İl üstə il gəldikcə, nəsillər nəsilləri əvəzlədikcə hələ sağlığında adı Azərbaycanın vokal ifaçılığı tarixinə böyük həriflərlə yazılmış sənətkar Şövkət xanım Ələkbərovanın ifaları, səhnə və musiqi mədəniyyəti daha sevilən və unudulmaz olur. Çünki səsinin sədası ilə öncə qarış-qarış Azərbaycanı, sonra isə dünyanı gəzmək olar...
Ecazkar səsə və ifaya malik Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı. Kiçik yaşlarından musiqiyə böyük maraq göstərən Şövkəti anası tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq havalarını çox sevirdi. İncəsənətə bağlı ailədə böyüyən Şövkət 12 yaşında musiqi məktəbinin kamança sinfinə daxil olur. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət üçlük yaranır. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayır. 15 yaşında musiqi müsabiqəsinin qalibi olub. Bəstəkar Üzeyir bəy Hacıbəyli və müğənni Bülbül onun istedadını yüksək dəyərləndiriblər.
Şövkət Ələkbərova 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət xanımın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.
O, 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edərək öz çıxışı ilə Üzeyir bəy Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxumuş, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyur. 1945-ci ildən filarmoniyanın solisti kimi işə başlayan Şövkət xanımın ifasında səslənən xalq və bəstəkar mahnıları, muğamlar Azərbaycanda çox böyük məşhurluq qazanır.
"Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?" filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında xalqımızın dilinin əzbəri idi. Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa etmişdir. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə mətbuata açıqlamalarında bu filmlərin sırasına "Bəxtiyar", "Aygün", "Ögey ana", "Onu bağışlamaq olarmı?" kimi ekran əsərlərini də əlavə edərək bildirir ki, "bu filmlərdən bizə tanış olan o gözəl mahnılar o səslə, o avazla yaddaşımıza əbədi həkk olunub. Şövkət xanımın səsindən, ifasından istifadə olunan o qədər filmlər var ki, onları bir yerə toplasan, böyük bir siyahı alınar".
Müğənninin bəstəkar Cahangir Cahangirovun "Füzuli" kantatasının II hissəsində oxuduğu "Məni candan usandırdı" romans xarakterli musiqi parçası da xalqın ürəyinə yol tapmışdır. Emin Sabitoğlunun "Şirin dil" mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tutur. Mahnının sözləri Kərkük bayatılarından götürülüb.
Rusiyanın bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları da daxil idi.
Şövkət Ələkbərovanın sənətindən danışarkən elə tanınmış incəsənət xadimləri var ki, onların adlarını çəkməmək olmur. Şövkət xanım müsahibələrində yeri düşəndə həmkarlarına həmişə dahi sənətkar Bülbül və Xan Şuşinskidən öyrəndiyini, onları özünə müəllim, örnək bildiyini deyərdi.
Şövkət Ələkbərova dövrünün böyük bəstəkarlarının bir-birindən gözəl əsərlərini elə ustalıqla ifa edib ki, artıq o mahnıların hər birinin üzərinə Şövkət Ələkbərova emblemi vurulub. Şövkət xanım Azərbaycan xalqının yaddaşında, ürəyində elə bir yerə sahibdir ki, illər, əsrlər keçsə də, nə qədər ki, bu xalq və bu musiqi var, o da yaşayacaqdır.
Musiqişünas Ceyran Mahmudova atası Emin Sabitoğlu ilə Şövkət xanımın yaradıcılıq əlaqələrindən danışarkən qürur hissi ilə bildirir: "Şövkət xanım öz gözəl səsi və ifası ilə hər zaman dahi bəstəkarları bir-birindən gözəl mahnılar yazmağa sövq edib. Bir çox bəstəkarlar var ki, sırf onun üçün mahnılar bəstələyiblər. Atam Emin Sabitoğlu da onlardan biri idi. Şövkət Ələkbərovanın özünəməxsus səsi hər zaman seçilib. İndi də radiodan və ya televiziya ekranlarından bu səsi eşidərkən onun kimə aid olduğunu həmin an bilmək olur. Bu cür sənətkarlar heç zaman ölmürlər, yaddaşımızda, ürəyimizdə daim yaşayırlar".
Musiqişünas ekspertlər qeyd edirlər ki, dahi Niyazi məhz bu amili nəzərə alaraq "Qaragilə", "Xumar oldum" mahnılarını simfonik orketr üçün işləmişdi və Şövkət xanım orkestrin müşayiəti ilə bu inciləri ifa edəndə maestro qeyri-ixtiyari əlləri, barmaqları, üzünün dəyişən cizgiləri ilə bu mahnıları "oxuyurdu".
Səhnədə daim xanım-xatın, gülərüz görünən Şövkət xanım həm də mehriban və qayğıkeş ana idi. Bir qızı, bir oğlu olub. Lakin Şövkət xanım öz qardaşı uşaqlarına da baxıb. İkinci Dünya müharibəsi zamanı Şövkət xanımın böyük qardaşı Mir Ələkbər itkin düşüb və az sonra yoldaşı da dünyasını dəyişib. Onların qızı Validə isə onda bir neçə aylıq körpə olub və Şövkət xanım onu öz qızı kimi böyüdüb, boya-başa çatdırıb.
Validədən başqa Şövkət xanım qardaşı Mir Şəfehin iki övladı - Sevda və Eldarı da himayə edib, evində saxlayıb. Beləliklə, Şövkət xanım beş uşaq böyüdüb, tərbiyə edib.
Otuz il bundan öncə, 1993-cü il fevralın 7-də əbədiyyətə qovuşan Şövkət xanım Ələkbərova Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Fəxri xiyabanda dəfn edilib. Unudulmaz sənətkarın Azərbaycan mədəniyyəti və incəsənəti sahəsində xidmətləri, habelə ifaçılıq yaradıcılığı respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək o, 1954-cü ildə "Azərbaycanın Əməkdar artisti", 1959-cu ildə isə "Azərbaycanın Xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Rəhman SALMANLI,
"Azərbaycan"