləri ilə üz-üzə durmaq üçün güc topladı, qələbə qazandı və bütün beynəlxalq aləmə öz varlığını və unikallığını qəbul etdirdi. Prezidentin haqlı olaraq dediyi kimi: "Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var". 

Bu gün sabah üçün tarixdirsə, deməli, bu günün şərəfli səhifələri gələcək nəslə bütün dolğunluğu və həqiqəti ilə ötürülməlidir. Xatırladım ki, bəzən qürurla "biz tarixi yaradırıq, başqaları yazır" deməyimiz bizim öz əleyhimizə çevrilib, faktlar təhrif olunub və bu, yalanın ayaq tutub yeriməyinə imkan yaradıb. Böyük Zəfərdən sonra dövlət başçısı qılıncla bərabər qələmin də vacibliyini vurğulayır: "Bizim şanlı Vətən müharibəmizin... hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir". Deməli, onu ən yüksək səviyyədə, tarixin həmin anına layiq şəkildə yazmaq ilk növbədə bizim öz öhdəliyimiz olmalıdır. 

Üçüncü diqqət yetirilməli olan məqam dünənlə bu günün əlaqəsidir. Əbu Turxanın dediyinə görə, "cəmiyyətin inkişafında qazanılan hər hansı bir nailiyyət sonradan davam etdirilmirsə, o, böyük müddət intervalında tarixi prosesə daxil ola bilmir". Deməli, tarixin kəsilməzliyi prinsipinə müvafiq olaraq yalnız keçmiş sağlam bünövrə üzərində qurulmuş yenilik inkişafa və yüksəlişə səbəb ola bilər. Tarix tarixdə qalmamalıdır, ondan nəticə çıxarılmalıdır, çünki dünənini unudan sabahına əliboş gedər. 

Bu istiqamətdə dövlət başçısı, təbii ki, yaddaşın vacibliyini vurğulayaraq diqqəti Qərbi Azərbaycan torpaqlarının öyrənilməsinə yönəltdi. Bir var, azərbaycanlı uzaq ellərdə yaşayıb yaradır, Vətəninin orda bir parçasına, simvoluna çevrilir. Bir də var tarixi torpaqlarımız taleyin hansısa hökmü ilə yadların tapdağında, bizsiz qalıb. Qarabağ torpaqlarına qayıdanda da şahidi olduq ki, torpaq öz sahibi olmayanda viran qalır. Zəngəzur, Göyçə, İrəvan da öz sahibinə qovuşmalıdır. Sadəcə, Prezidentin də fərqli zamanlarda dönə-dönə qeyd etdiyi kimi, sülh yolu ilə. Lakin bunun üçün əvvəlcə düşüncələr formalaşmalı, inamlı olmalıdır ki, qarşıdakını da inandıra bilsin. Dövlət başçısı qeyd edir ki, "Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır". Başqa sözlə desək, ərazinin, dövlətin tarixi düşüncənin tarixi ilə qoşa yaradılmalı və yazılmalıdır. 

Özündə milli kimliyi, Vətəni ilə əlaqəsini, sevgisini müqəddəs keyfiyyət kimi qoruyan hər şəxs yaşadığı məkandan asılı olmadan Vətənin bir parçasıdır. Belə şəxslərin yazıb-yaratdığı da həmin torpaqların mədəniyyəti tarixi ilə yanaşı, Azərbaycanın öz mədəniyyət xəzinəsinə və tarixinə bir töhfə olur. Bu, tarixən də belə olub, bu gün də belədir. Məhz bu fakta diqqət yönəldən dövlət başçısı deyir: "Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq". Buna nümunə olaraq hazırda dünyanın ən fərqli istiqamətlərində yaşayıb yaratmış, eyni zamanda öz milli mənsubiyyətini qoruyub saxlayan, bununla fəxr edən azərbaycanlı alimləri, mütəfəkkirləri göstərmək olar. Əslində, bu, azərbaycanlı yaradıcı şəxslərin həm nadir istedadının, həm də düşdüyü şəraitin çətinliyindən asılı olmadan öz unikallığını, milli kimliyini qoruyub saxlaya bilməsinin göstəricidir. Əslində, bu, gənclər, xüsusilə öz Vətənində mənfi cəhətlər axtarıb, Qərbi ideallaşdıran şəxslər üçün bir xatırlatmadır və buna görə də, Prezidentin "biz öz tariximizi tədqiq və təbliğ etməliyik" deməsi Azərbaycanı daha dərindən, daha düzgün tanıdılmasının tələbidir.


Son söz əvəzi


AMEA-nın yubileyində cənab İlham Əliyevin taleyüklü məruzəsində bütün məsələlər iki əsas xətt arasında təqdim edilirdi: birincisi, Azərbaycanın varlığının qorunmasına və inkişafına alimlərin də qoşulmasının, bu işə daha məsuliyyətli yanaşmasının, zəmanə ilə ayaqlaşmasının zərurəti və ikincisi, dövlətin bu işdə daim onların yanında olub, dəstək verməsidir. Tarixi çıxışından iki gün sonra isə Azərbaycan elminin inkişafında xidmətləri olan bir qrup alim cənab İlham Əliyev tərəfindən yüksək ad və mükafatlarla təltif edildi. Bu təltiflər Prezidentin Elmlər Akademiyasının fəaliyyətini daim diqqətdə saxladığının və lazımi məqamlarda dəstək verdiyinin ən böyük göstəricisi oldu. Elmlər Akademiyasının sağlam bir nüvəsi var və hər vətəndaşının Prezidenti olmaqla o, alimlərini də tanıyır və dəyərləndirir. Eyni zamanda bu təltiflər bir daha sübut etdi ki, cənab İlham Əliyev dediyi bütün sözləri, verdiyi bütün vədləri hər zaman yerinə yetirir.


Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!