Muxtar respublikada 2025-ci ildə meyvə və giləmeyvə bağlarının sahəsi 5,7 min hektar olub. Bu, ölkə üzrə meyvə və giləmeyvə bağlarının ümumi sahəsinin 2,4 faizinə bərabərdir. 44,6 min ton dənli və dənli paxlalı bitki məhsulu istehsal edilib. Bunun 43,7 faizini arpa — 19,5 min ton, 40,7 faizini buğda — 18,1 min ton, 14,9 faizini dən üçün qarğıdalı — 6,7 min ton, 0,7 faizini isə digər dənli və dənli paxlalı məhsullar təşkil edib. Muxtar respublikanın taxıl istehsalında ölkə üzrə payı 1,3 faiz olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şərurda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair regional müşavirədə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir qeyd edib ki, eyni dövrdə 32,3 min ton meyvə və giləmeyvə, 21,1 min ton kartof və 27,1 min ton tərəvəz istehsal olunub. Bu göstəricilər ölkə üzrə müvafiq istehsalın meyvə və giləmeyvə üzrə 2,3 faizini, kartof üzrə 2,3 faizini, tərəvəz üzrə isə 1,5 faizini təşkil edib.
“2026-cı il yanvarın 1-i vəziyyətinə muxtar respublikada 56,6 min baş iribuynuzlu mal-qara və 353,3 min baş qoyun-keçi olub. Onların ölkə üzrə müvafiq göstəricilərdə payı 2,3 faiz və 5,2 faiz təşkil edib. 2025-ci ildə muxtar respublikada 21,2 min ton diri çəkidə ət və 60,7 min ton süd istehsal olunub. Ət istehsalı üzrə muxtar respublikanın ölkə üzrə payı 3,2 faiz, süd istehsalı üzrə payı isə 2,6 faiz olub"- deyə Məcnun Məmmədov əlavə edib.