Tovuzlu fermerlər hava şəraitinin əlverişli keçməsindən istifadə edərək builki əkinə vaxtından əvvəl başlamışlar. Rayonun aran ərazisində hazırda əkin işləri sürətlə davam edir. Dağlıq ərazilərdə isə əkin prosesinə havalar bir qədər mülayimləşdikdən sonra başlanacaq.
Fermerlərin dediklərinə görə, əkin zamanı əsasən yerli sortlara üstünlük verirlər. "Telman", "Əmiri", "Vaqif", "Çənlibel", "Uğur", "Turan" belə sortlardır. Paralel olaraq xarici - "Orkestra", "Arizona", "Anna Karaleva", "Silvanna", "Ariya" da əkinçilərin istifadə etdikləri sortlar sırasındadır.
Keçən il olduğu kimi, bu il də "Tovuz Aqrokompleks", "AzərAqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-lər kartof əkinində fərqlənirlər. Bu təsərrüfatların hər biri 94 hektarda kartof əkməyi planlaşdırmışdır. Bundan başqa, fiziki şəxslər Ədalət Məhərrəmov 70, Mehman İsgəndərov 23, Sakit Hüseynov 21, Nazilə İmamverdiyeva 14,7 hektarda əkin aparırlar. Yeri gəlmişkən xatırladaq ki, keçən il 4492 hektarda kartof əkən tovuzlular hər hektardan 304,5 sentner olmaqla ümumilikdə 136803 ton məhsul götürmüşlər. Bu rəqəmi yeniləmək üçün rayon fermerləri cari ildə əkin sahələrini bir qədər də genişləndirməyi məqsəd qoymuşlar. Qərara almışlar ki, 5000 hektardan çox sahədə kartof əksinlər. İndiyədək 900 hektar sahədə kartof əkini başa çatdırılmışdır.
Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov söhbət zamanı dedi ki, ötən illərdən fərqli olaraq, builki əkinlərin 90 faizi texnikanın köməyi ilə aparılır: "Kartofsəpən texnikanın təxminən 100 nəfərin bir həftəyə görə biləcəyi işi bir gündə yerinə yetirməsini nəzərə alsaq, bunun nə qədər sərfəli olduğunu yəqin etmək çətin deyil. Texnika hesabına əl əməyinin azalması məhsulun maya dəyərini də aşağı salır. Bundan başqa, texnika ilə becərilən sahələrdə məhsuldarlıq da yüksək olur. Odur ki, rayonumuzda fəaliyyət göstərən təsərrüfatlar kartofun əkilməsindən tutmuş çıxarılmasınadək bütün işləri texnika ilə həyata keçirməyə üstülük verirlər".
Rayonda ən çox kartof əkilən kəndlərdən biri Əyyubludur. Kənddə 3 mindən çox təsərrüfat var və əhalinin əksəriyyəti kartofçuluqla məşğuldur. Burada 2 min hektar əkin sahəsinin 1000 hektarında kartof əkilir. İstehsal olunan kartofun bir hissəsi satılır, bir hissəsi isə sonradan daha sərfəli qiymətə satmaq üçün kənddəki soyuducu anbarda saxlanılır.
Əyyubluda kartof istehsalında fərqlənən təcrübəli fermerlərdən biri Fərrux Qurbanovdur. O, hər il yetişdirdiyi kartofun satışından götürdüyü qazancla dolanışığını artıqlaması ilə təmin edir. Fermer keçən il də sahələrdən bol məhsul götürmüşdür. Hər hektardan 250 sentner məhsul götürməklə xeyli qazanc əldə etmişdir.
Məhəmməd Əliyev də hər il bol məhsul yetişdirir. Onun 1 hektar pay torpağı, 2 hektar icarəyə götürdüyü torpaq sahəsi var. Hər il bu torpaqlardan 80 tona yaxın məhsul toplayır. Cari mövsüm əkin sahəsini bir qədər də genişləndirərək 6 hektarda kartof əkini aparır. Fermer əmindir ki, bu il də qazancı yüksək olacaq. Çünki bazarda yerli məhsulun alıcısı başının üstündədir.
Sabir ƏLİYEV,
"Azərbaycan"