14 Yanvar 2026 08:05
272
SİYASƏT
A- A+
Postmünaqişə dövrünün xarici siyasət strategiyası: TDT çərçivəsində intensivləşən əlaqələr

Postmünaqişə dövrünün xarici siyasət strategiyası: TDT çərçivəsində intensivləşən əlaqələr



Prezident İlham Əliyev cari il yanvarın əvvəlində yerli televiziya kanallarına  müsahibəsində vurğuladı ki, müstəqillik illərində Azərbaycan 30-a yaxın dövlətlə strateji tərəfdaşlıq münasibətləri qurub, onlardan 25-i ilə müvafiq siyasi sənədlər imzalanıb. Bu dövlətlərin 10-u Avropa İttifaqının üzvüdür. Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) təmsil olunan bütün ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Ümumilikdə isə Avropa Siyasi Birliyində təmsil olunan 16 dövlət Azərbaycanın strateji tərəfdaşlarıdır ki, bu da ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir.

Qeyd edilməlidir ki, Avropa Siyasi Birliyi təşkilat deyil, siyasi dialoq platformasıdır, lakin həmin platformada bu qədər geniş tərəfdaşlıq şəbəkəsinə malik olmaq mühüm diplomatik nailiyyətdir. Azərbaycan bəzi dövlətlərlə strateji tərəfdaşlıqla yanaşı, müttəfiqlik münasibətlərini təsbit edən beynəlxalq müqavilələr də imzalayıb. Bu ölkələr sırasında qardaş Türkiyə, Özbəkistan və Qazaxıstan xüsusi yer tutur.

 

Azərbaycan sülhün bərqərar olunması istiqamətində ardıcıl və prinsipial siyasət aparır

 

İşğal dövründə Azərbaycanın strateji tərəfdaşlıq siyasətinin əsas şərti Azərbaycan-Ermənistan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında həllinə birmənalı dəstək idi. Bu prinsipial mövqe Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, Prezident İlham Əliyev tərəfindən isə ardıcıl şəkildə qorunmuşdur. Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra da qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan xarici siyasətinin dəyişməz əsası olaraq qalır.

Strateji tərəfdaşlıq yalnız siyasi və iqtisadi sahələri deyil, eyni zamanda müdafiə, müdafiə sənayesi və təhlükəsizlik istiqamətlərində intensiv əməkdaşlığı da əhatə edir. Bu çərçivədə Xarici İşlər nazirlikləri və dövlət başçıları səviyyəsində müntəzəm siyasi məsləhətləşmələr aparılır, regional və qlobal məsələlər üzrə mövqelər uzlaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə postmünaqişə dövründə sülh prosesi ardıcıl və prinsipial xətt üzrə irəliləyir. Bu proses artıq yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan siyasi gündəm kimi aparıcı beynəlxalq aktorların diqqət mərkəzindədir. Dövlət başçısının Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın sülhyaratma təşəbbüslərinin və postmünaqişə təcrübəsinin beynəlxalq səviyyədə qəbul və təqdir olunduğunu açıq şəkildə nümayiş etdirdi.

Son onilliklər ərzində formalaşdırılan Azərbaycanın xarici siyasət strategiyası regional balansın qorunması ilə yanaşı, qlobal müstəvidə dayanıqlı tərəfdaşlıq şəbəkəsinin qurulmasına yönəlib. İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni siyasi və təhlükəsizlik reallıqları, nəqliyyat-tranzit xəritəsinin yenidən formalaşması və beynəlxalq sistemdə güc mərkəzlərinin dəyişməsi Bakının çoxvektorlu, çevik və prinsipial diplomatiyasını daha da gücləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət BMT Nizamnaməsinin prinsiplərinə, xüsusilə suveren bərabərlik, ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq yanaşmasına əsaslanır. Dost və tərəfdaş ölkələrlə münasibətlər strateji tərəfdaşlıq, yaxın dövlətlərlə isə müttəfiqlik səviyyəsinə yüksəldilir.

Prezident İlham Əliyevin strateji baxışına əsaslanan diplomatik fəaliyyət nəticəsində Azərbaycanın mövqeləri beynəlxalq arenada əhəmiyyətli dərəcədə möhkəmlənib. Bunu müxtəlif beynəlxalq platformalarda dövlət və hökumət başçılarının açıq bəyanatları, eləcə də Avropa Siyasi Birliyinin Zirvə görüşləri, Yaxın Şərq Sülh Sammiti, Türk Dövlətləri Təşkilatının sammitləri və ikitərəfli səfərlər aydın şəkildə təsdiqləyir.

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə müdafiə, müdafiə sənayesi və təhlükəsizlik sahələrində artıq ikitərəfli formatda müsbət və uğurlu təcrübəyə malikdir. Ölkəmiz Türkiyə, Özbəkistan və Qazaxıstanla müxtəlif formatlarda birgə hərbi təlimlər keçirib və bu əməkdaşlıq öz səmərəsini verib. İndi məqsəd bu təcrübəni genişləndirərək ikitərəfli çərçivədən çıxarmaq və Türk Dövlətləri Təşkilatı səviyyəsində çoxtərəfli əməkdaşlıq müstəvisinə daşımaqdır. Prezident İlham Əliyev bu istiqamətdə mövqeyini ötən il TDT-nin Qəbələdə keçirilən sammitində açıq şəkildə ortaya qoyub və 2026-cı ildə bu formatda əməkdaşlıq istiqamətində ilkin addımlardan olan birgə hərbi təlimlərin keçirilməsi istəyimizi bəyan edib.

Bu təşəbbüsün arxasında dayanan əsas üstünlüklərdən biri Azərbaycanın qazandığı sülh və müharibədən sonrakı bərpa təcrübəsidir. 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslər göstərdi ki, Azərbaycan təkcə hərbi müstəvidə qələbə qazanmaqla kifayətlənməyib, eyni zamanda davamlı sülhün bərqərar olunması istiqamətində ardıcıl və prinsipial siyasət aparır. Prezident İlham Əliyevin ötən ilin sentyabrında BMT Baş Məclisində bəyan etdiyi "Azərbaycan müharibəni uddu və sülhü qazandı" formulasına əsaslanan təcrübəsi türk dövlətləri üçün də ciddi özünəinam mənbəyidir. Azərbaycanın uğurları beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur, çünki bu uğurlar BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq əldə edilib.

 

Azərbaycan-Türkiyə təcrübəsi çoxtərəfli formatda əməkdaşlıq üçün nümunədir

 

Azərbaycan qardaş Türkiyə ilə birgə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın institusional əsaslarını yaratmaq üçün konkret addımlar atıb. 2021-ci ilin iyununda imzalanan Şuşa Bəynannaməsi və 2025-ci ilin dekabrında Milli Məclisin ratifikasiya etdiyi "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" bunun üçün hüquqi əsas yaradır.

Anlaşma Memorandumu strateji müttəfiqlər olan Azərbaycan-Türkiyə arasında Şuşa Bəyannaməsində əks olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Memorandumun məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə təlimlərin, hərbi təhsilin və müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir.

Anlaşma Memorandumu həmçinin qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ində təsbit edilmişdir ki, "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

Sözügedən Anlaşma Memorandumu da  BMT nizamnaməsinə istinadı ehtiva edir. Belə ki, tərəfdaş dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə yuxarıda qeyd edildiyi kimi, mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər.

 

Qəbələ Sammiti TDT çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün dönüş mərhələsi ola bilər

 

2025-ci ilin oktyabrında Qəbələdə regional təhlükəsizlik və sabitlik mövzusunda keçirilən TDT sammiti daha geniş platformada və çoxtərəfli formatda məhz bu məqsədlərə xidmət edirdi. Bu təşəbbüs Prezident İlham Əliyevin ideyası idi və hərbi sahə ilə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın da çoxtərəfli formatda reallaşdırılmasını gündəmə gətirdi. Məsələn, ötən il İstanbulda müdafiə sənayesinə cavabdeh qurumların birgə toplantısı keçirildi. Növbəti belə tədbirin bu il Bakıda təşkil olunması planlaşdırılır. Bu, əməkdaşlığın sistemli xarakter aldığını göstərir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya artıq dərinləşməkdədir. Hazırda təşkilat daxilində 35-dən artıq sahə üzrə əməkdaşlıq mövcuddur və bu siyahı davamlı şəkildə genişlənir. Hərbi, müdafiə sənayesi və təhlükəsizlik sahələrinin bu prosesə daxil edilməsi tamamilə məntiqlidir.

Türk dövlətləri arasında hərbi əməkdaşlıq ideyası coğrafi mövqe, mövcud geosiyasi şərait və ortaq maraqlardan irəli gəlir. Bu təşəbbüs heç bir gücə qarşı yönəlməyib. Məqsəd dövlətlərarası inteqrasiyanın hərbi və müdafiə sənayesi sahəsində də davam etdirilməsi üçün konseptual çərçivə yaratmaqdır. Bunun üçün həm resurslarımız, həm siyasi iradəmiz, həm də real zərurət mövcuddur. Artıq bu konsepsiyanın praktik mərhələyə keçməsinin zamanı çatıb.

Prezident İlham Əliyevin türk dövlətləri arasında hərbi sahədə əməkdaşlıq təşəbbüsünü şətrləndirən bir sıra obyektiv və real amillər mövcuddur. Əsas amillərdən birincisi müasir beynəlxalq münasibətlər sistemində güc faktorunun hələ də həlledici rol oynamasıdır. Bu gün təəssüf ki, beynəlxalq hüquq mexanizmləri effektiv şəkildə işləmir. Müdafiə ehtiyacları, regional və.geosiyasi çağırışlar və çəkindirmə siyasəti bu əməkdaşlığı şərtləndirən amillərdəndir. Məhz bu reallıqlar dövlətləri öz təhlükəsizliklərini təmin etmək üçün əlavə əməkdaşlıq formatları axtarmağa vadar edir. Qəbələ Sammitindən sonra müdafiə, müdafiə sənayesi və regional təhlükəsizlik sahələrində ölkələr əməkdaşlığı inkişaf etdirməyi hədəfləyirlər.

 

Müqayisəli beynəlxalq təcrübə də nəzərdən keçirilə bilər

 

 Beynəlxalq təcrübədə buna bənzər modellər mövcuddur. Məsələn, Skandinaviya ölkələri arasında NORDEFCO çərçivəsində hərbi əməkdaşlıq hərbi ittifaq olmadan həyata keçirilir. NORDEFCO - Nordic Defence Cooperation (Şimali Avropa Müdafiə Əməkdaşlığı) 2009-cu ildə beş Şimali Avropa ölkəsi tərəfindən yaradılmış hərbi-təhlükəsizlik əməkdaşlıq platformasıdır. Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveçin təsis etdiyi bu qurumun hərbi ittifaq deyil və NATO kimi kollektiv müdafiə öhdəliyi yaratmır. Əsas məqsəd ölkələr arasında təhlükəsizlik və müdafiə sahəsində koordinasiyanı gücləndirmək, resurslardan daha səmərəli istifadə etməkdir. "Hərbi ittifaq olmadan hərbi əməkdaşlıq modeli" kimi təqdim olunan model göstərir ki, eyni coğrafi məkanda yerləşən, ortaq təhlükəsizlik maraqları olan ölkələr hərbi blok yaratmadan da effektiv əməkdaşlıq edə bilərlər.

Eyni zamanda ASEAN ölkələrinin müdafiə nazirləri səviyyəsində əməkdaşlıq mexanizmi göstərir ki, təhlükəsizlik sahəsində koordinasiya mütləq hərbi blok yaratmaq anlamına gəlmir.

ADMM, ASEAN Defence Ministers' Meeting - Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin müdafiə nazirlərinin rəsmi əməkdaşlıq platformasıdır. 2006-cı ildə yaradılan ADMM-də ASEAN-ın 10 dövləti - İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin, Bruney, Vyetnam, Laos, Kamboca, Myanma təmsil olunur. Əsas məqsədi regionda etimadın möhkəmləndirilməsi, təhlükəsizlik dialoqunun inkişafı, qeyri-ənənəvi təhlükələrə qarşı birgə yanaşma, müdafiə sahəsində şəffaflıq və koordinasiyanın təminidr. ADMM hərbi ittifaq deyil, NATO tipli kollektiv müdafiə mexanizmi yaratmır.

Hətta 2010-cu ildə ADMM-in genişləndirilmiş formatı - ADMM-Plus təsis edildi. ASEAN ölkələri ilə yanaşı, ABŞ, Çin, Rusiya, Yaponiya, Cənubi Koreya, Hindistan, Avstraliya, Yeni Zelandiya burada təmsil olunur. Məqsəd ASEAN ilə böyük güclər arasında təhlükəsizlik dialoqu, regionda balanslaşdırılmış və inklüziv təhlükəsizlik mühiti yaratmaq, qarşıdurmanın qarşısının alınmasıdır.

Prezident İlham Əliyev türk dövlətləri arasında hərbi əməkdaşlıqdan danışarkən heç də hərbi blok və ya ittifaq yaradılması niyyətində olmadığımızı açıq şəkildə ifadə etdi. Buna baxmayaraq, bəzi dairələr bu təşəbbüsü bilərəkdən təhrif edərək onu təhdid kimi təqdim etməyə, hələ formalaşma mərhələsində olan əməkdaşlığa kölgə salmağa və təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Bir daha vurğulamaq lazımdır ki, türk dövlətləri arasında irəli sürülən hərbi əməkdaşlıq təşəbbüsü hər hansı dövlətə və dövlətlər birliyinə qarşı yönəlməyib və bu, klassik anlamda hərbi ittifaqın yaradılması kimi qiymətləndirilməməlidir.

 

Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə İraq arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub  

13:35
14 Yanvar

Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib  

12:36
14 Yanvar

“Köndələnçay” su anbarları vasitəsilə 6 min hektardan çox əkin sahəsinin suvarılması mümkündür 

12:23
14 Yanvar

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulu yanvarın 29-da başa çatacaq

12:19
14 Yanvar

Neftin qiymətinin üzərinə qoyulan “geosiyasi bonus”  

12:07
14 Yanvar

Pekin ABŞ-la ticarət dövriyyəsinin azalmasının miqyasını qiymətləndirib  

12:01
14 Yanvar

Hava şəraiti ilə əlaqədar region yollarında görülən işlər açıqlanıb  

11:59
14 Yanvar

Ötən il əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib  

11:57
14 Yanvar

Venesuela xam neft ixracını bərpa edir  

11:54
14 Yanvar

Aşağı Oratağda bir ailənin qürur dolu qayıdışı: “İlk qonağımız Prezident oldu” 

11:43
14 Yanvar

Pakistanda keçirilən əməliyyat zamanı dörd terrorçu məhv edilib  

11:36
14 Yanvar

Yevlaxda hərbi xidmətə yolasalma mərasimi keçirilib  

11:36
14 Yanvar

Ötən gün qanunsuz saxlanılan silah-sursatla bağlı 35 fakt müəyyən edilib  

11:26
14 Yanvar

Nazir: İşğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərdən 7800-dən çox şəxsin məşğulluğu təmin olunub  

11:25
14 Yanvar

Ahıl və tənha vətəndaşlar dələduzluğun hədəfində - DİN çağırış edir  

11:24
14 Yanvar

Gümüşün qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb

11:23
14 Yanvar

2025-ci il qlobal miqyasda rekord səviyyədə üçüncü ən isti il olub  

11:13
14 Yanvar

ANAMA ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq təşəbbüsləri müzakirə edilib

11:09
14 Yanvar

“Bənəniyar” su anbarını qidalandıran kanal yenidən qurulur

11:03
14 Yanvar

Ağdərənin Çıldıran kəndində 13 ailə məskunlaşıb, bu il daha 30 evin bərpası planlaşdırılır  

10:57
14 Yanvar

Dağlıq və dağətəyi rayonlarda qar yağır - FAKTİKİ HAVA  

10:51
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!