02 Fevral 2024 09:20
1089
İQTİSADİYYAT
A- A+

Sağlam gələcək naminə keyfiyyətli və etibarlı tibbi xidmət

 

Zaur ƏLİYEV: "Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir"

 

Azərbaycanda sosialyönümlü siyasətin prioritetləri arasında səhiyyə sahəsi mühüm yer tutur. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, keyfiyyətli tibbi xidmətlərin həyata keçirilməsinin stimullaşdırılması, səhiyyə sahəsində dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri icbari tibbi sığortanın (İTS) tətbiq edilməsidir. 2021-ci ildən etibarən İTS bütün ölkəboyu tətbiq olunmağa başlanıb. Bəs ötən müddətdə icbari tibbi sığortanın tətbiqi necə həyata keçirilib və qarşıda bu istiqamətdə planlaşdırılan işlər nələrdir? 
Sualımızı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur ƏLİYEV cavablandırır.
- Zaur müəllim, artıq 3 ilə yaxındır icbari tibbi sığorta ölkə üzrə tətbiq olunmaqdadır. Bu müddət ərzində rəhbərlik etdiyiniz qurumun qarşısında qoyulan hədəflərə çata bilmisinizmi?
- Azərbaycanda icbari tibbi sığortanın təmin edilməsi məqsədilə cənab Prezident İlham Əliyevin imzaladığı fərmandan irəli gələrək qarşımıza 3 əsas hədəf qoyulmuşdur. Bu hədəflər əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaqdan, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaqdan və tibb sahəsində maddi-texniki baza və İKT infrastrukturunu müasir tələblərə uyğunlaşdırmaqdan ibarət idi.
Tibbi xidmətlərin əlçatan olması xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, əlilliyin səbəb olduğu xəstəliklərin vaxtında aradan qaldırılmasına, nəticədə ölüm hallarının azalmasına və orta ömür uzunluğunun artmasına xidmət edir. Əlçatanlığı artırmaq üçün atdığımız əsas addımlardan biri  təminat verilən tibbi xidmətlərin sayının artırılması oldu. Misal olaraq deyim ki, pilot layihə  dövründə Xidmətlər Zərfinə 1829 xidmət daxil idisə, ötən il bu sayı 3315-ə qədər artırdıq. Yeni xidmətlər sırasına ilk dəfə olaraq vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları əlavə olundu. Xidmətlər Zərfinə edilmiş dəyişikliklərə əsasən, il ərzində limit sayı 300 olan koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə sığorta limiti ləğv olundu. Bütün bunlar əlçatanlığın artırılması istiqamətində atılan vacib addımlardır.
Əhalinin səhiyyə ilə bağlı maliyyə yükünün azaldılmasına gəlincə məqsədimiz odur ki, maddi vəziyyətindən asılı olmayaraq,  hər bir vətəndaşımız səhhətində yaranmış narahatlıqla bağlı tibbi yardım ala bilsin, dövlətin qayğısını hiss etsin. İcbari tibbi sığorta tətbiq olunmadan əvvəl vətəndaşlarda səhiyyə xərcləri ilə bağlı narahatlıq var idi. Biz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəyərlərini rəhbər tutaraq vətəndaşın mənafeyinə xidmət etməyi hədəfləmişik. İcbari tibbi sığortanın tətbiqindən sonra dəyəri yüksək olan cərrahi əməliyyatlar insanlara daha əlçatan olub. Dövlət tibb müəssisələri ilə yanaşı, özəl klinikalarda da tibbi xidmətlərdən sığorta ilə ödənişsiz istifadəyə şərait yaradılıb. Statistik rəqəmlər göstərir ki, dövlət tibb müəssisələrinə müraciətlərin sayı kəskin artıb. Əgər 2022-ci ildə ölkə əhalisinin 47 faizi icbari tibbi sığortadan yararlanmışdısa, ötən il bu rəqəm 52 faiz olmuşdu. Ötən il dövlət tibb müəssisələrinə 5 milyondan çox vətəndaş müraciəti əsasında 70 milyondan çox tibbi xidmət göstərilib. 2022-ci illə müqayisədə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayında 60 faiz artım müşahidə olunub. 
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən əvvəl bizim 19 özəl tibb müəssisəsi ilə müqaviləmiz var idi. Bu gün isə dövlət tibb müəssisələri ilə yanaşı, 150-dən çox özəl və təsərrüfat hesablı tibb müəssisələrində vətəndaşlar icbari tibbi sığorta hesabına tibbi xidmət ala bilirlər.  2023-cü ilin 11 ayı ərzində  özəl tibb müəssisələrində 155 mindən çox əməliyyat və prosedur icra olunub ki, bu da 2022-ci illə müqayisədə 40 faiz artım deməkdir. Xidmətlərin göstərilməsi müqabilində özəl tibb müəssisələrinə 248 milyon manat vəsait xərclənmişdi. Vətəndaşların tibbi xidmətlərdən rahat istifadəsini təmin etmək üçün özəl tibb müəssisələrinin sayını mütəmadi olaraq artırırıq. Artıq 152 özəl tibb müəssisəsi ilə müqaviləmiz var ki, sığorta ilə tibbi xidmətləri göstərməyə məsuldurlar. Təminat verilən xidmətlərin artması daha çox tibbi xidmətin əhali üçün əlçatan olması deməkdir. Bu da vətəndaşların sağlamlıqları ilə bağlı maliyyə xərclərinin azaldılmasına xidmət edir.
Tibb sahəsində maddi-texniki baza və dövlət tibb müəssisələrində İKT infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması ilə bağlı hədəfimizə çatmaq üçün davamlı işlər görülür. İcbari tibbi sığortanın tətbiqinə qədər dövlət xəstəxanalarında qeydiyyat kağız üzərində aparılırdı. Hazırda isə səhiyyə sistemində vahid elektronlaşdırılma aparılıb. Xəstəxanaların idarəolunması sistemi, tibbi sığorta portalı (tibbi xidmətlərin ekspertizası və s.) qurulub və "e-Tabib" mobil tətbiqi yaradılıb. 
- Tibb müəssisələrinin elektronlaşdırılmasının vətəndaşlar üçün hansı üstünlükləri var?
- Agentlik fəaliyyətinin elektronlaşdırılması istiqamətində ardıcıl addımlar atır. Xidmətlərin elektronlaşdırılması müasir dövrdə bütün sahələrdə olduğu kimi, səhiyyə və tibbin inkişafında da mühüm rol oynayır.
Dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulmasının vətəndaşlar üçün üstünlüklərindən biri odur ki, zaman və məkandan asılı olmayaraq, diaqnozları və laborator analizlərin nəticələri haqqında məlumatları rahatlıqla onlayn əldə etmək mümkündür. İcbari tibbi sığorta ilə tibbi xidmət alan vətəndaşlar "e-Tabib" mobil tətbiqi vasitəsilə  aldıqları tibbi xidmətlərə dair məlumatla tanış ola bilirlər. Elektron xidmətlər həm vətəndaş məmnunluğuna, həm də  şəffaflığın artırılmasına xidmət edir. 
Qeyd edim ki, agentliyin 2024-2028-ci illər üçün Strateji İnkişaf Planına əsasən, növbəti illərdə qarşımıza qoyulan məqsədlərdən biri icbari tibbi sığorta ilə bağlı əhalinin məlumatlılıq və məmnunluq səviyyəsinin artırılmasıdır. Vətəndaş məmnunluğunun ölçülməsi məqsədilə hazırda "e-Tabib" mobil tətbiqinə yeni funksiyaların əlavə olunması üzərində işlər aparılır. Funksiya aktiv edildikdən sonra vətəndaşlar icbari tibbi sığorta ilə aldıqları tibbi xidmətlər haqqında fikirlərini bölüşə biləcəklər. Vətəndaşlardan daxil olan geridönüşlər bizə tibbi xidmətin keyfiyyətini artırmağa və bu sahədə çatışmazlıqları aradan qaldırmağa imkan verəcək. 
Agentliyin fəaliyyət istiqamətlərindən biri də əhalinin sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərin əlçatanlığını artırmaq, sığortaolunanların hüquq və qanuni mənafelərini qorumaqdır. Tibbi xidməti təkmilləşdirmək baxımından insanların fikirlərini öyrənmək bizim üçün önəmlidir. İcbari tibbi sığorta ilə bağlı suallar, təklif və iradlar agentliyə əsasən sosial media, "1542" Çağrı Mərkəzi, elektron poçt vasitəsilə ünvanlanır. Hər bir müraciət təhlil edilir və qanunvericiliyə uyğun olaraq cavablandırılır. Göründüyü kimi, əhali ilə əlaqə yaratmağa imkan verən kifayət qədər kommunikasiya kanallarımız mövcuddur və biz bu kanallar vasitəsilə vətəndaşların fikirlərini öyrənə bilirik. 
- Zaur müəllim, vətəndaşlarla yanaşı, sığorta sisteminin tibb işçilərinə də təsiri maraqlıdır. İcbari tibbi sığortanın tətbiqindən sonra onların gəlirlərində artımlar olubmu?
- Səhiyyə işçilərinin sosial rifahının gücləndirilməsi bizim üçün prioritet istiqamətlərdən biridir. Sığortaolunanların məmnunluğu ilə yanaşı, tibb işçilərinin məmnunluğu da vacib şərtdir. Əlbəttə, pasiyentlərlə yanaşı, bizə səhiyyə işçilərindən geridönüşlər olur. Həkimlərin rəylərini və təkliflərini nəzərə alaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına bir neçə dəfə dəyişiklik edilib. 
2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3.2 dəfə artım, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.
İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra səhiyyə işçilərinin xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilməyə başlandı. Həkimlərə işin nəticələrinə görə, yəni aparılan müayinələr, icra edilən cərrahi əməliyyatların sayına görə əlavələr ödənilir. Ötən il Xidmətlər Zərfində 1464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırıldı, beləliklə, tibbi xidmətlərin 56 faizinin tarifində artım oldu. Cərrahi əməliyyatlar üzrə tariflərin məbləği birbaşa ödənilən bonuslara təsir edir. Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15 faizi həcmində əlavələr hesablandığından, tariflərin artımı cərrahi profilli həkimlərə ödənilən bonusların artımına səbəb olur.  
- Xəstəxanaların təchizat sisteminin gücləndirilməsi istiqamətində agentlik tərəfindən hansı işlər görülüb? 
- Öncə də qeyd etdiyim kimi, icbari tibbi sığortanın tətbiqində əsas məqsədlərdən biri əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır. Bu səbəbdən Agentlik dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər aparmışdır. Sığortanın tətbiqinə başlanıldığı dövrdən indiyədək TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri üçün 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq alınıb. Bundan başqa, 248 milyon manatdan çox məbləğdə dərman və tibbi sərf, 40 milyon manat dəyərində 349 ədəd yeni təcili tibbi yardım avtomobili xəstəxanalara təhvil verilib. 
Alınan tibbi avadanlıqlar bir çox xəstəliyin minimal invaziv yolla müayinə və müalicəsinə, müayinə zamanı yüksəkkeyfiyyətli görüntü əldə etməyə, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Əvvəllər yalnız özəl xəstəxanalarda göstərilən tibbi prosedur və əməliyyatların dövlət xəstəxanalarında da icrasını mümkün edir. Misal olaraq, böyrək daşlarının cərrahi müdaxiləsiz parçalanmasına imkan verən təmassız zərbə-dalğa avadanlığını qeyd edə bilərəm. Bu avadanlıq Yeni Klinikada quraşdırılıb. 
Bundan başqa, alınan avadanlıqlar sayəsində tibbi alətlərin sterilizasiyası yüksək səviyyədə təmin olunur. Yeni avadanlıqların imkanları sözsüz ki, tibb işçilərinin işini asanlaşdırmaqla yanaşı, pasiyentlərin məmnunluğuna da səbəb olur. 
Bütün bunlar vətəndaşların xidmətlərdən rahat istifadəsinə, vaxtında həkimə müraciət etməklə səhhətləri ilə bağlı ağırlaşma hallarının qarşısını almağa və sağlamlıqlarının müdafiəsinə yönəlib. 
Xidmət keyfiyyətinin artmasında tibb müəssisələrinin təchizatının gücləndirilməsi əsas amillərdən biri olduğu üçün bu istiqamətdə işlər davam edəcək.
- Qeyd etdiniz ki, agentliyin 2024-2028-ci illər üçün Strateji İnkişaf Planı təsdiq edilib. Bu  planda növbəti 5 ildə hansı tədbirlərin görülməsi nəzərdə tutulub?
- Strateji Plan agentliyin fəaliyyətinə uyğun olaraq innovasiyaların və qabaqcıl təcrübələrin tətbiqi ilə dövlət xidmətlərini davamlı inkişaf etdirməyə, vətəndaşların tibbi, sosial, iqtisadi və ictimai rifahının yaxşılaşdırılmasına yönəlmişdir. Qeyd edilənlərlə yanaşı, Strateji Plan tibbi xidmət sahəsində gündən-günə dəyişən əhali tələbatları və gözləntilərinə uyğun olaraq şəffaflıq, effektivlik və innovativ yanaşmaları təmin edəcəkdir.
Agentlik fəaliyyətini təkmil idarəçilik metodları əsasında formalaşdırır, həmçinin əsasnaməsinə və digər normativ hüquqi aktlarla ona həvalə olunmuş vəzifə və funksiyalara uyğun olaraq öz fəaliyyətini təşkil edir. 
Strategiya sənədinin əsas məqsədi tibbi xidmət keyfiyyətini yaxşılaşdıran, ümumi səhiyyə sistemini balanslaşdıran, resurs idarəedilməsinin effektivliyini artıran və vətəndaş məmnunluğunun artmasına səbəb olan sistemin inkişafına dəstək olmaqdır.
Strateji Plan agentliyin vəzifələrinin həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş hədəfləri, uzunmüddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strateji Plan əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, səhiyyə sisteminin effektivliyinin artırılması məqsədilə islahatların aparılması və bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün nəzərdə tutulmuşdur. 
- Ambulatorda dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulubmu?
- İlkin mərhələdə ölkədə ən çox rast gəlinən və ölüm hallarına səbəb olan xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Bura kardioloji, həzm sistemi, tənəffüs sistemi xəstəlikləri aiddir. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanıb, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim edilib. Görüləsi çox işlər var, bütün hədəflərimizə çatmaq üçün icbari tibbi sığortanın maliyyə dayanıqlığı tam təmin edilməlidir. 
- İcbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisələrinə müraciətlərin sayı kəskin artıb. Bu isə xəstəxanalarda sıxlığın yaranmasına səbəb olub. Elə xəstəxanalar var ki, həkim qəbuluna düşmək üçün bir neçə saat gözləməli olursan. Bu məsələlərin həlli istiqamətində hansı tədbirlər görülür?
- Xəstəxanalarda pasiyentlərin müayinə və müalicəsi növbəlilik prinsipi əsasında aparılır. Bu, dünyanın hər yerində belədir. Avropanın ən inkişaf etmiş ölkələrində təcili tibbi müdaxilə tələb edən hallar istisna olmaqla, insanlar səhhətlərində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkimlərinə müraciət etməlidirlər. Bəzi hallarda ailə həkiminin qəbuluna düşmək üçün həftələrlə gözləməli olursan. Bizdə isə uzun gözləmə müddətləri, tibbi xidmətin alınması üçün məhdudiyyət yoxdur. Vətəndaşlarımız yaşadığı və ya qeydiyyatda olduğu ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator yardım üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutuna göndəriş vərəqəsi olmadan birbaşa müraciət edə bilərlər. Ambulator və stasionar tibbi xidmətin göstərilməsi ilə bağlı gözləmə müddəti Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. 
Dövlət tibb müəssisələrində növbə sıxlığının qarşısını almaq üçün randevu sistemi ötən ilin sonundan ilkin olaraq Yeni Klinikada test rejimində işləyir. Tədricən bu tibb müəssisələrinin siyahısı genişlənəcək. Randevu sisteminin tətbiqi həm pasiyentlər, həm də həkimlər üçün faydalı olacaq. Bu yalnız növbə sistemi ilə bağlı deyil, ümumilikdə icbari tibbi sığorta sahəsində görülən təkmilləşmə işlərinin əhali ilə yanaşı, tibb heyəti üçün faydaları böyükdür. Səhiyyə ocaqlarının yeni nəsil avadanlıqlarla təchizatı, sığorta ilə qarşılanan tibbi xidmətlərin çeşidinin artırılması həkimlərin fəaliyyətinin səmərəliliyinə birbaşa təsir edir. Təchizatın güclənməsi xəstəliklərin dəqiq diaqnozunun təyininə, vaxtında xidmətin göstərilməsinə gətirib çıxarır ki, bu da vətəndaşın həkimdən və xəstəxananın fəaliyyətindən məmnunluğu ilə nəticələnir. 

Müsahibəni apardı:
Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video