2025-ci ildə Naxçıvanda kənd təsərrüfatı məhsulları üzrə ÜDM-in həcmi 217 milyon manat olub ki, bu da muxtar respublika üzrə ÜDM-in 12,7 faizini təşkil edib. İstehsal edilən kənd təsərrüfatı məhsullarının strukturuna baxdıqda görmək olar ki, bitkiçilik 55,5 faiz, heyvandarlıq 44,5 faiz təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şərurda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair regional müşavirədə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir qeyd edib ki, 2025-ci ildə Naxçıvanda birillik bitkilərin əkin sahələri və çoxillik əkmələrin ümumi sahəsi təxminən 43 min hektar olub. Bu sahələrin 84,9 faizini birillik bitkilərin əkin sahələri, 13,2 faizini meyvə və giləmeyvə bağları, 1,8 faizini üzüm bağları və 0.1 faizini çəkillik sahələri təşkil edib. Birillik bitkilərin əkin sahəsi 36,5 min hektar olub və ölkə üzrə müvafiq sahələrin 2,3 faizini təşkil edib. Bu sahələrin 50,8 faizi dənli və dənli paxlalı bitkilərin, 41,1 faizi yem bitkilərinin, 4,8 faizi tərəvəzin, 1 faizi bostan bitkilərinin, qalan 2,3 faizi isə digər bitkilərin payına düşüb.
"Dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 18,6 min hektar təşkil edib. Bu sahənin 50,1 faizi arpa — 9,3 min hektar, 44,6 faizi buğda — 8,3 min hektar, 4,5 faizi dən üçün qarğıdalı — 834,3 hektar, 0,8 faizi isə digər dənli və dənli paxlalı bitkilərin payına düşüb. Muxtar respublikada dənli və dənli paxlalı bitkilərin əkin sahəsi ölkə üzrə müvafiq əkin sahələrinin 1,9 faizini təşkil edib", -deyə Məcnun Məmmədov əlavə edib.