05 Noyabr 2024 02:00
1874
SİYASƏT
A- A+
Zəfərin reallıqları - polad iradə, güclü dövlətçilik, etibarlı təhlükəsizlik sistemi

Zəfərin reallıqları - polad iradə, güclü dövlətçilik, etibarlı təhlükəsizlik sistemi



Dörd il öncə Vətən Müharibəsində qazandığı şanlı Zəfəri, bir il əvvəl isə ərazi bütövlüyünün tam təmini ilə Azərbaycan öz dövlətçilik tarixinin yeni mərhələsinə qədəm qoydu.  

Müzəffər Ali Baş Komandanımızın qüdrətli Sərkərdəliyi ilə 44 günlük uğurlu hərbi əməliyyatın məntiqi davamı olan 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizdə separatizm və münaqişə ocağı məhv edildi.

Azərbaycan tarixində yeni, parlaq səhifə açan, bugünkü və gələcək nəsillər üçün qürur, iftixar mənbəyi olan möhtəşəm Zəfərimizin ildönümü ərəfəsindəyik. Tariximizdə bənzəri olmayan bu Qələbənin sevinc hisslərini bizə yaşadan möhtərəm Ali Baş Komandanımız cənab İlham Əliyevə, Onun qüdrətinə, yorulmaz səylərinə, haqq işimizə ürəkdən inanan xalqımıza, qəhrəman Ordumuza minnətdarlıq duyğuları ilə bu önəmli məqamı vurğulamaq istərdim. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmini həm də 31 il öncə - tariximizin ən çətin və məşəqqətli dövründə meydana çıxan Qurtuluş missiyasının tam reallaşmasının yekun hesabatıdır. 15 iyun 1993-cü ildən başlanan Qurtuluş Missiyası Müzəffər Ali Baş Komandanın 15 oktyabr 2023-cü ildə Xankəndidə Azərbaycan bayrağını ucaltması ilə öz hədəflərinə çatmış oldu.

Cənab Prezident uzun onilliklər, hətta əsrlər boyu xalqımızın əsas təhlükəsizlik, siyasi, iqtisadi, sosial, mənəvi problemlərini təşkil edən, dövlətin müqəddəratına təhdid yaradan amilləri zərərsizləşdirdi, xalqımızın pozulmuş haqqını, tarixi ədaləti bərpa etdi. 

Müzəffər Ali Baş Komandanın yaratdığı yeni reallıqların nəticəsi olaraq, bu gün ölkəmizin təhlükəsizlik sisteminin təkmilləşdirilməsi istiqamətində də davamlı tədbirlər həyata keçirilir, yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə hazırlanan kompleks tədbirlər və fəaliyyət proqramı-strategiyası Azərbaycanın təhlükəsizliyinin etibarlı təmini faktorudur.

Məlum xarici dövlətlərin və təsisatların Ermənistan ərazisi vasitəsilə yeni təhdid ocaqları yaratmağa cəhd göstərmələri, eləcə də digər bu kimi proseslərin son aylarda daha da geniş vüsət alması bölgəmizdə həssas olan vəziyyəti daha da gərginləşdirir. 

Belə bir revanşist siyasət qarşısında Azərbaycan öz təhlükəsizlik sistemini ardıcıl gücləndirir, hər cür xarici təsirə qarşı qısa müddətdə effektiv cavab-nəticə verəcək müdafiə sistemini və zərbə strategiyasını artıq tam formalaşdırıb. Həm də bu, dəfələrlə uğurla sınaqdan çıxarılıb. 

Azərbaycan Respublikası onun təhlükəsizliyinə qarşı yönələn hər bir təzyiq və təsir cəhdini yerindəcə dəf etmək iqtidarındadır. Erməni revanşistləri ilə yanaşı, bölgədə Azərbaycanın müstəqil iradəsini və liderliyini qəbul etməyən bəzi iri dövlətlər ötən illərin təcrübəsindən düzgün nəticə çıxarmalı, nəyin necə və nə vaxt ediləcəyini dəqiq bilən strategiyanın və "Dəmir Yumruğ"un gücünü heç vaxt unutmamalıdırlar. Bilməlidirlər ki, regionda yaradılacaq hər hansı hərbi qarşıdurma, Azərbaycanın zorən yeni münaqişəyə cəlb edilməsi onun üçün daha ağır nəticələrə səbəb olar. 

Azərbaycanda təhlükəsizlik sistemində və hərbi sahədə həyata keçirilən tədbirlər, islahatlar davam edir və bütün bunlar da, şübhəsiz, Silahlı Qüvvələrin bütün növ qoşun birləşmələrinin maddi-texniki bazasının gücləndirilməsinə, şəxsi heyətin peşəkarlığının və döyüş ruhunun yüksəldilməsinə töhfələr verir. Hərbi üstünlüyümüzü şərtləndirən və möhkəmləndirən mühüm nailiyyətlər isə faktiki olaraq, Azərbaycanın Qafqazın ən böyük hərbi gücü və etibarlı təhlükəsizliyə sahib olma faktının isbatıdır.

Azərbaycan bölgənin yeni təhlükəsizlik, iqtisadi-sosial, siyasi, humanitar sistemini formalaşdıraraq, onun sabitlik və inkişaf istiqamətlərini müəyyənləşdirir. Son onilliklər ərzində dünyanın qaynar nöqtələri sırasında qeyd edilən Qafqaz bölgəsi Prezident İlham Əliyevin Zəfər missiyasının nəticəsində indi dayanıqlı təhlükəsizlik, davamlı inkişaf, etibarlı əməkdaşlıq ünvanına çevrilib. 

Ötən əsrin 90-cı illərindən etibarən regionda törədilən qanlı savaşlar, beynəlxalq terrorizm, etnik separatizm, narkotiklərin qanunsuz dövriyyəsi və ümumiyyətlə, transmilli cinayətkarlığın ayrı-ayrı növlərinin cərəyan etdiyi acı gerçəklik də Prezident İlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində sonlandırılıb. Müzəffər Ali Baş Komandanın müdrik siyasəti nəticəsində regionun beynəlxalq statusu dəyişib və bölgənin inkişafı, kommersiya cəlbediciliyi üçün yeni imkanlar açılıb. Təsadüfi deyil ki, son dörd il ərzində fövqəldövlətlərin və transmilli şirkətlərin müəyyənləşdirdikləri yeni enerji marşrutları, beynəlxalq və regional nəqliyyat-logistik dəhlizləri artıq Azərbaycandan keçməklə Qafqazı əhatə edir.

Bu müsbət geosiyasi, geoiqtisadi və qlobal təhlükəsizlik proseslərinin müsbət dinamikasını artırmaq, onların davamlılığını təmin etmək məqsədilə həyata keçirilən sülh missiyası dörd il öncəki uğurlu hərbi əməliyyatlar kimi qətiyyətli, ləyaqətli, ədalətli və şəffafdır. Əlbəttə ki, Azərbaycan savaşın qalibi və bölgənin hərbi güc mərkəzi statusundan bəhrələnərək, əlindəki real vasitələrlə məğlub Ermənistanı qalıcı sülhə, yəni sülh müqaviləsini imzalamağa məcbur edə bilər. Bunu həm beynəlxalq hüququn tələblərinə əsaslanaraq, həm də beynəlxalq təcrübədə olan onlarla fakta istinad edərək gerçəkləşdirmək iqtidarındadır.

 Son onilliklərdə fövqəldövlətlərin Afrika, Asiya, hətta Avropa qitələrində "Qaliblər mühakimə olunmur" prinsipi ilə hansı "sülhyaratma" fəaliyyətləri göstərdiklərinə şahidik. Azərbaycan isə danışıqlar prosesində qalib ədasından uzaqdır. Problemin həlli qarşılıqlı etimad mühiti əsasında və Ermənistanın onu uğursuzluğa düçar edən yanlış xarici təsirlərdən yaxa qurtararaq, öz dövləti və xalqının gələcəyi baxımından düzgün qərar verməsindədir.

Sülh sazişini imzalamaq nə qədər əsasdırsa, onun real işləməsini və dayanıqlılığını təmin etmək bir o qədər vacibdir. Ermənistanla dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesində irəliləyişlərin müşahidə edilməsi və ümumi gedişat göstərir ki, Azərbaycanla Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar. Əgər rəsmi İrəvan onu növbəti məhvə sürükləyən havadarlarının ziyanlı təsirindən qurtulmağa özündə güc taparsa, iki dövlət arasında sülh sazişinin imzalanması mümkündür. 

Yeri gəlmişkən, bir daha qeyd etmək istəyirəm ki, hələ 2023-cü ilin sentyabrından öncə və 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra Prezident cənab İlham Əliyev bölgədəki erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası ilə bağlı konkret addımlar atdı. Onların ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi qalıb yaşamaları üçün gərəkli bütün tədbirlər görüldü. Bununla bağlı rəsmi qurumlar tərəfindən erməni sakinlərinin rahat müraciəti üçün müvafiq internet portalı belə yaradıldı və dinc əhalinin öz evlərində qalması üçün şərait formalaşdırıldı. Eyni zamanda Qarabag iqtisadi rayonunu öz arzusu ilə tərk etmək istəyən erməniəsilli şəxslərin sərbəst və maneəsiz şəkildə Ermənistana keçidinə təhlükəsiz şərait yaradıldı, onlar hətta nəqliyyat vasitələri və ərzaqla təmin edildilər.

 Hərbi tədbirlər zamanı və erməni əhalisinin Qarabağı tərk etməsi prosesində mülki şəxslərə qarşı heç bir zorakılıq halı qeydə alınmayıb. Bu fakt BMT-nin üç missiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq monitorinq mərkəzləri tərəfindən birmənalı olaraq, rəsmən etiraf olunub. 

Nəzərə alsaq ki, münaqişə bölgələrində belə itkisiz proseslərə, adətən, rast gəlinmir. Yaxud da ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan ərazisində və Azərbaycanın Qarabağ bölgəsində törədilmiş soyqırımları, etnik təmizləmə, minlərlə insanın zorakılıqla öz doğma yurd-yuvasından köçürülməsi, maddi-mənəvi tarixi abidələrin və təbiətin talan edilməsi faktlarını yada salaq. 

Bölgənin təhlükəsizliyini möhkəmləndirəcək və iqtisadiyyatı yüksəldəcək Zəngəzur dəhlizi ilə bağlı aparılan danışıqlarla paralel olaraq alternativ variantlar üzərində layihələrin həyata keçirilməsi də uzaqgörənliyin, müdrikliyin göstəricisidir. Qərb bölgələri ilə Naxçıvanın əlaqəsini yaradacaq, Zəngilandan Ordubadadək maneəsiz uzanacaq marşrutun əsas istiqaməti Ermənistan ərazisi olsa da, İran ərazisindən də kommunikasiya marşrutu üzrə işlər davam etdirilir. Regional və qlobal nəqliyyat-enerji tranzitlərinin şaxələndirilməsinə önəm verən ölkə Rəhbərimiz hər bir təşəbbüsü risklərdən böyük uzaqgörənliklə qoruyur.

Sülh müqaviləsi bağlanmasa da, bölgədə sülh dövrü faktiki bərqərar olunub. Milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib. Azərbaycan xalqı belə bir münbit təhlükəsizlik şəraitində Qarabağ mövzusunu indi möhtəşəm tikinti və quruculuq məkanı kimi müzakirə edir, bu sahədə qlobal miqyaslı işlər görülür.

Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur. Zəfərin yaratdığı reallıqlar isə Qafqaz bölgəsi ilə yanaşı, ümumiyyətlə, Avrasiya məkanının müxtəlif sahələrində yeni yanaşmaları, müasir çağırışları aktuallaşdırıb. 

Ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemi dünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və lider kimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq, beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləri olur. 

Eyni zamanda Azərbaycanın və onun Liderinin müstəqil siyasəti müəyyən xarici dairələrdə, qruplarda, hətta bəzi dövlətlərdə narahatlıq və narazılıq yaradır. Prezident cənab İlham Əliyevin təbirincə desək, Azərbaycan dünya miqyasında çox böyük layları yerindən tərpədib. Ancaq respublikamızın son onillikdə qlobal problemlərin həllinə verdiyi töhfələrlə qazandığı böyük nüfuz, etimad bu müstəqil siyasətin davamlılığını arzulayan dövlətlərin və xalqların əksəriyyət təşkil etdiyini də göstərir.

Yeri gəlmişkən, qlobal miqyasda təhlükəsizlik sahəsində yaşanan problemlər təəssüf ki, son illərdə daha geniş miqyas almışdır. Sosial böhranlar, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, siyasi qovğalar, hətta ekoloji fəlakətlər mahiyyətcə qanlı savaşlarla eyni nəticələr verir və dövlətlərin, millətlərin təhlükəsizliyinə ciddi təhdidlər formalaşdırır. Müasir təhlükəsizlik sistemində bütün bu amillər eyni səviyyəli təhlükə faktoru kimi qəbul olunur və onların zəncirvari halqa kimi bir-birinə zərərli təkan vermələri aydın müşahidə edilir. 

 Xarici təsirlər nəticəsində hələ də "rəngli inqilablar"a, yeni növ işğalçılığa və müstəmləkə siyasətinə məruz qalan ölkələrin sayı yetərincədir. Azərbaycan bu prosesdə fəal mövqe nümayiş etdirir, xalqların və dövlətlərin suveren hüquqlarının müdafiəsində konkret fəaliyyət yürüdür. Eyni zamanda məlum fövqəldövlətlərin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparan kiçik dövlətlərin, xarici təşkilatların, siyasi partiyaların təmsilçiləri ölkəmizdə müxtəlif tədbirlər təşkil edir, koordinasiya mərkəzləri yaradırlar. 

Beynəlxalq təhlükəsizlik sistemində təsiredici qüvvə kimi mövqeyi günü-gündən artan və möhkəmlənən Azərbaycan Respublikasının yeni tarixi mərhələdə həyata keçirdiyi fəaliyyət, bir az əvvəl qeyd etdiyim kimi, yalnız ölkə miqyası ilə məhdudlaşmır. Onun BMT Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatına sədrliyi dövründə, eləcə də bu gün beynəlxalq arenada səmərəli təşəbbüsləri, qarşılıqlı faydalılığı təmin edən əməkdaşlıq təklifləri yüksək hörmətlə qarşılanır.

Qlobal təhlükə mənbələrindən biri də bəşəriyyətin bəlasına çevrilən ekoloji fəsadlardır. İqlim dəyişikliklərindən qaynaqlanan bu problemin həlli istiqamətində Azərbaycanın göstərdiyi təşəbbüslərin ən uğurlu nəticəsi isə, şübhəsiz, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi olacaq. Belə bir beynəlxalq nüfuzlu, qlobal əhəmiyyət daşıyan, dövlətlərin təmsilçiliyi baxımından BMT Baş Assambleyasına bərabər tutulan ən mötəbər beynəlxalq tədbirin məhz bu ay Bakıda keçirilməsi Azərbaycana növbəti böyük etimaddır. 

İqtisadi-sosial təhlükəsizliyin təminində də ümumilikdə son onilliklərdə Azərbaycan dünya üzrə ən yaxşı göstəricilərdən birinə sahibdir. Bunun da mahiyyətində Prezident cənab İlham Əliyevin böyük zəhməti, fədakarlığı, müdrikliyi, mahir idarəçilik qabiliyyəti və ümumxalq dəstəyi dayanır. Dövlət başçımızın mükəmməl islahatlar konsepsiyası nəticəsində Azərbaycan siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, bölgənin siyasi, iqtisadi və əməkdaşlıq mərkəzi, mühüm tranzit qovşağı, qlobal enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı, etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü kimi tanınır. 

Bir müddət əvvələdək beynəlxalq cinayətkarlıq yuvası olan Qarabağda və Şərqi Zəngəzurda indi möhkəm təhlükəsizlik sistemi və müvafiq infrastruktur yaradılır. Vaxtilə separatçılığın ünvanı olan bu ərazilər artıq beynəlxalq əməkdaşlıq, sülh, inkişaf və mədəniyyət mərkəzinə çevrilmişdir.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev indi həm də Qurucu Rəhbər kimi bu bölgədə yeni möhtəşəm inkişaf tarixini yaradır. Yüz minlərlə insanın qayıdacağı Qarabağ və Şərqi Zəngəzur ərazisində yüzlərlə xəstəxana, idman kompleksi, təhsil və mədəniyyət ocağı, sosial infrastruktur, hava limanı, tunellər, körpülər, yüz kilometrlərlə dəmir yolu xətti, minlərlə kilometr avtomobil yolu mövcud olacaq. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına qoşulması bütövlükdə Azərbaycanın inkişafına və təhlükəsizliyinin etibarlı təmininə də əsaslı zəmin yaradacaq. 

Bu şərəfli missiyanın reallaşmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müstəsna xidmətləri, əvəzsiz dəstəyi vardır. Möhtərəm xanım Mehriban Əliyevanın Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi sosial, humanitar, mədəniyyət layihələri, himayə etdiyi genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri nəticə etibarilə dövlət başçımızın dövlətçilik kursunun layiqincə icrasına mühüm töhfələr verir. Bu fədakarlıq nümunələri dünyaya Azərbaycanın gücünü, dövlətimizin möhkəm iradəsini, xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir. 

Qürur hissilə qeyd etmək istərdim ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi, buraya yatırılan böyük həcmli xarici sərmayə bütünlüklə Azərbaycanda və Qafqaz bölgəsində möhkəm, etibarlı təhlükəsizlik mühitinin formalaşmasına, sabitliyin təmininə, eləcə də inkişafa, mövcud vəziyyətə təhdid yaradan meyillərin aradan qaldırılmasına mühüm təkan verir. 

Yeri gəlmişkən, Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə köhnə münaqişə ocaqları yenidən közərir, yeni savaşlar baş verir. Bu isə qlobal təhlükədir. Qanlı müharibələr, daxili təfriqələr nəticəsində öz ölkəsini tərk edərək qaçqın və köçkünə çevrilənlərin sayı artıq milyonlarla ölçülür. Xarici təsir və təhriklərlə dövlətlərin suverenliyinə təhdidlər çoxalır. Dünyanın ən güclü dövlətləri belə terrorçuluqdan, transmilli cinayətkarlıqdan əziyyət çəkirlər. 

Belə bir mənzərə Azərbaycanın daxil olduğu regionun da mövcud reallığıdır. Ancaq vətəndaşlarımız bu coğrafiyada təhlükəsizlik, sabitlik, əmin-amanlıq şəraitində yaşayırlar, qurub-yaradırlar. Qlobal böhran və beynəlxalq təhlükə mənbələrinin davamlı genişləndiyi bir zamanda tarixin ən qüdrətli Azərbaycanını yaratmaq məhz Prezident cənab İlham Əliyevin tariximiz, müasir dövrümüz və gələcəyimiz qarşısında misilsiz xidmətidir. 

Yalnız öz gücü hesabına ərazisindəki savaşa son qoyan, dayanıqlı təhlükəsizlik sistemi, hərbi qüdrəti, yüksək iqtisadi potensialı, qlobal proseslərə təsir imkanları ilə dövlətimiz bu gün dünya təcrübəsində uğurlu nümunə yaradıb, fenomen ölkə imici formalaşdırıb. 

Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə möhtərəm Ali Baş Komandan, yeni əsrin Yeni Milli Lideri cənab İlham Əliyevin qüdrətli Sərkərdəliyi, şanlı Ordumuzun və qəhrəman Xalqımızın sarsılmaz birliyi və iradəsi ilə tariximizin ən böyük, ən ehtişamlı Zəfərini qazanıb. 

Yeniləşən, inkişaf edən, getdikcə qüdrətlənən Azərbaycan Respublikası möhtəşəm Zəfəri, qələbələri və nailiyyətləri ilə bu gün də öz şərəfli tarixinə yeni səhifələr yazır, xalqımızın daha gözəl, daha parlaq gələcəyinin sarsılmaz təməlini yaradır! 


Ramil USUBOV,

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib  

22:25
10 Dekabr

Londondakı Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib  

22:23
10 Dekabr

Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır  

22:22
10 Dekabr

Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib  

22:21
10 Dekabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB  

22:20
10 Dekabr

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib  

22:18
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB 

21:51
10 Dekabr

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:47
10 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!