14 Noyabr 2023 11:51
2990
Elm və texnika
A- A+

Vyanada Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşri təqdim olunub

 

Noyabrın13-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşrinin təqdimatı keçirilib.

Almaniyanın tanınmış Erqon-Nomos nəşriyyatının “Bibliotheca Academica” - Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap edilən kitabı alman dilinə Qiesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərcümə edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Mir Cəlal Paşayevin Azərbaycanda və ölkə hüdudlarından kənarda oxucular tərəfindən yazıçı və hekayə ustadı kimi tanındığını, lakin bununla yanaşı, ədəbiyyətşünaslıqda dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığının əsas tədqiqatçılarından biri sayıldığını bildirib.

Füzulişünaslığın əsasını qoyan “Füzuli sənətkarlığı” əsərinin qələmə alınmasından 80 ildən çox vaxt keçməsinə baxmayaraq, o, əhəmiyyətini bu gün də qoruyub saxlayıb və şərqşünas-alim Mixael Raynhard Hessin tərcüməsində almandilli oxucular, elmi dairələr bu əsərlə tanış olmaq imkanı əldə ediblər.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli XX əsr Azərbaycan bədii nəsrinin inkişafında, elmi ədəbiyyatşünaslığın çağdaş səviyyədə formalaşmasında Mir Cəlal Paşayevin müstəsna xidmətlərindən danışıb, “Füzuli sənətkarlığı” monoqrafiyasının dünya füzulişünaslığında tutduğu yerdən bəhs edib. Qeyd edilib ki, Füzuli poetikasının ən müxtəlif probemlərini tədqiqat obyektinə çevirən alim öz elmi əsərində hər problem barədə yığcam, ancaq dərin məzmunlu və sonrakı tədqiqatlar üçün möhkəm elmi zəmin rolu oynayacaq fikirlərini izhar edib. Bununla da Mir Cəlal heç kəsə bənzəməyən araşdırıcılıq üsulu və orijinal mənbələrlə birbaşa işləməsi sayəsində Füzuli irsinin populyarlaşmasında əvəzedilməz xidmətlər göstərib, Azərbaycan füzulişünaslığının inkişafına böyük təkan verib.

Filologiya üzrə elmlər doktoru professor Tərlan Quliyev çıxışında XVI əsrdə yaşayıb-yaratmış və Şərqin, xüsusilə də türkdilli xalqların ən böyük şairlərindən biri olan Məhəmməd Füzulinin yaradıcılığının tədqiqi tarixinə nəzər salıb. Diqqətə çatdırılıb ki, bu əsərlərdə verilən məlumatlar olduqca qısa olmaqla bərabər, təzkirə xarakteri daşıyıb. Füzuli əsərlərinin müasir dünya şərqşünaslığı, Avropa standartları baxımından elmi-metodoloji əsaslarla təhlili tarixi isə təqribən 70-80 il bundan əvvəl başlayır və bu tarixin ən ön cərgəsində Mir Cəlal və onun “Füzuli sənətkarlığı” əsəri durur. Füzuli yaradıcılığının poetik xüsusiyyətlərinə toxunan T. Quliyev deyib ki, Mir Cəlal öz tədqiqatlarında Füzulinin həm poetik xüsusiyyətlərini açıb, həm də əsərlərinin məzmununun şərhini ustalıqla verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev ölkəmizin zəngin tarixinin, mədəniyyətinin və ədəbiyyatının Avropada, ümumiyyətlə, dünyada tanıdılmasında ictimai diplomatiyanın əhəmiyyətini vurğulayıb, “Füzuli sənətkarlığı” əsərinin alman dilinə tərcüməsinin Ümummilli Lider Heydər Əliyevin 100 illik və görkəmli alim Mir Cəlalın 115 illik yubileylərinə töhfə olduğunu bildirib. M. R. Hesslə uzun illərdən bəri elmi əməkdaşlıq edən və birgə kitab layihələri hazırlayan R. Nəbiyev diqqətə çatdırıb ki, Berlin Azad Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Hess azərbaycanlı və avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi kimi də tanışdır. Otuz ildən bəri türkdilli xalqların dil və ədəbiyyatını tədqiq edən alim türk, Azərbaycan, fars və ərəb dillərinə dərindən bələd olması sayəsində Mir Cəlalın Füzuli yaradıcılığına dair əsərini tərcümə edərkən bütün dil xüsusiyyətlərini və incəliklərini alman dilinə məharətlə çevirə bilib.

Şərqşünas-alim Mixael Raynhard Hess çıxışında Mir Cəlalın “Füzuli sənətkarlığı” əsərinin alman dilinə ilk tərcüməsinin oxucular üçün əhəmiyyətindən bəhs edib. Qeyd oolunub ki, Mir Cəlal bu əsəri yazmaqla Füzuli irsinin araşdırılmasında fundamental tədqiqat işi ortaya qoyub, eyni zamanda, ötən əsrin 30-40-cı illərində Azərbaycan mədəni irsinin qorunmasına böyük töhfə verib. Özündən əvvəlki bütün ədəbi-mədəni nailiyyətləri inkar edən sovet ideologiyasının hökm sürdüyü həmin dövrdə məhz Mir Cəlal sayəsində elmi-ictimai düşüncədə Füzuli və onun dövrü dərin kök salıb, unudulmaqdan və senzura tərəfindən qadağan edilməkdən xilas olub.

Bildirilib ki, alman dilinə tərcümə sayəsində füzulişünaslığa maraq göstərənlər Füzuli irsi ilə elmi əsaslarla və geniş spektrdə tanış olmaqla yanaşı, onun qəzəl, qəsidə və digər əsərlərinin alman dilinə bədii tərcüməsini oxumaq imkanı əldə edəcəklər. Bununla yanaşı, oxucular Mir Cəlalı yazıçılıqla bərabər, bir alim kimi də kəşf edəcək, həmçinin ötən əsrdə sovet ideologiyasının hökm sürdüyü bir mühitdə elmi-ədəbi yaradıcılıq fəaliyyətinin ən sanballı əsərinin təşəkkülü tarixi ilə tanış ola biləcəklər.

M. R. Hess Füzuli yaradıcılığının tərcümə xüsusiyyətlərindən bəhs edib, onun məşhur qəzəllərindən birini nümunə olaraq Azərbaycan və alman dillərində səsləndirib.

Görkəmli ədibin qızı, Bakı Dövlət Universitetinin ədəbiyyatşünaslıq tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva çıxışında “Füzuli sənətkarlığı” əsərinin alman dilinə tərcüməsinə və təqdimat mərasiminin təşkilinə görə Mir Cəlalın ailəsi adından minnətdarlıq edib. Hər bir yaradıcı insanın ömrünün onun bizə miras qoyub getdiyi əsərlərdə yaşamaqda olduğunu qeyd edən Ə. Paşayeva bu gün də Mir Cəlal dühasının onun bədii və elmi əsərləri sayəsində bizlərlə olduğunu vurğulayıb. “Mir Cəlalın elmi irsinin əhəmiyyəti, dəyəri artıq bir əsr keçəndən sonrada öz gücünü, təsirini, qiymətini itirməyibsə, bu, alimin çox böyük uğurudur. Ümidvaram ki, bu elmi əsər Şərq ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan elm adamları üçün dəyərli və cəlbedici bir mənbə olacaq”, - deyə o vurğulayıb.

Ə. Paşayeva, həmçinin deyib ki, bir vaxtlar görkəmli ədibin Bakıda, İçərişəhərdə yaşadığı və Hüseyn Cavid, Abdulla Şaiq, Mikayıl Müşfiq, Səməd Vurğun kimi dövrünün görkəmli şair və yazıçılarının qonaq gəldiyi mənzil bu gün ədibin evi kimi fəaliyyət göstərir, onun sağlığındakı həmin ruha sadiq qalaraq, şair və yazıçıların, eləcə də oxucuların mütəmadi şəkildə bir araya gəldikləri ədəbiyyat ocağına çevrilib. Burada fəaliyyət göstərən Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edəcək tədbirlər həyata keçirir.

Qeyd edək ki, Azərbaycan füzulişünaslığının banisi Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib. Monoqrafiya XVI əsrdə yaşayıb-yaratmış dahi şairimiz Məhəmməd Füzulinin ədəbi yaradıcılığı və sənəti, o cümlədən şeir mədəniyyəti və bədii nəsri haqqında elmi araşdırmaları əks etdirir. Mir Cəlal kitabında Füzuli yaradıcılığının ayrı-ayrı məsələləri və motivlərinin araşdırılması ilə yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən verməyə nail olub.

Çıxışlardan sonra Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış ediblər. Xanəndələr Rəvanə Qurbanova və Səbuhi İbayev “Leyli və Məcnun” operasından Leyli və Məcnunun qarşılaşması səhnəsini, eləcə də Məhəmməd Füzulinin qəzəlləri də yer alan muğamlar ifa ediblər. Onları tarda Kamal Nuriyev və kamançada Xəyyam Məmmədov müşayiət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video