05 Mart 2026 08:50
162
CƏMİYYƏT
A- A+
"Şəhid ismi yazılaydı soyadım..."

"Şəhid ismi yazılaydı soyadım..."


İkinci Qarabağ müharibəsinin 30-cu günü, oktyabrın 27-si buludsuz bir  payız günü idi. Döyüşlər başlayandan əllər  göydə qalmışdı, hamı Allaha yalvarırdı  ki, cəbhədə erməni işğalçılarına  qarşı vuruşan  əsgərlərimizi qorusun. Xocalıda, eləcə də başqa bölgələrdə ağır işgəncələrlə öldürülən balalarımızın, əsir götürülmüş qız-gəlinlərimizin, qocaların qanlarını yerdə  qoymasın!

Havalar başqa illərin payızından xoş keçirdi. Sanki təbiət döyüşçülərimizə çətinliklər  yaratmamaq üçün payızın soyuğunun qarşısını kəsib  gecikdirirdi. Amma nə edəsən ki, müharibələr itkisiz olmur. 27 oktyabr axşamüstü, şər  qarışan  vaxt  İmişli  rayonunun  Otuziki  kəndini  bəd xəbər  sarsıtdı. Qəflətən qapıları döyən bu bəd xəbər ilıq payız  havasında hamının ürəyini, qəlbini üşütdü. Qarabağın azadlığı uğrunda gedən əks-hücum əməliyyatlarında üzərinə düşən döyüş tapşırıqlarını cəsarətlə yerinə yetirən Xüsusi  Təyinatlı bölmənin tərkibində vuruşan gizir Əli Quliyev  şəhid oldu. Kədər yüklü bu xəbər qısa müddət ərzində  kəndə  yayıldı, eşidənləri göz yaşı içində boğdu...

Şəhid Əli Quliyev 9 sentyabr 1984-cü ildə zəhmətkeş bir  ailədə dünyaya göz açmışdı. Atası Tədbir kişi uzun müddət yük maşınının sürücüsü işləmişdi. Sonrakı illərdə isə işləmək üçün Rusiyaya üz tutmuşdu. Buna görə ailənin ağırlığı uşaqlarını zəhmətə, düzlüyə, halallığa  öyrətmiş həyat yoldaşı Almaz xanımın  üzərinə  düşmüşdü. Əli ailənin üçüncü  övladı idi. Otuziki kənd tam orta məktəbində birinci  sinfə  getdiyi elə bil dünən olmuşdu. Əli çoxlarından cüssəli, ucaboylu olması ilə fərqlənirdi. Əlinin qardaşları İsmayıl, Zaur və Cavid də zəhmətdən yoğrulmuş gənclər idilər. Onun Arzu və Leyli adlı iki bacısı da var idi. 

Gələcəyin cəsur döyüşçüsü Əli Quliyev orta məktəbi  bitirdikdən bir il sonra 2002-ci ildə ordu sıralarına çağırıldı. Cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etdi. İlyarımlıq əsgəri xidmət onda hərb sənətinə böyük maraq və sevgi oyatdı. Erməni işğalçılarının Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımı onun uşaq yaddaşında özünə dərin yer eləmişdi. Ekranlarda gördüyü erməni vəhşiliyini heç vaxt unutmamışdı. Bu ağrıları ürəyində yaşadan Əli hərbçi olmaq istəyirdi.

Hərbi xidmətini başa vurduqdan sonra Əli doğmalarının yanına alnıaçıq, başıuca qayıtdı. 2004-cü ildə ailə həyatı qurdu. İki oğul övladı dünyaya gəldi. Az sonra məlum oldu ki, uşaqlarında anadangəlmə talassemiya xəstəliyi var. Gənc ailənin çətin günləri qapılarını döydü. Problemlər içərisində yaşamasına baxmayaraq, Əli hərbçi olmaq arzusunu heç vaxt unutmurdu. Qərarı qəti idi, necə olursa-olsun ordu sıralarına qayıtmalı, Vətənə ləyaqətlə xidmət etməli, torpaqlarımızın azadlığı uğrunda vuruşmalı idi. Günlərin birində Əli Quliyev arzusuna çatdı. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin xüsusi  təyinatlı  qüvvələrinin sıralarında xidmətə başladı. Həmin gün onun sevinci yerə-göyə sığmırdı. Çünki müharibə başlayanda o da torpaqlarımızın azadlığı uğrunda vuruşacaqdı.

Gizir Əli Quliyev Aprel döyüşlərinin də iştirakçısı olmuşdu. 2016-cı il aprel ayının 1-dən döyüşlərə atılmış, dörd gün silahı yerə qoymamışdı. Üzərinə düşən döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirmişdi. Tərtər rayonunun Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər uğrunda gedən döyüşlərdə böyük igidlik və qəhrəmanlıq göstərmişdi. İştirakçısı olduğu əməliyyatlar zamanı təcrübə və səriştəsi daha da artmışdı.

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. İşğalçılıq əməllərini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistan növbəti dəfə beynəlxalq qanunlara zidd addım atdı. Elə ilk gündən düşmən Azərbaycan Ordusunun sərt cavabı ilə üzləşdi. Ürəyi Vətən eşqi ilə döyünən cəsur oğullar silaha sarılaraq qələbə əzmi ilə müharibəyə yollandılar. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə atılan gizir Əli Quliyev hərbi əməliyyatlarda fəal iştirak edir, həmişə öndə vuruşurdu. Uğurlara hesablanmış əməliyyatlarda yüksək döyüş peşəkarlığı və qələbə əzmi nümayiş etdirirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında irəliləyən Azərbaycan Ordusunun güclü əks-hücumları qarşısında dayana bilməyən erməni işğalçıları silah-sursatlarını, hərbi texnikalarını atıb arxalarına da baxmadan qaçırdılar. Yaralanmağına baxmayan xüsusi təyinatlılar özlərində güc tapıb yenidən ayağa qalxaraq düşmən üzərinə yeriyir, qəsbkarlarla əlbəyaxa olaraq onları məhv edirdilər. Belə döyüş səhnələri indiyə kimi yalnız fantastik kinolarda nümayiş olunurdu. Cəsur Azərbaycan hərbçiləri isə bunları reallıqda edir, düşmənə aman vermədən geri qovurdu.

İkinci Qarabağ müharibəsinin başlandığı gündən bir ay keçirdi. Bu müddət ərzində 200-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilmişdi. Artıq bu torpaqlarda üçrəngli, aylı-ulduzlu bayrağımız dalğalanırdı. Hər gün cəbhədən qələbə xəbərləri gəlirdi. Dayanmadan irəliləyən rəşadətli Azərbaycan Ordusu erməni işğalçılarını geri sıxışdırırdı. Ön xətdə atılan mərmilərin, güllələrin səsi  xeyli uzaqlardakı kəndlərdə də eşidilirdi. Bütün cəbhəboyu torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlər gedirdi.

Müharibənin 30-cu  günü yenicə başlamışdı. Cəsur döyüşçü Əli Xocavənd uğrunda vuruşurdu. Təəssüflər olsun ki, onun sonuncu döyüşü oldu. Həmin gün 18 il ordu sıralarında xidmət edən gizir Əli Tədbir oğlu Quliyev canından da çox sevdiyi Vətən torpaqları uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Onun döyüşçü yoldaşlarından biri yaralı vəziyyətdə düşmən mövqeyinə yaxın ərazidə qalmışdı. Əli onu xilas etmək üçün həyatını riskə qoyaraq böyük cəsarətlə irəli atıldı. Pusquda durmuş düşmən snayperi onu gördü və atəş açdı. İşğalçının açdığı atəş cəsur gizirin həm ömür, həm də döyüş yolunu yarıda qırdı.

Cəsur gizirin şəhid olduğu və meyitinin gətirildiyi xəbər kəndə çatan kimi sakinlər göz yaşları içində onun dəfnində iştirak etməyə yığışdılar. Rayon icra hakimiyyətinin rəhbərliyi və kollektivi, eləcə də ictimaiyyətin nümayəndələri onun bir zamanlar doğulub böyüdüyü həyətə gəldilər. Yaxınlar, doğmalar Azərbaycan və Türkiyə bayrağına bürünmüş tabutu başları üzərinə qaldırdılar. Hönkürtü, ağlaşma səsi ətrafı başına götürdü. Həyətdə dayanmağa, ayaq qoymağa yer yox idi. Öndə Azərbaycan və Türkiyənin dövlət bayraqlarını aparan gənclər, bir az arxada dini ayinləri icra edən şəxslər və "Şəhidlər ölməz, Vətən bölünməz!", "Otuzikilər oyaqdı, Qarabağa dayaqdı!", "Qarabağ bizimdir, bizim olacaq!" şüarlarını fasilələrlə səsləndirən insanlar, çiyinlər üstündə bayrağa bükülmüş şəhidimizin tabutu, daha sonra isə mərasimdə iştirak edənlər hüznlü addımlarla qəbiristanlığa doğru gedirdilər. Böyük izdihamın iştirakı ilə cəsur döyüşçü gizir Əli Quluyev torpağa tapşırıldı.

Şəhidlər heç vaxt unudulmur, yaddan çıxmırlar. Həmsöhbəti olduğum doğmaları, qohumları və kənd sakinləri gizir Əli Quliyev haqqında ürək sözlərini göz yaşları içində danışdılar. Şəhidin anası Almaz xanım dərindən ah çəkərək dedi ki, oğullar Vətəni qorumaq üçün doğulurlar: "Ana üçün övladların hamısı əzizdir, doğmadır. Onları bir-birindən ayırmaq olmaz. Əli həmişə verdiyi sözün üstündə dayanardı. Ordu sıralarında xidmətə də böyük həvəslə getmişdi. Arzusuna çatdığına görə sevinci yerə-göyə sığmırdı. Qarabağı azad görmək istəyirdi. Bu yolda döyüşə, savaşa hazır idi. Müharibəyə gedəndən sonra bizimlə əlaqə saxlayar, iştirakçısı olduğu uğurlu döyüşlərdən danışardı. Onun səsi gah Füzulidən, gah Cəbrayıldan, gah da Xocavənddən gəlirdi. Torpaqlarımız, şəhər və kəndlərimiz işğaldan azad olunduqca onun sevinci yerə-göyə sığmırdı. Əlinin səsindən də, nəfəsindən də Zəfər duyulurdu. Təəssüflər olsun ki, 27 oktyabr 2020-ci ildə qapımızı oğlumun ölüm xəbəri döydü. Ana üçün bu acı xəbəri eşitmək olduqca kədərli və ağrılıdır. Təskinliyimizi onunla tapırıq ki, Əli Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Bu əlçatmaz zirvəyə ucalanlar heç vaxt unudulmur, həmişə ehtiramla xatırlanır".

Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, göstərdiyi qəhrəmanlığa görə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş Şamil Cəbrayılov da Əli haqqında kövrək hisslərlə danışdı. Dedi ki, indiyə qədər Otuziki kəndindən onlarla gənc Qarabağ müharibəsində iştirak etmiş, şərəfli döyüş yolu keçmişdi: "Həmişə ona sevinirdi ki, indiyə qədər kənddən kimsə müharibədə övlad itkisinin ağrısını yaşamamış, atalar, analar balalarını şəhid adı ilə dəfn etməmişdilər. Əli kəndimizin ilk şəhidi oldu. Biz onun qəhrəmanlığı ilə fəxr edib öyünürük. İnanıram ki, gələcək nəsillər qəhrəmanlığı Əli kimi cəsur oğullardan öyrənəcəklər".

Əməkdar müəllim Cəbrayıl Şirəliyev də şəhid Əli Quliyev haqqında ürək ağrısı ilə danışdı. Bildirdi ki, haqq işi uğrunda, Vətən uğrunda şəhid olan bütün insanların, bütün döyüşçülərin talelərində oxşarlıq həmişə özünü qabarıq şəkildə göstərir: "Onların istər Qarabağda, istərsə də dünyanın başqa yerlərində şəhid olmalarının elə bir fərqi yoxdur. Əsas odur ki, onların mübarizəsi olsun, ədalət uğrunda vuruşsunlar! Ona görə də bu cəsur insanlar haqqında yazılanlar elə bil onların hər biri haqqında qələmə alınan əsər təəssüratı bağışlayır. Deməli, onların biri haqqında yazılan əsərlərdən hamısına pay düşür. Biz cəsur döyüşçü, igid əsgər gizir Əli Quliyevin göstərdiyi qəhrəmanlıqları heç vaxt unutmayacağıq, onu həmişə ehtiramla xatırlayacağıq".

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı vəzifə borcunu yerinə yetirərkən göstərdiyi igidliyə görə Əli Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü",  "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Vətən hər şeydən əvvəl əcdadlarımızın bizə qoyduğu müqəddəs əmanətdir, ata-babalarımızın və övladlarımızın məskənidir. Vətən həm də tariximizdir, mədəniyyət beşiyimizdir, Vətən iman yerimiz, inanc mənbəyimizdir.  Vətəni göz bəbəyi kimi qorumaq, onun şərəfini daim uca tutmaq hamımızın borcudur! Vətən uğrunda canından keçmək şərəfli işdir! Çünki Vətən uğrunda şəhid olmaqdan yüksək  ali məqam yoxdur!

Tanınmış türk xalq ozanı Aşıq Veysəl də millət, Vətən yolunda şəhid olmağı ən ali, ən xoşbəxt məqam kimi dəyərləndirərək yazırdı:

...Şəhid ismi yazılaydı soyadım,

Qanım ilə məzarımın daşına.

36 yaşında canından da çox sevdiyi Vətəninin azadlığı uğrunda şəhid olmuş Əli Quliyevin adı qəhrəmanlıq tariximizə həkk olunub! Böyüməkdə olan nəsillər qəhrəmanlığı onun kimi cəsur oğullardan öyrənirlər.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

Gücümüz birliyimizdədir

08:30
05 Mart

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

08:25
05 Mart

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

08:20
05 Mart

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

08:15
05 Mart

Azərbaycanın dayanıqlı gələcəyə aparan enerji strategiyası

08:10
05 Mart

Heydər Əliyev ideologiyası: dövlətçiliyin mükəmməl fəaliyyət əsası

08:05
05 Mart

Azərbaycanın sərhəd tanımayan enerji siyasəti

08:00
05 Mart

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!