23 Aprel 2024 09:15
352
Mədəniyyət
A- A+

Tarixə şahidlik edəcək abidələrimiz

 

Tarixi abidələr əsrlərə meydan oxuya-oxuya üzü gələcəyə doğru addımlayır. Yaxşı ki, ölkəmizin ərazisində belə tarixi abidələrin sayı çoxdur. 
Zəngilan rayonu da Azərbaycanın özünəməxsus tarixi keçmişə malik olan bölgələrindən biridir. Rayonun ərazisində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə var. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. 
Rayonun ərazisində 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Qazıntı işləri zamanı məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri də Şərifan kəndində yerləşən "Şəhri-Şərifan" və ya "Şəhri Xəlifan" adı ilə tanınan Orta əsrlər şəhərinin  qalıqlarıdır. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərbdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunmuşdur. Aparılan tədqiqat zamanı şəhərin ətrafında iki qəbiristanlığın olduğu da müəyyən edilib. Onlardan biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdən ibarətdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub, üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfnetmə islam şəriətinə uyğun aparılıb. 
Şərifanda aparılan qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət qalıqları aşkar edilib. Arxeoloji materiallara əsasən, şəhər tipli yaşayış məskəni olan Şərifan XIV əsrdə salınmış və XVII əsrə kimi burada intensiv yaşayış olmuşdur.
Aparılan tədqiqatlar zamanı müəyyən edilmiş məlumat və faktlar göstərir ki, rayonun indiki inzibati ərazisində ən qədim insan məskənləri mövcud olmuşdur. Ağalı kəndi ərazisindəki yerdənqazma sığınacaqların-kahaların ilk quldarlıq dövrünə aid olduğu barədə ehtimallar vardır. "Ağalı kahaları" adı ilə tanınan bu sığınacaqların bir çoxundan sonrakı dövrlərdə qoyun-quzuların saxlanma yeri kimi istifadə edilib.
Rayonun ərazisində ötən əsrin 60-70-ci illərində təsərrüfat işləri aparılan zaman tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV-II əsrlərə aid edilən, əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. Məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, rayonun ərazisi həm Araz çayı boyunca şərqdən qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir. 
Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, o cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və "Şəhid Məhəmməd" adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir. Ötən əsrin 60-cı illərində bu ərazidə yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılmışdır. 1962-ci ildə həmin yerdə tapılan və saxsı qabda olan əşyalar üzərində aparılan tədqiqat və araşdırmalardan müəyyən edilib ki, bu sikkələr eramızdan əvvəl IV-II əsrlərə aiddir. Məlum olur ki, bu sikkələr bürünc ellin (yunan) pullarıdır. 
2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusu oktyabrın 20-də Zəngilan rayonunu erməni işğalından azad etdi. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə kənd və qəsəbələrlə yanaşı, düşmənin dağıtdığı tarixi abidələrin də bərpasına başlanıldı. Hazırda Zəngilan rayonunun mərkəzində tikilən məsciddə son tamamlama işləri aparılır. Əminliklə demək olar ki, yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərdəki tarixi abidələrimiz bərpa olunacaq. Xalqımızın qədim keçmişindən xəbər verən bu abidələr yenidən insanların ziyarətgahına çevriləcək. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video