20 Oktyabr 2023 10:30
1318
Mədəniyyət
A- A+
Qəlbləri oxşayan ecazkar səs

Qəlbləri oxşayan ecazkar səs

 

İl üstə il gəldikcə, nəsillər nəsilləri əvəzlədikcə hələ sağlığında adı Azərbaycanın vokal ifaçılığı tarixinə böyük həriflərlə yazılmış sənətkar Şövkət xanım Ələkbərovanın ifaları, səhnə və musiqi mədəniyyəti daha sevilən və unudulmaz olur. Çünki səsinin sədası ilə öncə qarış-qarış Azərbaycanı, sonra isə dünyanı gəzmək olar...
Ecazkar səsə və ifaya malik Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı. Kiçik yaşlarından musiqiyə böyük maraq göstərən Şövkəti anası tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq havalarını çox sevirdi. İncəsənətə bağlı ailədə böyüyən Şövkət 12 yaşında musiqi məktəbinin kamança sinfinə daxil olur. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət üçlük yaranır. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayır. 15 yaşında musiqi müsabiqəsinin qalibi olub. Bəstəkar Üzeyir bəy Hacıbəyli və müğənni Bülbül onun istedadını yüksək dəyərləndiriblər.
Şövkət Ələkbərova 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət xanımın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.
O, 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edərək öz çıxışı ilə Üzeyir bəy Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxumuş, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyur. 1945-ci ildən filarmoniyanın solisti kimi işə başlayan Şövkət xanımın ifasında səslənən xalq və bəstəkar mahnıları, muğamlar Azərbaycanda çox böyük məşhurluq qazanır. 
"Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?" filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında xalqımızın dilinin əzbəri idi. Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa etmişdir. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə mətbuata açıqlamalarında bu filmlərin sırasına "Bəxtiyar", "Aygün", "Ögey ana", "Onu bağışlamaq olarmı?" kimi ekran əsərlərini də əlavə edərək bildirir ki, "bu filmlərdən bizə tanış olan o gözəl mahnılar o səslə, o avazla yaddaşımıza əbədi həkk olunub. Şövkət xanımın səsindən, ifasından istifadə olunan o qədər filmlər var ki, onları bir yerə toplasan, böyük bir siyahı alınar".
Müğənninin bəstəkar Cahangir Cahangirovun "Füzuli" kantatasının II hissəsində oxuduğu "Məni candan usandırdı" romans xarakterli musiqi parçası da xalqın ürəyinə yol tapmışdır. Emin Sabitoğlunun "Şirin dil" mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tutur. Mahnının sözləri Kərkük bayatılarından götürülüb. 
Rusiyanın bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları da daxil idi.
Şövkət Ələkbərovanın sənətindən danışarkən elə tanınmış incəsənət xadimləri var ki, onların adlarını çəkməmək olmur. Şövkət xanım müsahibələrində yeri düşəndə həmkarlarına həmişə dahi sənətkar Bülbül və Xan Şuşinskidən öyrəndiyini, onları özünə müəllim, örnək bildiyini deyərdi. 
Şövkət Ələkbərova dövrünün böyük bəstəkarlarının bir-birindən gözəl əsərlərini elə ustalıqla ifa edib ki, artıq o mahnıların hər birinin üzərinə Şövkət Ələkbərova emblemi vurulub. Şövkət xanım Azərbaycan xalqının yaddaşında, ürəyində elə bir yerə sahibdir ki, illər, əsrlər keçsə də, nə qədər ki, bu xalq və bu musiqi var, o da yaşayacaqdır. 
Musiqişünas Ceyran Mahmudova atası Emin Sabitoğlu ilə Şövkət xanımın yaradıcılıq əlaqələrindən danışarkən qürur hissi ilə bildirir: "Şövkət xanım öz gözəl səsi və ifası ilə hər zaman dahi bəstəkarları bir-birindən gözəl mahnılar yazmağa sövq edib. Bir çox bəstəkarlar var ki, sırf onun üçün mahnılar bəstələyiblər. Atam Emin Sabitoğlu da onlardan biri idi. Şövkət Ələkbərovanın özünəməxsus səsi hər zaman seçilib. İndi də radiodan və ya televiziya ekranlarından bu səsi eşidərkən onun kimə aid olduğunu həmin an bilmək olur. Bu cür sənətkarlar heç zaman ölmürlər, yaddaşımızda, ürəyimizdə daim yaşayırlar".
Musiqişünas ekspertlər qeyd edirlər ki, dahi Niyazi məhz bu amili nəzərə alaraq "Qaragilə", "Xumar oldum" mahnılarını simfonik orketr üçün işləmişdi və Şövkət xanım orkestrin müşayiəti ilə bu inciləri ifa edəndə maestro qeyri-ixtiyari əlləri, barmaqları, üzünün dəyişən cizgiləri ilə bu mahnıları "oxuyurdu".
Səhnədə daim xanım-xatın, gülərüz görünən Şövkət xanım həm də mehriban və qayğıkeş ana idi. Bir qızı, bir oğlu olub. Lakin Şövkət xanım öz qardaşı uşaqlarına da baxıb. İkinci Dünya müharibəsi zamanı Şövkət xanımın böyük qardaşı Mir Ələkbər itkin düşüb və az sonra yoldaşı da dünyasını dəyişib. Onların qızı Validə isə onda bir neçə aylıq körpə olub və Şövkət xanım onu öz qızı kimi böyüdüb, boya-başa çatdırıb. 
Validədən başqa Şövkət xanım qardaşı Mir Şəfehin iki övladı - Sevda və Eldarı da himayə edib, evində saxlayıb. Beləliklə, Şövkət xanım beş uşaq böyüdüb, tərbiyə edib.
Otuz il bundan öncə, 1993-cü il fevralın 7-də əbədiyyətə qovuşan Şövkət xanım Ələkbərova Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Fəxri xiyabanda dəfn edilib. Unudulmaz sənətkarın Azərbaycan mədəniyyəti və incəsənəti sahəsində xidmətləri, habelə ifaçılıq yaradıcılığı respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək o, 1954-cü ildə "Azərbaycanın Əməkdar artisti", 1959-cu ildə isə "Azərbaycanın Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!