12 Dekabr 2024 09:30
1573
İQTİSADİYYAT
A- A+
Yüksəlişimizin dayanıqlı platforması - Ulu Öndərin enerji strategiyası

Yüksəlişimizin dayanıqlı platforması - Ulu Öndərin enerji strategiyası


Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesini iki dəfə tənəzzüldən xilas etmiş, gerilikdən çıxarmışdır. Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə bu sahədə yüksək inkişafa nail olunmuşdur. Bu da öz növbəsində ölkənin ümumi inkişafına böyük təkan vermişdir. 

1969-cu ildə Azərbaycana rəhbər seçildikdən az sonra Ümummilli Lider neft-qaz sənayesinin problemlərini sahənin aparıcı mütəxəssisləri ilə birgə müzakirə etmişdir. Görüləcək işlər müəyyənləşdirilmişdir. Nəticədə, respublikanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, neftin və qazın hasilatı, kəşfiyyatı, emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 

1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı sayəsində Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, sərnişin, boruçəkən, seysmik və digər gəmilər gətirildi. 2500 ton gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğuları alındı. Xəzərin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. 1960-cı illərin sonu ilə müqayisədə neft ehtiyatları iki, qaz ehtiyatları üç dəfə artdı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon ton (şərti yanacaq) təşkil etdi. 1980-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində indi Azərbaycan neftinin əsas hissəsini verən "Günəşli", "Çıraq", "Azəri" və başqa yataqlar kəşf olundu. 

Bu dövrdə neft emalı sənayesində də bir çox yeniliklər baş verdi. Neft emalı üçün xüsusi proqram hazırlandı və həyata keçirilməyə başlandı. Həmin proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodlar yaradıldı, təzə qurğular inşa olundu.

Əgər Ulu Öndərin sovet dönəmində tikdirdiyi Bakı Dərin Özüllər Zavodu olmasaydı, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi neft-qaz layihələrinin hər biri ən azı beş il ləngiyə bilərdi. Bu gün Ümummilli Liderin adını şərəflə daşıyan həmin müəssisənin Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu. Məhz Heydər Əliyevin möhkəm iradəsi, səyi və nüfuzu sayəsində Moskva zavodun Bakıda inşa edilməsinə və tikinti üçün 450 milyon ABŞ dollarının ayrılmasına icazə verdi.

1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycanın yeni neft strategiyasının əsası qoyuldu. Prezident İlham Əliyev bu barədə belə deyir: "Əsrin kontraktı"nın imzalanması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda çox ağır problemlərlə üzləşmişdi. Xüsusilə 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü, ölkəmizdə iqtisadi perspektivlər demək olar ki, yox idi, siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı... Bununla paralel olaraq, Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdür, bir milyondan çox qaçqın-köçkünümüz var idi. Bax belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi, Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi... Əlbəttə ki, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Çünki o vaxt xəzinə boş idi, inkişaf üçün də heç bir imkan yox idi. Belə bir vəziyyətdə xarici böyük neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Azərbaycan o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə "Əsrin kontraktı"nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi doğrudan da tarixi nailiyyətdir".

"Əsrin müqaviləsi" adını almış bu möhtəşəm saziş Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi məqsədini daşıyır. 2024-cü ilin birinci yarısının sonuna qədər layihəyə ümumi investisiya həcmi təqribən 45 milyard dollar olub. İndiyədək AÇG-dən təqribən 4,4 milyard barel neft hasil edilib.

Bir vaxtlar isə bizi gözü götürməyən kənar qüvvələr, eləcə də "sapı özümüzdən olan balta"lar deyirdilər ki, Azərbaycanda neft yoxdur və belə bir sazişin imzalanması əbəsdir. Cavabı isə zaman özü verdi. Belə ki, "Əsrin müqaviləsi" əsrlərə hesablanmış düzgün və uzaqgörən strategiya əsasında imzalanmışdı. Azərbaycanın AÇG-dəki ehtiyatları hətta ona imkan verdi ki, XX minilliyin 90-cı illərində imzalanmış kontrakt XXI əsrin ortasınadək uzadıldı. Bundan sonra tikilən ACE platformasından ("Yeni əsrin müqaviləsi" çərçivəsində) ilk neft bu il aprelin 16-da çıxarıldı.

"Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür". Bu sözləri Ulu Öndər Heydər Əliyev 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təməlqoyma mərasimində demişdi. Ümummilli Lider tərəfindən gələcəyə hesablanaraq görülən qlobal işlərdən biri də elə məhz BTC-nin çəkilişi idi. 

Keçən əsrin 90-cı illərinin ikinci yarısında "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı artdıqca mövcud olan Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə BTC-nin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə İstanbulda ATƏT-in Zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Saziş Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentlərinin imzaları ilə təsdiqləndi.

Bundan əvvəl "Əsrin müqaviləsi"ni xülya adlandıranlar, müxtəlif bəhanələrlə və güclü səylərlə onun baş tutmasına mane olmaq istəyənlər yenidən baş qaldırdılar. Bu dəfə hədəfdə BTC idi. Lakin maneələr davam etsə də, BTC irəliləyirdi. 

Layihənin mühüm bir mərhələsində - maliyyələşmə məsələləri həll edilərkən BTC-nin bədxahları yenidən "iş"ə başladılar. Yəni onlar tikintinin təməli qoyulandan sonra da rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Bir sıra qeyri-hökumət təşkilatları tikintiyə mane olmaq üçün növbəti səbəblər uydururdular. Bu dəfə kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdılar. Bu da layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin imzalanmasını gecikdirirdi. Hətta müxtəlif qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq onun çəkilişinə etiraz edirdilər. Lakin Ümummilli Lider layihənin həyata keçirilməsinin bütün mərhələlərində "BTC olacaq, olacaq, olacaqdir!" deyirdi. Bu baxımdan 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" konfransında şəxsən iştirak etməyi qərara alması da təsadüfi deyildi. Tədbirin keçirildiyi günlərdə Heydər Əliyev ABŞ-nin ovaxtkı Prezidenti Corc Buş, vitse-prezident Riçard Ceyni, ticarət naziri Donald Evants, energetika naziri Spenser Abraham ilə görüşdü. "Mübarizəmiz davam edəcək və biz istəyimizə nail olacağıq!" Bütün söhbətlərin başlıca məzmunu bu idi. 

Tədbirin keçirildiyi günlərdə Azərbaycanın, Gürcüstanın və Türkiyənin səlahiyyətli nümayəndələri, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbəri Beynəlxalq Maliyyə Korporasiyasında oldular. BTC-nin maliyyələşdirilməsinə dair fikir mübadiləsi aparıldı. Sonra Ulu Öndər korporasiyanın rəhbəri Piter Voykeni qəbul etdi. Layihədə bu beynəlxalq maliyyə qurumunun imkanlarından istifadə imkanları müzakirə olundu. P.Voyke bildirdi ki, korporasiyanın məqsədi yalnız bir kəmərin layihəsinin maliyyələşməsində deyil, regionda həyata keçirilən digər layihələrdə də fəal iştirak etməkdir.

Beləliklə, Heydər Əliyevin dünyadakı hörmət və nüfuzu BTC-ni bu çətinlikdən də çıxardı. 

BTC qalib gəldi! Azərbaycanın bədxahları bu dəfə də məqsədlərinə çatmadılar. Ümummilli Liderin daha bir şah əsəri tarixdə özünə yer aldı. Belə ki, 2004-cü fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC layihəsinin maliyyələşdirilməsi əlaqədar son sənədlər imzalandı. 

Bu gün BTC təkcə ölkəmizin deyil, bütün regionun həyatında mühüm rol oynayır. Bu kəmər Azərbaycana və ərazisindən keçdiyi ölkələrə birbaşa gəlirlər gətirməklə yanaşı, marşrut boyu yerləşən yaşayış məntəqələrinin icmalarına sosial sərmayələri ilə gəlirlər gətirir. 

BTC-nin əhəmiyyəti həm də onun özündən sonra neçə-neçə nəhəng layihəyə yol açmasındadır. Başqa sözlə, Ümummilli Lider Heydər Əliyev bu nəhəng qurğunun təməlini qoydu, Prezident İlham Əliyev onu möhtəşəm dəhlizlərə qovuşdurdu. Dövlətimizin başçısının dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik". 

Bu gün Heydər Əliyevin enerji strategiyasından özümüz də bəhrələnirik, qonşularımız və dostlarımız da. Bu strategiya polad platformaya çevrilərək yeni möhtəşəm layihələrin təməli olub. Üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan, Ümummilli Lider Heydər Əliyevin adını şərəflə daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən sonra Azərbaycanı qaz ixracatçısı kimi tanıdan Bakı-Tbilisi-Ərzurum kəməri inşa edilib. Ölkəmizi pan-Avropa qaz təchizatçısına çevirən 3500 kilometrlik "Cənub qaz dəhlizi" yaradılıb. İndi isə Avropaya "yaşıl enerji" dəhlizi çəkməyi də hədəfləmişik. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu strategiya Prezident İlham Əliyev tərəfindən günün tələbləri baxımından inkişaf etdirilir və Azərbaycanı yeni zirvələrə doğru aparır. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!