17 Oktyabr 2023 10:30
1023
SİYASƏT
A- A+
Qələbənin FÜZULİ müjdəsi

Qələbənin FÜZULİ müjdəsi

 

Vətən müharibəsinin 21-ci günü qədim şəhərimiz azadlığına qovuşdu 

 

Vətən müharibəsinin 21-ci günündə daha bir şəhərimiz düşmən tapdağından azad edildi. Rəşadətli ordumuzun səyləri nəticəsində Füzuli şəhəri azadlığına qovuşdu. Gecədən səhərə qədər gedən şiddətli döyüşlərin uğurlu nəticəsinin xəbərini oktyabrın 17-də aldıq. 
Prezident İlham Əliyev növbəti müjdəli xəbəri paylaşdı: "Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri". 
Həmçinin Müzəffər Ali Baş Komandan xalqa müraciətində 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkam qurduğunu və bəzilərinin Füzuli şəhərini işğaldan azad etməyin mümkünsüz olduğunu hesab etdiyini xatırlatdı: "Tanınmış hərbi ekspertlər Füzulini işğaldan azad etməyə aylarla vaxt lazım olduğunu deyirdi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gəldi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Təəssüf ki, Füzulidən əsər-əlamət qalmayıb. 30 il ərzində Füzuli çaqqalların, yırtıcı vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz sökülüb, evlər sökülüb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib".
Dövlət başçısı vurğuladı ki, Füzuli şəhərinin qalıqları erməni faşizminin şahididir. Biz Füzulini yenidən abadlaşdırıb, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidən abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq.
Xatırladaq ki, Füzuli və Cəbrayıl rayonları azadlığı uğrunda döyüş əməliyyatları aparılan ilk rayonlar idi. Elə bu rayonların kəndləri də müharibənin başladığı ilk günlərdən azad olunmağa başlanmışdı. Belə ki, sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı keçirən Azərbaycan Ordusu Füzulinin üç yaşayış məntəqəsini - Qaraxanbəyli, Qərvənd və Horadizi düşmən tapdağından azad etmişdi. Düşmən istehkamlarının möhkəm olduğu, erməni mifini dağıtdığı ərazidir Füzuli. Ermənilərin "Ohanyan səddi" də orada yerləşirdi. Buna baxmayaq, Silahlı Qüvvələrimiz keçilməz hesab edilən bu istehkamları yararaq irəlilədi. Təbii ki, "Ohanyan səddi" mifinin məhv edilməsi düşməni daha böyük qorxuya saldı. 
Tarixə nəzər: Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Arazboyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli adlandırılıb. Rayonun tərkibinə bir şəhər və 78 kənd daxildir. 
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunub. Ermənistan  silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.
Yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunub. O zaman işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50 faizə qədəri yaşayırdı.

 

Azad edilmiş torpaqlara ilk səfər, Qarabağda ilk "hava qapısı" 

 

Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk səfərləri də məhz ilk şəhid verdiyimiz torpaqlara oldu. Dövlət başçısı 2020-ci il noyabrın 16-da Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident həmin gün Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. 
Ölkə rəhbəri işğaldan azad edilmiş digər rayonlar kimi, Füzuliyə də dəfələrlə səfər edib, təməlqoyma və açılış mərasimlərində iştirak edib. 2021-ci ilin yanvar ayında Füzuliyə səfərində İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrliyində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli Beynəlxalq Hava Limanının təməllərini qoyub. 
Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərimizdəki ilk hava limanı idi və aeroportun əhəmiyyəti olduqca böyük idi. Bu hava limanı işğaldan azad olunmuş ərazilərimizlə əlaqələrin intensiv və rahat qurulmasında mühüm rol oynadı. 
Dövlət başçısı da hava limanının təməlqoyma mərasimində çıxışında qeyd etmişdi ki, bu layihə azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmlidir. Aeroportun əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etmək idi. Füzuli Beynəlxalq Hava Limanı qısa bir zamanda, hətta deyiləndən daha tez - 8 ay ərzində tikildi. 
Beləliklə, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. 
Qarabağın ilk hava limanı ən müasir səviyyədə inşa olunaraq istifadəyə verildi. Bu hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Aeroportun ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün şəraitin yaradılması diqqət mərkəzində saxlanılıb.
Ekspertlərin fikrincə, hava limanının açılması ilk növbədə turizmin inkişafına hesablanıb. Qarabağ və Şərqi Zəngəzurda istifadəyə verilmiş və veriləcək hava limanları gələcəkdə bu bölgəyə turist axınında müstəsna rol oynayacaq. Qeyd edək ki, Füzuli aeroportu mədəniyyət paytaxtımız Şuşaya gediş-gəlişi də asanlaşdırır. 

 

Füzuli şəhəri yenidən qurulur

 

Füzulinin işğaldan azad olunmasından sonra Prezident İlham Əliyev dəfələrlə buraya səfər edib. Dövlət başçısının işğaldan azad olunmuş Füzulinin birinci ili ərəfəsində rayonda Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni "ağıllı kənd"in, "Azər-işıq" ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməli qoyuldu.
Həmin gün  rayon ictimaiyyət nümayəndələri ilə görüşən İlham Əliyev qeyd etdi ki, düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. İlham Əliyev bildirdi ki, bu, tarixi hadisədir: "Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik". 
Prezident Füzulinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi idi və Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi:
"Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti eyni zamanda bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır".
Ötən ilin may ayında Füzuliyə səfər edən dövlət başçısı və birinci xanım Füzuli şəhərində inşa olunacaq peşə liseyinin, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimlərində iştirak etdilər. Eyni zamanda şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkdilər.
Vətən müharibəsinin ikinci anım ilində dövlət başçısı Füzuliyə yenidən səfər edərək rayonun Qaraxanbəyli kəndində 27 sentyabr - Anım gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoydu. Vətən müharibəsi şəhidlərinin xatirəsini birdəqiqəlik sükutla yad edən Prezident abidə önündə çıxış edərək bildirdi ki, şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. 
İlham Əliyev vurğuladı ki, Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin ilk günündə azad edilib: "İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın".
Bu ilin may ayında Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı da Prezident İlham Əliyev Füzuli rayonunda bir sıra tədbirlərdə iştirak etdi. Dövlət başçısı rayonun Pirəhmədli, Dədəli  kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin və içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoydu. Bununla yanaşı, Füzuli-Hadrut avtomobil yolunun, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı baş tutdu. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayan yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun  uzunluğu 12,3 kilometrdir və birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. 
Yolun 6,7 kilometrliyində "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.
İlham Əliyev həmçinin Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin, eyni zamanda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış oldu. 
Çox keçmədən avqust ayında isə bu məktəbin açılışı baş tutdu. Azərbaycanda səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonunda Prezident İlham Əliyevlə birgə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdi.
Dövlət başçıları və xanımları həmçinin Füzuli şəhərinə yeni köçürülmüş sakinlərlə görüşdülər. Bundan başqa, ölkə rəhbərlərinə Füzuli şəhərinin baş planı təqdim olundu. 
Baş plana əsasən, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.
Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.
İşğaldan azad olunmasının üçüncü ildönümü ərəfəsində - oktyabrın 16-da Prezident İlham Əliyev yolunu Qarabağın qədim yurdu Füzulidən saldı. Dövlət başçısı bu dəfə də bir sıra təməlqoyma mərasimlərində iştirak etdi.
Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olan Prezident İlham Əliyev  rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində ikinci, üçüncü yaşayış və idman komplekslərinin, uşaq bağçasının və inzibati binanın əsasını qoydu. 

 

Füzulinin qəhrəmanları

 

Füzulinin azad olunması da mahir sərkərdənin başçılığı ilə qüdrətli ordumuzun gücü, neçə-neçə igid oğulların canı, qanı bahasına mümkün olmuşdu. Qəhrəman zabit və əsgərlərimizin gözünü qırpmadan atıldıqları döyüşlərin nəticəsi olaraq Füzuli azadlığına qovuşmuşdu. Onlar da digər igidlərimiz kimi Vətən müharibəsindən sonra şücaətlərinə görə dövlət başçısı tərəfindən mükafatlandırıldılar. 
Prezident İlham Əliyevin Vətən müharibəsindəki qələbə münasibətilə orden və medalların təsis edilməsi ilə bağlı sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı da təsis edildi. Daha sonra dövlət başçısının müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə 25325 hərbi qulluqçu təltif edildi.

 

Füzuli uğrunda döyüşlər

 

Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, Füzuli strateji əhəmiyyətə malik olan bir məntəqə idi və Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən mühüm döyüşlərdən biri burada gedib.
27 sentyabr 2020-ci ildə ermənilərin bir sıra istiqamətlərdən hücumunun qarşısının alınması çox mühüm əhəmiyyət kəsb edirdi. Beləliklə, Azərbaycan Ordusu bir neçə istiqamətdə əks-hücuma keçdi. Təmas xətlərini darmadağın etmək və silahlı qüvvələrin ön xətdə müdafiəsini dərinləşdirmək lazım idi. Erməni hərbi hissələri həm canlı qüvvə, həm də döyüş texnikası baxımından bu istiqamətdə məhv edilirdi. Füzuli uğrunda döyüşlər 27 sentyabrdan təxminən 17 oktyabra qədər davam etdi, nəticədə Füzuli rayonu və şəhərin işğaldan azad olunması ilə başa çatdı. 
Deputat dedi ki, aparılan hərbi əməliyyatlar nəticəsində müharibənin ilk günündə Füzulinin və Cəbrayılın bir sıra kəndləri azad edilib: "Ermənilər Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurmuşdu. Bu istehkamları keçmək üçün həmlə batalyonları şücaətini göstərdi. Təxminən  oktyabrın 9-da Azərbaycan Ordusu Xocavənd rayonunun Zor kəndi və Hadrut qəsəbəsini, həmçinin Cəbrayıl rayonunun bir sıra kəndlərini azad etdi. Oktyabrın 10-da ermənilər Hadrut, Cəbrayıl istiqamətindəki bir sıra kəndlərə hücuma keçməyə çalışsalar da, Azərbaycan Ordusu bölmələrinin gördüyü tədbirlər nəticəsində onların hərbi birləşmələrinin hücumunun qarşısı alındı və düşmən ordusu həm texnika, həm də canlı qüvvə baxımından çoxsaylı itki verdi". 
Ordumuzun oktyabrın 13-də irəlilədiyini, Füzulinin strateji əhəmiyyətli kəndlərini azad etdiyini xatırladan A.Nağıyev bildirdi ki, şəhər uğrunda gedən döyüşlərin son fazası oktyabrın 16-da Xocavənd rayonunun Ağbulaq, Axullu və digər bir neçə kəndinin işğaldan azad olunması ilə nəticələnib. Füzuli şəhərinin azad olunması zamanı Azərbaycan Ordusu tərəfindən düşmən bir neçə istiqamətdən mühasirəyə alındı. Oktyabrın 16-dan 17-nə keçən gecə Füzuli şəhəri uğrunda şiddətli döyüşlər başladı və düşmən ağır itki verərək ərazini tərk etdi. 
Füzulinin azad edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən deputat dedi ki, bu, cənub cəbhəsi boyunca irəliləməyə geniş imkan yaratdı. "Ali Baş Komandanın qətiyyəti, Müzəffər Ordunun seçdiyi taktika öz nəticəsini verdi. Təbii ki, şəhidlərimiz oldu. Allah onlara rəhmət eləsin. Lakin Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi və ən strateji məntəqə hesab edilən Füzuli rayonu, kəndləri və Füzuli şəhəri işğaldan azad edildi", - deyə o əlavə edib.

 

"Cənub cəbhəsinin qapısı"nda gedən döyüşlər

 

Hərbi ekspert Ramil Məmmədli deyib ki, 44 günlük Vətən müharibəsində əsas ağır hərbi əməliyyatların getdiyi istiqamət həm də Füzuli rayonu və şəhəri olub. 
O qeyd edib ki, Füzuli rayonu strateji baxımdan xüsusi əhəmiyyətli bölgədir. Müharibə vaxtı hərbi əməliyyatların getdiyi Füzulini "cənub cəbhəsinin qapısı" da adlandırırdılar. Bu baxımdan Azərbaycan Ordusunun qarşısında qoyulan əsas tapşırıqlardan biri də məhz  cənub cəbhəsinin  giriş nöqtəsində uğurlu əməliyyatlar həyata keçirmək idi. Yaşayış məntəqələri bir-birinin ardınca işğaldan azad olundu. Füzuli şəhəri uğrunda isə çox ağır döyüşlər getdi. 
Ekspert vurğulayıb ki, Füzuli şəhərinin azad olunmasını müharibənin gedişatında dönüş nöqtəsi hesab etmək olar: "Azərbaycan Ordusu Füzulidə uğurlu hərbi əməliyyatlar keçirdi. Füzuli şəhərinin azad olunması prosesindən əvvəl Cəbrayıl rayonu və Hadrut qəsəbəsinin işğaldan azad olunması əməliyyatlarını həyata keçirdi. Bu, Füzuli şəhərinə təchizat yollarının bağlanılması məqsədi daşıyırdı. Eyni zamanda Ermənistan ordusuna gözlənilməz həmlə və zərbə idi. Füzulinin işğaldan azad olunması isə ümumiyyətlə, cənub cəbhəsində mütləq üstünlüyün əldə olunması demək idi ki, Azərbaycan Ordusu buna nail oldu. 

 

Füzuli Şəhəri Günü qeyd edilir

 

Prezident İlham Əliyevin iyul ayında imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Füzulidə görülən sürətli bərpa və  yenidənqurma işlərinin nəticəsi olaraq sakinlər artıq doğma yurdlarında şəhər günlərini qeyd edirlər. Bu gün onların günüdür - 17 Oktyabr Füzuli Şəhəri Günüdür.
Avqust ayından etibarən Füzuli şəhərinə qayıdış prosesi başlayıb. Bu günədək şəhərdə 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib. Bundan sonra da füzulililərin mərhələli şəkildə qayıdışı davam edəcək. Artıq hər biri qürur, fəxarət hissi ilə şəhər günlərini dədə-baba torpaqlarında qeyd edəcəklər. Bayram bayrama qarışacaq. Füzuli sakinlərinin hazırlaşdığı daha bir bayram, xoş gün olacaq. Füzuli Şəhəri Günü onlara Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu tərəfindən verilən ən böyük hədiyyə olaraq qalacaq. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!