Prezident İlham Əliyevin elmə əsaslanan inkişaf strategiyası və yeni dövlət idarəçiliyi texnologiyaları
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi hakimiyyətə gəlişinin 20 illiyi qeyd edilib. 14 oktyabr 2023-cü ildə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin iştirakı ilə bu tarixə həsr olunmuş "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" adlı konfrans keçirilib.
Konfransda çıxış edən Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev qeyd edib ki, Prezident İlham Əliyevin dövlət başçısı postunda 20 illik fəaliyyətinin təhlili onu göstərir ki, o, həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini əldə edib, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Baş nazir Əli Əsədov çıxışında bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpası olduğunu vurğulayıb: "Möhtəşəm prezidentlik dövrünün zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır".
Konfransda çıxış edən nazirlər, dövlət və siyasi xadimlər Azərbaycan Respublikasının son 20 ildə iqtisadi, sosial, humanitar, siyasi, təhlükəsizlik, diplomatiya sahələrində qazandığı tarixi nailiyyətləri konkret rəqəm və faktlarla diqqətə çatdırıblar. Xüsusi vurğulanıb ki, bütün bu uğurların qazanılmasında Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlət idarəçilik sistemi və Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi islahatlar və uğurlu kadr siyasəti durur.
Qeyd etmək lazımdır ki, dövlətin iqtisadi, sosial inkişafı, ölkənin ərazi bütövlüyünün bərpasının və suverenliyinin təmin edilməsi sahəsində qazanılan nailiyyətlər ilk növbədə Prezident İlham Əliyevinin unikal qabaqlayıcı proqnozlaşdırma qabiliyyətindən və dövlət idarəçiliyinə elmi yanaşmasından irəli gəlir. Prezident İlham Əliyevin dövlət idarəçiliyinə gətirdiyi yeni elmi nəzəriyyə və texnologiyalar dünyada ilk dəfə Azərbaycan Respublikasında tətbiq edilmişdir. Dövlət idarəçiliyində bu yeni nəzəriyyə və innovativ texnologiyaların yüksək səmərəliliyi BMT, Dünya Bankı, Davos Dünya İqtisadi Forumu, digər beynəlxalq inkişaf təşkilatlarının hesabatlarında öz əksini tapıb. Dövlət idarəçiliyində istifadə edilən texnologiyaların dünyada və Azərbaycan Respublikasında müqayisəli təhlili bunun bariz nümayişidir.
Şəkil 1. Dövlət idarəçilik texnologiyalarının təkamülü: dünya və Azərbaycan Respublikası
Şəkil 1-də dünyada və Azərbaycan Respublikasında mövcud olan dövlət idarəçiliyində tətbiq edilən texnologiyaların tarixi təkamülü əksini tapıb. Tarixən ölkələrin iqtisadi, sosial inkişafı, hərbi və ekoloji təhlükəsizliyi, bu sahələrin müasirləşdirilməsi proseslərinin planlaşdırılması və idarəedilməsi dövlət qurumları tərəfindən həyata keçirilir. Bazar iqtisadiyyatının inkişafı prosesində cəmiyyətdə özəl sektorun artan rolu iqtisadiyyat və sosial sahələrdə yeni bir vəziyyət yaradıb. Bunun nəticəsi kimi XX əsrin son onilliklərində dünya ölkələrinin sosial-iqtisadi proseslərinin idarə edilməsində dövlət-özəl tərəfdaşlığı üstünlük qazanmağa başladı. Azərbaycan Respublikasında bununla bağlı qanunvericilik bazası formalaşdırılmış və müvafiq qanun qəbul olunmuş, 2022-ci ildə qanuna dəyişikliklər edilmişdir.
Ekoloji, sosial və xüsusilə iqlim dəyişiklikləri problemlərinin XXI əsrdə daha da aktuallaşması dövlət idarəçiliyində təkmilləşdirməni zəruri edib. Bu proses BMT tərəfindən 2015-ci ildə keçirilən 70-ci Yubiley Sessiyasında inkişafın davamlılığı dünya prioriteti kimi təsdiqləndikdən sonra xüsusilə aktuallaşıb. Bu səbəbdən hazırda dünyada dövlət idarəçiliyində dövlət-özəl əməkdaşlığı və korporativ idarəetmə prinsiplərini özündə birləşdirən "ESG transformasiya" ən müasir istiqamət hesab edilir və iqtisadi imkanları, intellektual potensialı olan ölkələr bu mərhələyə qədəm qoyublar. Azərbaycan Respublikası bu istiqamətdə də bir addım irəlidədir və ölkədə dövlət idarəçiliyində hazırda "Sinergetik transformasiya" mərhələsi həyata keçirilir. Nəticə etibarilə ölkədə dövlət-özəl və korporativ tərəfdaşlıqla yanaşı, dövlət idarəçiliyinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlbinin də müsbət örnəkləri müşahidə edilməkdədir. Qeyd edilən prosesə erkən başlanılsa da, hüquqi baxımdan 2017-ci ildə qüvvəyə minmişdir. Həmin il fevralın 21-də Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi fəaliyyətə başlayıb. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti olmaqla yanaşı, dövlət idarəçiliyində vətəndaş cəmiyyətinin yeni səviyyədə iştirakını təmin etmişdir. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti dövlət idarəçiliyi səmərəliliyinin artırılmasının vacib amilinə çevrilmişdir. Bu, xüsusilə mədəniyyət, təhsil, sağlamlıq sahəsində uğurlu beynəlxalq və milli layihələrin, sosial proqramların həyata keçirilməsində öz əksini tapıb. Prezident İlham Əliyevin 2 fevral 2021-ci ildə imzaladığı sərəncamla ölkənin 2030-cu ilə qədər müəyyənləşdirilmiş prioritetlərinin həyata keçirilməsində də sinergetik texnologiyaların və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rolu var.
Lakin Prezident İlham Əliyevin dünya üçün təklif etdiyi innovativ inkişaf yolu cəmiyyətdə geniş tərəfdaşlığı nəzərdə tutan sinergetik texnologiyalar ilə məhdudlaşmır. Ölkə başçısı tərəfindən dünyada ilk dəfə təklif edilmiş bu sinergetik texnologiyalar eyni zamanda iqtisadi, sosial, ekoloji, diplomatik, informasiya, humanitar və sair tədbirlərin vahid siyasət çərçivəsində həyata keçirilməsini də nəzərdə tutur. Uğurlu diplomatiya və bilgiləndirmə sahəsində yorulmaz fəaliyyət Prezident İlham Əliyevin dövlət idarəçiliyində ilk dəfə tətbiq etdiyi sinergetik texnologiyaların vacib istiqamətləridir.
Prezident İlham Əliyevin inkişaf strategiyasının son 20 ildə qazanılmış nəticələri sadə tənliklər vasitəsilə nümayiş etdirilə bilər. Bu tənliklərin tərtibi ideyası ilk dəfə Ağalı məktəbinin şagirdləri ilə keçdiyim dərs vaxtı yaranıb. O zaman tənliklər aşağıdakı kimi təqdim olunmuşdu:
44 gün + x = Qarabağ Azərbaycandır
212 gün + x = Füzuli aeroportu istismara verildi
424 gün + x = Ağalı "ağıllı" kəndində yaşayış var
515 gün + x = Zəngilan aeroportu istismara verildi
83-cü iqtisadi imkan (dünyada) + x = İnklüziv inkişafda 25-ci yer (dünyada)
23 saat 51 dəqiqə + x = Azərbaycanın tam suverenliyi bərpa edildi
İyirmi illik fəaliyyətin nəticələri olan bu fantastik tənlikləri sonsuzluğa kimi uzatmaq mümkündür. Ağalı məktəbinin şağirdləri bu tənlikləri çox tez həll etdilər və "x" nə olduğunu dərhal müəyyənləşdirdilər. Onlar dedilər ki, "x" Prezident İlham Əliyevin uğurlu fəaliyyətidir. Tənliklərdə göstərilən hadisələr son dönəmdə baş versə də, onlara hazırlıq 20 il davam edib və dərin düşünülmüş ardıcıl fəaliyyətin nəticəsidir. Bu uğurun əsasında dəqiq proqnozların verilməsi, məqsədlərin dəqiq hədəflənməsi və icranın optimal idarə edilməsi durur.
Prezident İlham Əliyevin uzaqgörənliyinin daha bir misalı. Məlumdur ki, yaşıl energetika yaxın illərin milli və qlobal prioritetidir və bu sahədə böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Elə bir təsəvvür yarana bilər ki, Azərbaycanda bu fikir hazırda və ya son illərdə formalaşmışdır. Lakin təhlillər göstərir ki, ölkə Prezidenti İlham Əliyev bu istiqamətin inkişafını daha öncə planlaşdırıb. Nazirlər Kabinetinin 9 yanvar 2014-cü ildə keçirilən hesabat iclasında o, demişdi: "Günəş, külək enerji növlərinin inkişafı ilə bağlı işlər daha da sürətlə getməlidir. Bu imkanlardan istifadə etməmək, əlbəttə ki, böyük səhv olardı". Bu misal bir daha göstərir ki, Prezident İlham Əliyevin gələcəyi görmək və inkişafın perspektivlərini düzgün müəyyənləşdirmək qabiliyyəti ölkənin son 20 ildə qazandığı parlaq uğurların vacib şərtidir.
Hədəfləri düzgün müəyyənləşdirmək uğurlu inkişafın vacib şərtidir. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncama görə, 2030-cu il üçün hədəflənmiş prioritetlər inkişafın davamlılığına və inklüziv cəmiyyətin formalaşmasına, eyni zamanda bu proseslərin işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış çərçivəsində reallaşdırılmasına hesablanıb. Davamlı inkişaf edən inklüziv cəmiyyətin formalaşması dünyanın ən müasir prioritetidir. Bunu dünyada ölkələrin inkişaf səviyyəsinin tarixən hansı meyarlar əsasında müəyyənləşdirilməsi də sübut edir.
Şəkil 2-dən göründüyü kimi, insan cəmiyyətinin formalaşmasının ilk mərhələlərindən başlayaraq XX əsrin son onilliyinə qədər ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlar əsasında müəyyən edilirdi. Son zamanlar bu göstərici hər nəfərə düşən orta gəlirlə əvəzlənib. 1990-cı ildə ölkələrin inkişafını dəyərləndirən yeni bir göstərici beynəlxalq statistikaya daxil edildi. Bu, insan inkişafı indeksi idi və dövlətlərin inkişaf səviyyəsini bu üsul ilə müəyyənləşdirərkən ölkənin iqtisadi imkanı ilə yanaşı, əhalinin sağlamlığı, təhsil və bilikləri nəzərə alınırdı. 2015-ci ildə ölkələrin inkişafı artıq 6 göstərici əsasında müəyyən edilməyə başladı və dünya statistikasına dayanıqlı (davamlı) inkişaf indeksi kimi daxil edildi.

Şəkil 2. Azərbaycan Respublikasında inkişaf səviyyəsinin qiymətləndirilməsində tətbiq edilən göstəricilərin təkamülü
2018-ci ildə isə ölkələrin inkişafını dəyərləndirmək üçün inklüziv inkişaf indeksi təklif edildi. Bu göstərici ölkənin hazırkı və gələcək nəsillərinin hərtərəfli və əhatəli inkişafına nə dərəcədə hazır olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin ölkədə, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə davamlı inkişaf edən inklüziv cəmiyyətin formalaşmasını milli prioritet kimi müəyyənləşdirməsi uzaqgörənliyin və perspektivlərin düzgün hədəflənməsinin bariz təzahürüdür. Son 20 ildə Azərbaycan Respublikası inklüziv inkişafın səmərəli idarəedilməsi sahəsində dünya liderinə çevrilmişdir. Dünya Bankının və Davos Dünya İqtisadi Forumunun dərc etdiyi rəsmi hesabatlara əsasən, Azərbaycan Respublikasının İnklüziv İnkişaf İndeksi 4,69-a bərabərdir və bu göstərici ilə ölkəmiz dünyada 25-ci yerdədir (Şəkil 3).

Şəkil 3. Dünya ölkələrinin inklüziv inkişaf indeksi və dünyada tutduğu yer
Nəzərə alınmalıdır ki, iqtisadi imkanlarına görə ölkəmiz dünyada 83-cü yerdədir. Bu o deməkdir ki, ölkəmizdə unikal dövlət idarəçilik texnologiyaları tətbiq edilir. Qeyd edilməlidir ki, adətən iqtisadi imkanlarla inklüziv inkişaf sahəsində dünya ölkələrinin reytinqi ya üst-üstə düşür və ya çox yaxın olur. Məsələn, Fransa iqtisadi imkanlarına görə (hər nəfərə düşən ÜDM-nin dəyəri) dünyada 19-cu, inklüziv inkişaf göstəricisinə görə 18-ci yerdədir, yəni öz iqtisadi imkanlarından bir pillə irəlidədir. Azərbaycan isə bu göstəriciyə görə öz imkanından 53 pillə irəlidədir və bu, dünyada ən yüksək nəticədir. Dünyada bu sahədə ikinci nəticə Çex Respublikasına məxsusdur ki, bu, ölkənin inklüziv inkişaf sahəsində qazandığı nəticə imkanından 13 pillə yüksəkdir.
Nisbətən məhdud imkanlarla yüksək nəticənin qazanılması yalnız uğurlu idarəetmənin nəticəsi ola bilər. Azərbaycan Respublikasında Prezident İlham Əliyevin son iyirmi ildə reallaşdırdığı uğurlu siyasət bu nailiyyətlərin qazanılmasını təmin etmişdir. Bu siyasətin vacib hissəsi dünyada ilk dəfə dövlət idarəçiliyinə 4: sinergetik, komplementar (uyğunlaşdırma), kompensasion, komplimentar (imtiyazların nəzərdə tutulması) prinsiplərinə əsaslanan yeni texnologiyaların gətirilməsidir. Bu səbəbdən 20 illik fəaliyyəti dövründə Prezident İlham Əliyev həm dövlət idarəçiliyi nəzəriyyəsini, həm də praktikasını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir.
Şəkil 4. Azərbaycan Respublikasının uğurlu sosial siyasətinin beynəlxalq təsdiqi
İnklüziv inkişaf üçün xüsusi əhəmiyyət daşıyan sosial siyasət Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyasının vacib komponentidir. Bu sahədə ölkə çox yüksək nəticələr əldə edib və bu nailiyyətlər öz əksini beynəlxalq təşkilatların sənədlərində tapıb. Bu sənədlər arasında Davos Dünya İqtisadi Forumunun təsisçisi və əvəzsiz prezidenti professor Klaus Şvabın hesabatı xüsusi yer tutur. Professor K.Şvab dünya ölkələrinin iqtisadi imkanları və bu imkanların hansı dərəcədə ədalətli bölünməsinə dair xüsusi tədqiqatlar aparmışdır. Tədqiqat nəticəsində həcmi 600 səhifədən çox olan hesabat dərc edilib. Təhlil olunan 146 ölkə arasında hesabatda 7 ölkəyə xüsusi yer ayrılıb (Şəkil 4). Onların arasında iqtisadi baxımdan yüksək inkişaf etmiş ABŞ, Almaniya və Danimarka yer alıb ki, həmin ölkələrin gəlirləri yüksək, sosial siyasəti isə bu imkanlara cavab vermir. Göstərilən tendensiyalar eyni dərəcədə G20 qrupuna daxil olan Braziliya və Cənubi Afrikaya aiddir. Professor Şvabın gəldiyi qənaət birmənalıdır: iqtisadi şərait, o cümlədən yüksək rəqabət qabiliyyəti inklüziv inkişaf baxımından zəruri olsa da, yetərli şərt hesab edilə bilməz. Alimin araşdırmasının nəticələri, o cümlədən Azərbaycanda durumun təhlili deməyə əsas verir ki, inklüziv inkişafın yüksək səviyyəsinin təmin edilməsi üçün əhalinin rifah halının yüksəldilməsinə yönəlik daim və müntəzəm reallaşdırılan sosial siyasət zəruri şərtdir. Professor Klaus Şvabın təhlilləri Azərbaycanın adları çəkilən ölkələrlə müqayisədə sosial sahənin planlaşdırılması və idarə edilməsinə yönəlik daha səmərəli siyasət gerçəkləşdirməsindən də xəbər verir. Azərbaycanın rəqabət qabiliyyəti indeksi "Böyük iyirmilik" (G20) üzvü olan Braziliya və Cənubi Afrika Respublikası kimi ölkələrin göstəriciləri ilə eyni olsa da, sosial göstəriciləri beynəlxalq qurumların rəsmi hesabatlarına görə, göstərilən ölkələrinkindən əhəmiyyətli dərəcədə yüksəkdir. Gini indekslərinin təhlili deməyə əsas verir ki, Azərbaycanda sosial siyasət və əhali arasında gəlirlərin bölgüsü xarakteri ABŞ, Yaponiya, Fransa, İtaliya, Kanada və dünyanın digər lider dövlətləri və "böyük yeddilik" (G7) ölkələrindəkindən daha səmərəlidir. Azərbaycanın innovativ təcrübəsinin Dünya İqtisadi Forumunun hesabatında xüsusi təhlil predmetinə çevrilməsi onun qlobal əhəmiyyətindən xəbər verir.
Beləliklə, təhlillər göstərir ki, dövlətin inkişafı və dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyev tərəfindən hazırlanmış və tətbiq olunan yeni texnologiyalar, Birinci vitse-prezident institutunun formalaşdırılması və səmərəli fəaliyyəti də daxil olmaqla reallaşdırılan struktur dəyişiklikləri, dövlət idarəçiliyinə elmi və innovativ yanaşma Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar inkişafın müasir və prioritet sahələrində dünya liderləri sırasında yer almasına şərait yaradıb. Bu isə öz növbəsində əminliklə deməyə əsas verir ki, biz gələcək nəsillərə güclü və daim inkişafda olan, öz oyun qaydalarını diktə edən Qüdrətli bir Azərbaycan dövləti təhvil verəcəyik.
Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik